“Kredit borcuna görə intihar ciddi siqnaldır”

“Kredit borcuna görə intihar ciddi siqnaldır”
Ekspertlər bildirirlər ki, hökumət bu barədə ciddi düşünməlidir. Getdikcə kredit qurbanları arta bilər...
"Bərdə rayonunda kredit borcuna görə baş vermiş intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır”. İqtisadçı ekspert Samir Əliyev ölkədə vətəndaşların kredit borcunun kritikliyinə diqqət çəkərək bu barədə bildirib. Onun sözlərinə görə, bu, ilk belə hal deyil və təəssüf ki, sonuncu da olmayacaq.
"İntihara gətirib çıxaran çox amilləri sadalamaq olar: kredit faizlərinin yüksək olması, müştərinin aldadılması, onun həbslə qorxudulması və sair. Hətta müştərinin məsuliyyətsizliyinin nəticəsi kimi də qiymətləndirmək olar. Ancaq motiv aydındır - kredit borcunu qaytarmaq mümkünsüz olub və çıxış yolunu intiharda görüb. İntihar edəni qınayanlar da olacaq, onun halına acıyanlar da”,- deyə o, qeyd edib.
S.Əliyevin sözlərinə görə, bu hadisədə konkret bankı qatil qismində görənlər də az olmayacaq: "Təəssüf ki, insanlar istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər. Araşdırsaq, məlum olar ki, həmin kredit ya müalicə, ya işə qəbul, ya da kimisə polisdən xilas etmək üçün alınıb. Əminəm ki, həmin pul heç də maşın və ya soyuducu almaq üçün götürülülməyib. Əlimyandıda götürülmüş kreditin nə faizinə diqqət yetirilir, nə də şərtlərinə. Hər ikisi ödəniş zamanı yada düşür. Onda da fakt qarşısında qalırlar”.
S.Əliyev qeyd edib ki, bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib: "Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür, Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var. Hökumət bu barədə ciddi düşünməlidir. Getdikcə kredit qurbanları arta bilər”.
Hüquqşünas Əkrəm Həsənov isə vəfat etmiş şəxsin kreditinin kim tərəfindən ödənilməli olduğuna diqqət çəkib: "Kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir. Halbuki, hər kəs özünə cavabdehdir. Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Heç nədən və heç kəsdən qorxmasın, onu narahat edənləri isə qovsun, polisə müraciət etsin və sair. Təbii, vəfat etmiş borclunun da krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla”. musavat.com


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az