“Lavrov Azərbaycanın daxili işlərinə qarışır və hörmətsizlik edir”

“Lavrov Azərbaycanın daxili işlərinə qarışır və hörmətsizlik edir”

Deputat Elman Məmmədov: "Bu məsələ Azərbaycanın sırf daxili işidir”

"Sergey Lavrov bu bəyanatla Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycana hörmətsizlik edir”, - əslən Qarabağdan olan deputat Elman Məmmədovun reaksiyasıdır:

"Bu məsələ Azərbaycanın sırf daxili işidir, çünki ərazi Azərbaycan ərazisidir. Lavrov ona görə belə inamla danışır ki, son 250-300 ildə onun təmsil etdiyi ölkə, əvvəlcə çar Rusiyası, sonra sovet imperiyası, bu gün də Rusiya Federasiyası Azərbaycanın tarixi torpaqlarını hissə-hissə ona-buna bağışlayıb. XX əsrin sonlarında başlayan işğal da sovet hökumətinin köməyi və xeyir-duasıyla, silahıyla, əsgəriylə həyata keçirilib. Lavrov demək istəyir ki, bu münaqişəni biz yaratmışıq, bunun açarı da, həlli də bizim əlimizdədir”.

Ancaq deputat əmindir ki, Azərbaycan işğaldakı torpaqlarını azad edəcək.

Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında deyib: "Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovsa cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının (TŞ-nin) qətnamələridir. "Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib. Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az