Dünya belə dünyadı

Dünya belə dünyadı

Birinə sevinc qıyan, birinə kədər qıyan,
 Fani dünya deyilmi sənə, mənə fərq qoyan,
Nə söyləsəm, azdır, az, qatil, rəzil, cibsoyan,
 Dünya belə dünyadır, dünya belə dünyadır.
Nə biləydik bu dünya cəhənnəmdə yerləşir,
Mərdlərinə tor qurub namərdlərlə birləşir,
İblislərə qoşulub bir azca da kürləşir,
Dünya belə dünyadır, dünya belə dünyadır.
Çiçəyimiz, gülümüz açılmadan saralar,
Harda bir fağır görər, ürəyini yaralar,
Bu dünyada günümüz qaraldıqca, qaralar,
Dünya belə dünyadır, dünya belə dünyadır.
Sevgiləri tuş gəlir nifrətinə dünyanın,
Şeytanları öyrəşib lənətinə dünyanın,
Dözmək olmur, ay Allah, dəhşətinə dünyanın,
Dünya belə dünyadır, dünya belə dünyadır.
Göz yaşı tökdürənlər kef üstündən kef çəkir,
Borcumuzu ödəmir çəkdiyimiz yüz fikir,
Yediyimiz zəqqutun zəhər qatıb, dərd əkir,
Dünya belə dünyadır, dünya belə dünyadır.
Hər ağrıya, acıya canımız ortaq oldu,
Dünya şahmat, uduzduq, insan oyuncaq oldu,
Əcəl gəldi, biz getdik, qalan bu torpaq oldu,
Dünya belə dünyadır, dünya belə dünyadır.
Dostlarımız gen gəzib bizə çevirdi arxa,
Yaşadıqca mat qaldıq tərs fırlanan bu çarxa,
Ülkəri İsa kimi zaman çəkdi çarmıxa,
Dünya belə dünyadır, dünya belə dünyadır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az