Parlamentdə olub da səsi eşidilməyən deputatlardan biri də Nəriman Əliyevdir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi cənub bölgəsində daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar.
VİZUAL.az vertikal.az-a istinadla xəbər verir ki, onun Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu iddia olunur. Ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə daşınır. Vaxtilə bu biznesdə N.Əliyev İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə N.Əliyev həbs edilir. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska MTN-nin təcridxanasına gətirilir.
Bəs bu həbsin səbəbi nə imiş? Niyə biznesi gündən-günə çiçəklənən Nəriman Əliyev bir də gözünü MTN-nin "podval”ında açır? O, niyə iranlı biznesmen ortağı ilə birlikdə Eldar Mahmudovun çetesinin diqqətini cəlb edib? Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu narkotiki düyü kisələrinin içinə Nəriman Əliyevlə ortağı qoyub, yoxsa onları ilişdirmək üçün onlara belə bir quyu qazılıb – bu haqda dəqiq bir şey yazmaq imkanımız yoxdur. Çünki ətraflı bilgiyə sahib deyilik.
Əldə etdiyimiz məlumata görə, N.Əliyevin ortağı "mahmudov”çuların işgəncə dəzgahından keçirilib. Külli miqdarda pul müqabilində N.Əliyevin ortağı azad olunub və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişib. Şəriksiz qalan N.Əliyev bir müddət biznesindən də əlini üzüb. Deyilənə görə, sonradan Eldar Mahmudovun qəbuluna çağırılan N.Əliyevə təklif olunub ki, həmin qaydada işini davam etdirsin. Orada biznesinin N.Əliyevə külli miqdarda pullar qazandırdığını söyləməklə ölkəyə gətirilən mallarının yoxlanmayacağını da deyiblər. Beləcə, şəriki müəmmalı şəkildə ölən N.Əliyev Eldar Mahmudovun adamına çevrilib. Sonradan onun köməyi ilə N.Əliyev mandat da qazana bilib. Ötən 5 il ərzində E.Mahmudova yaxınlığı ilə seçilən bu deputatın parlamentdən səsini eşidən olmayıb. Onun E.Mahmudova yaxın digər deputatlar kimi hazırkı parlamentə düşməyəcəyi haqda məlumatlar olsa da, sonradan sıradan çıxarılan "mahmudov”çuların arasında adına rast gəlinmədi. Bunun səbəbləri haqda da bəzi məlumatlar var. Fakt budur ki, N.Əliyevin E.Mahmudovla ciddi əlaqələri olub. Bunu iqtidar düşərgəsində bilməyən yoxdur.
E.Mahmudovun Bakıdakı bir çox daşınmaz əmlaklarını N.Əliyevin şirkəti tikib. Ötən 5 ildə susan deputatın qarşıdakı 5 ildə danışacağına da ümid yoxdur. N.Əliyevin başı çox ciddi biznes fəaliyyətinə qarışıb.