"Məmurların bahalı maşın kolleksiyaları..." - Açıqlama

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzindəki korrupsiya əməliyyatından sonra bu gün "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri də rüşvət aldıqlarına görə cinayət məsuliyyətinə cəlb ediliblər.



Bakupost.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə korrupsiya əməliyyatlarının davamlı olaraq aparılmasına ehtiyac olduğunu bildirib:

"Bu barədə çıxışlarımda dəfələrlə demişəm. İndiki bəzi məmurlar rüşvətə o qədər öyrəşiblər ki, axşam evə gedəndə rüşvət aparmasalar, ailələri onları evə buraxmır. Bu məsələ ilə bağlı Cənab Prezident dəfələrlə ciddi tapşırıqlar verib. Bu gün bir çox məmurlar həsbdədir. Amma bunların mayası rüşvətlə yoğrulub. Onlar bu əməlləriylə istər daxildə, istərsə də xaricdə ölkəni biabır edir, xalqı dövlətdən narazı salırlar. Düşünürəm ki, korrupsiyayla bağlı mübarizə bundan sonra da davam etməlidir. Bu gün səhiyyə və məhkəmə sahəsində ciddi qanun pozuntuları var. Bir sözlə, bütün sahələrdə böyük korrupsiya əməlləri var. Məmurların etdiyi bu əməllər dövlət üçün baş qaxıncıdır. Bu gün görün neçə nəfər keçmiş icra başçısı həbsdədir. Korrupsiyayla bağlı əməliyyatlar davam etsə, bəlkə Azərbaycanda bunun kökünü kəsə bilərik. Həm də media və ictimaiyyət nümayəndələri bu məsələdə dövlətə və dövlət başçısına kömək etməlidir”.

H.Hacıyev məmurların bahalı maşın kolleksiyasının olduğunu bildirib:

"Bu məmurların yarım milyon qiyməti olan avtomobil kolleksiyaları var. Sual yaranır ki, onlar bu bahalı maşınları hansı pulla alırlar? Harınlamış bir təbəqə var və onlar bu əməlləriylə xalqda qıcıq yaradırlar. Çox sağ olsun ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi işlər görürlər”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az