
Fazil Mustafanın sözlərinə görə, belə məmurlara qarşı mübarizə davam etdirilməsə, ciddi problemlər yaşanacaq.
"Standartlar dəyişməlidir. Ölkənin inkişafını istəyiriksə, ayrı-ayrı şəxslərin imtiyazları barədə düşünməliyik. Hamının hüquq qarşısında bərabər olduğu bir sistemə qayıtmalıyıq. Əks halda inkişafımızla bağlı ciddi problemlər yaşamağımız qaçılmazdır. Bütövlükdə inhisarçlıq inikişafın qarşısını alan əsas məsələlərdəndir, biz mövqeyimizi hər zaman açıq şəkildə bildiririk”, - deyə deputat ölkədə monopoliya və inhisarçılığa qarşı ciddi tədbirlərin görülməsi barədə çağırış edib.
Qeyd edək ki, Azərbaycanda monopoliyanın davam etməsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Xüsusilə bəzi məmurların monopoliyaya "yaşıl işıq” yandırması, azad rəqabət mühitinin sıradan çıxarılması dəfələrlə müxtəlif səviyyələrdə müzakirə mövzusu olsa da, nədənsə, bu bəladan xilas olmaq mümkünsüz görünür.
İndiyədək dövlət səviyyəsində monopolist məmurlara qarşı bir sıra addımlar atılıb, nəticədə bəziləri vəzifəsini və qurduğu səltənəti itirib. Lakin görünür, dövlətin tərs silləsi bir çox vəzifə sahiblərinə hələ də dərs olmayıb, yenə öz səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni fəaliyyətlə məşğul olurlar.