Mən də sənə bir qonağam, mənim dünyam...

Mən də sənə bir qonağam, mənim dünyam...

İllərdir bir səsin sehrinə düşmüşəm. Həmin səs məni bənzərsizliyi ilə tilsimləyərək öz qoynuna alıb. Hələ orta məktəbdə oxuduğum illərdən məni həm səsi, həm də gözəlliyi ilə özünə bağlamışdı. Oxuduğu “Mənim dünyam” mahnısı ilə qəlb pəncərəmə yuva salmışdı. Sanki həmin dünyada mən özümü tapmışdım. İllər ötdü, mən həmin səsin sahibi ilə görüşdüm. İlk görüşdən qəlbimə köçdü. O vaxtdan 20 il keçib. İllər dəyişsə də, həmin səs sahibi sadəliyi, səmimiliyi ilə həmişəki kimi qalıb. Dəyişməz qalmağının bir sirri var – sənətinə, ailəsinə olan sevgisi, bağlılığı. Söhbət ustad sənətkar Zahidə Məmmədsalahovadan gedir.


Hələ də layiq olduğu fəxri adı almasa da, ruhdan düşmür, yaradıcılığını davam etdirir, el məclislərini bəzəyir. O, illərə güc gəlməyi bacardı. Ustad sənətkarın Vətəninfo.az-a açıqlaması: “Sevinirəm ki, odlar yurdu Azərbaycanın vətəndaşı, sənətkarıyam. Xoşbəxtəm ki, Şövkət Ələkbərova, İslam Rzayev kimi sənətkarların seçimiyəm. Bu gün Azərbaycanda muğamlarımıza, muğam ifaçılarımıza böyük diqqət, qayğı var. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva muğamlarımıza ikinci nəfəs verdi. Muğamlarımızı ölümün pəncəsindən qurtardı. Ən böyük, nüfuzlu muğam müsabiqələri, musiqi festivalları Azərbaycanda keçirilir. Bu, dövlətimizin, dövlət başçımızın uğurudur. Dünya Azərbaycana axışır. Azərbaycan dünyaya səs salır.

Azərbaycan muğamları dünyanın hər bir nöqtəsindən eşidilir. Bizim milli musiqimiz, milli-mənəvi dəyərlərimiz, mədəni irsimiz hər zaman qorunur, saxlanılır, nümunə olaraq dünya dövlətlərinə təqdim edilir. Xoşbəxtəm ki, Azərbaycan musiqisini təbliğ edən, ömrünün 50 ilini bu sənətə həsr edən sənətkar kimi Azərbaycan musiqi tarixində mənim də öz adım var. Həm sənətim, həm ailəm, həm də çiçəklənən Azərbaycan mənə ilham verir. Qarşıda məni sevərləri yaradıcılıq gecəmlə sevindirəcəyəm. Çalışacağam ki, bu günə kimi oxuduğum mahnıların toplumu olaraq bir disk buraxdırım. Həm də əsgərlərlə görüşə gedəcəyəm. Azərbaycan ordusu ilə qürur duyuram. Ali Baş Komandanımın rəhbərliyi altında tezliklə işğal edilən torpaqlarımız azad ediləcək. Mən buna inanıram”.

Biz də inanırıq ki, tezliklə Zahidə xanım bizləri yeni layihələri ilə sevindirəcək, ekran, efirlərimizi bəzəyəcək.

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az