“Mənim İsa və Əli adlı problemim yoxdur”

“Mənim İsa və Əli adlı problemim yoxdur”

İqbal Ağazadə: “Heç kim məni ümummüxalifət məsələsində kənarda saxlaya bilməz”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin “Vətəninfo.az”a Eksklüziv müsahibəsi

- İqbal bəy Milli Məclisdə siyasi partiyaların maliyələşməsi məsələsi ilə bağlı qanun qəbul edildi. Qəbul edilən qanun sizi qane etdimi?

- Qanun normal dövr üçün kifayət qədər sanballı ola və tərəflərin maraqlarını əhatə edə bilərdi. Əgər seçkilər demokratik keçirilsəydi, tərəflər seçkilərin nəticələrini tanımış olsaydı, tərəflərin seçkilərə münasibəti eyni olsaydı. Məsələn, maliyyələşmədə parlamentdən kənarda qalan partiyalar 3 faizlik barajı aşarkən maliyə verilməməsi normal haldı.Avropanın bir çox ölkələrində bu 5 faizlik barajdı. Türkiyədə isə 7 faizdir. Amma seçkinin nəticələrinə münasibət eyni deyil. Əgər siyasi partiya bir institut kimi formalaşmaq niyyəti güdürsə bu qanuna görə, başlanğıcda partiyalara bərabər səviyyədə maliyyə ayrılmalıdır. Seçki yox, seçkilərdə iştirak faktorunun özü əsas götürülməli idi. 17 siyasi partiya son parlament seçkilərində iştirak edib. Biz təklif edirdik ki, maliyyə bunlar arasında bərabər bölünsün və keçid müddəaları hesab olunsun. 2015-ci ildən sonra isə məhz təklif olunan bu qanun qüvvəyə minsin. Çox təssüf ki, bu olmadı və qanun bu şəkildə qəbul edildi. Hər halda yeni qanun layhəsi qəbul olunub. Amma istənilən halda da növbəti mərhələlərdə dəyişikliklər üçün çalışacağıq.

- Təqribən hər ay bu qanundan yararlanacaq partiyalara nə qədər vəsait veriləcək?

- Bu hələlik bəlli deyil. Büdcə dürüstləşəndə müəyyən olunacaq.

- Ümid Partiyası son seçkilərə “Qarabağ” Bloku ilə getmişdi və İqbal Ağazadə bu blokun namizədi olaraq qalib gəldi. Ayrılam maliyyədən blokda təmsil olunan partiyalara köməklik göstərəcəksinizmi?

- Qanun bloklarda iştirak edən partiyalara maliyyənin fərdi qaydada ayrıldığını deyir. Amma biz ADP ilə müttəfiqik və mən parlamentdə özümü Ümid Partiyasının nümayəndəsi kimi yox, “Qarabağ” Blokunun nümayəndəsi kimi hiss edirəm. Hesab edirəm ki, biz ortaq tədbirlərimizi bir yerdə keçirəcəyik və “Qarabağ” Blkoku öz fəaliyyətini davam etdirəcək. Yəqin ki, qanun çərçivəsində təbliğat-təşviqat, marifləndirmə işini birlikdə quracağıq.

- Dediniz ki, dövlət tərəfində ayrılan vəsait siyasi inistitutların formalaşmasına təkan verəcək. Mövcud siyasi partiyalar, xüsusilə də barajı aşan partiyalar bu vəsaitlə irəliyə doğru addım ata biləcəklərmi?

- Təbii ki, təsiri olacaq. İnstitutlaşma üçün maliyyə böyük şərtdi. İnstitutlaşma üçün cəmiyyətdə bu gün ianələrdən, üzvlük haqqlarından olduqca kənarda qalan siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi yeni bir mərhələ açacaq. Hesab edirəm ki, bu, nəticə ehtibarilə az da olsa təsir göstərəcək.

- Parlamentin aprelin 20-də keçirilən iclasında mətbuat nümayəndələri siz və digər müxalif parlamentarilərin Sulutəpədə ARDNŞ-nin əməkdaşları tərəfindən döyülən jurnalist İdrak Abbasovla bağlı fikirlər səsləndirəcəyinizi gözləyirdilər. Amma olmadı və belə bir fikir yarandı ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev parlamentdə təmsil olunduğuna görə, heç bie millət vəkili onunla münasibətlərini korlamaq istəmir. Niyə qaldırılmadı İdrakın məsələsi?

- Mənim parlamentdə olan hər bir deputatla münasibətim var və hər kəsə də xüsusi hörmətlə yanaşıram. Amma kiminsə orda olub-olmaması mənim siyasi mövqeyimə və yaxud da dediyim fikrə təsir etmir. Həmin iclasda daha aktual hesab etdiyim məslə 2 aprel mitinqində həbs olunanların məhkəmə işinin geri qaytarılması idi. Bilirsiniz ki, uzun zamandı həbsdədirlər. Hesab edirəm ki, bu daha vacib idi. Çünki, insanlar bir ildən artıqdır həbsdədirlər və ona görədə onların məhkəmə işi gecikdirilir, ərizələri hansısa yolla geri qaytarılır. Cəza müddətlərinin 3/1-ni həbsdə qalmalarına baxmayaraq məhkəmə işlərinə baxmır. İdrak Abbasovla bağlı da məsələ bizim üçün önəmlidir. Bir jurnalistin döyülməsi sizin jurnalist statusunzdan ola bilsin çox ağrılı qıbul edilir. Biz də bunu ağrılı qəbul edirik. Yəqin ki, qarşıdakı dönəmdə bu məsələlərə qayıdılacaq.

- Prezident qanunsuz tikililərin sənədləşməsi ilə bağlı işlərin tez bir zamanda öz həllini tapması istiqamətində göstərişlərini vermişdi.Siz bunu diqqətə alaraq ARDNŞ-nin başlatdığı prosesi necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, vətəndaş ev tikibsə, onun evi tikilənə qədər dövlətin səlahiyyətli qurumları bununla bağlı hər hansı qərar verməyibsə, ev rəsmiləşdirilməlidir.

- Ötən həftə baş verən hadisələrdən biri 5 müxalif partiyanın bir araya gəlib görüşməsi və bu görüşə sizin dəvət olunmamağınız idi.Təbii ki, məsələyə siz münasibətinizi açıqladınız. Amma yenə də “Ümid”ə qarşı bu qısqanclığın sirri nədir?

- Vallah bu barədə fikir bildirmək çətindir.Çünki qısqanan adamın qısqanclığının səbəblərini onun özündən yaxşı heç kim bilmir. Qısqanclıq bəlkə də insani hissdi, amma normasından bir az artıq olanda da problem yaradır.

- Bilmək olarmı ki, İqbal Ağazadənin Əli Kərimli ilə və İsa Qəmbərlə ulduzu niyə barışmır?

- Valla ulduzlar barışmır ifadəsinə gələndə, bir az mənim dodağım qaçır və təbəssüm yaranır. Mənim ulduzum kimdənsə küsməyib. (Gülür) Nə İsa Qəmbərlə, nə Əli Kərimli ilə nə başqa biri ilə. Onları özümə dost hesab edirəm. Amma hər halda sizin vasitənizlə də bəyan edirəm ki, onlar bizim dostlarımızdır. Əgər onların bir problemi varsa məsələyə onlar aydınlıq gətirməlidirlər. Mənim Azərbaycan siyasətində İsa və yaxud da Əli adlı problemim yoxdu.

- Rauf Arifoğlu ilə gözəl münasibətiniz bəllidi, eyni zamanda İctimai palatada təmsil olun bir çoxu ilə. Amma iş ümummüxalifət məsələsinə gələndə kənarda saxlanılırsınız?

- Heç kim məni ümummüxalifət məsələsində kənarda saxlaya bilməz. Əgər ümummüxalifət adı varsa, “Ümid”siz ümummüxalifət yoxdur. Bunu hər kəs bilir və hər kəs də qəbul edir. Hə, kimsə ayrı-ayrı quruplarda olmağımızı istəməz, kimsə arzu etməz, bu başqa bir şeydir. Mənim də bəzən olduğum qruplarda həmin adamlar olmur.

- Niyə sizə qarşı bu qədər məsafəli durulur?

- Sadə suallar var. Məsələn onda mən ritorik bir sual verim. İctimai Palatada müraciət edirlər ki, “Sərdar bəy xahiş edirik, gəlin, Mimahmud bəy xahiş edirik gəlin”, Sabir Rüstəmxanlıya, eynilə AMİP-ə xahiş edirlər ki, gəlin. Sabir Rüstəmxanlı ilə mən eyni statusdayıq və parlamentdəyik. Niyə İqbal Ağazadə olmaz? Yəni bu adamlar özləri düşünməlidir ki, niyə belədi. Bizim, Ümid Partiyasının olduğu yer çox güclü yerdir. Harda olacağıqsa ora güclü olacaq.

- Sizə qarşı müxalif düşərgədə bu qədər aqressiyanın yaradılması nə qədər doğrudu?

- Mən hesab etmirəm ki, mənə qarşı müxalif düşərgədə hansısa aqressiya var. Mənə qarşı çox gözəl münasibətləri var və o münasibətlərdən də razıyam.

- İctimai Palata aprelin 22-də mitinq müəyyənləşdirib. Kənardan olsa da bir dəstəyiniz olacaqmı?

- İP-in keçirdiyi tədbirin təşkilatçısı deyilik. Kənardan onlara nə dəstəyimiz ola bilər? Əgər biz orada yoxuqsa.

- Keçiriləcək mitinq üçün müəyyən şuarların səslənəcəyi deyilir və artıq bu şuarların bir çoxu da bəllidir. Sizcə bu şuarlara daha nələr əlavə olunmalı idi?

- Mən İP üzrə, mitinq üzrə mütəxəsis deyiləm ki, hansısa fikir bildirim. Mən bir siyasi partiyanın rəhbəriyəm. Əgər mən bu mitinqi keçirmiş olsaydım, fərqli şeylər üzərində düşünərdim. Amma bunu keçirmirəm deyə, orda səslənəcək şuarlar, keçiriləcək yer məni bir o qədərdə maraqlandırmır.

- Ümid özü nə vaxt mitinq keçirəcək?

- Bu ilin payızında İnşallah mitinq keçirəcəyik.

- Konkret səsəbəbi bəllidirmi?

- Ümumiyyətlə hesab edirik ki, vətəndaşlarımızla kütləvi görüş üçün, fikirlərimizi onlara çatdırmaq üçün buna ehtiyac olacaq.

- Sizcə cənab prezidentin qərarı ilə icra hakimiyyəti başçılarının dəyişdirilməsi hakimiyyətdaxili qrupların zərərsizləşdirilməsinəmi yönəlib?

- Mən hesab etmirəm ki, bu qruplaşma və qruplaşmalar arasındakı balans məsələsinə söykənmir. Bu sadəcə kosmetik dəyişikliklərdir.Yeni icra başçılarının təyin edilməsi rayonlarda yeni abu hava yaratmaq məqsədi daşıyır.Adamlar dəyişmir, amma icra başçıları dəyişir. İcra başçısı bir rayondan digər rayona gedir.Sanki bu əhali üçün bir siqnaldır . 

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az