“Bakı-2015 Avropa Oyunları qabağı və manatın devalivasiyasının iqtisadiyyata təsiri ərəfəsində bazarların gözləmə mövqeyində olması ilə bağlı qısa müddətli satış durğunluğu müşahidə olunur. Bu müddətdə mənzil alanlara mənzillərini ən azından 10–15 faiz bazar qiymətindən aşağı alacaqlarını və bunun da mənzil alanlar üçün fürsət müddəti olduğunu deyə bilərik”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Axar.az-a daşınmaz əmlak üzrə ekspert Hüseyn Həsən mənzil almaq üçün ən uyğun zamanla bağlı danışarkən bildirib.
Ekspertin fikrincə, mənzili optimal qiymətə almaq üçün şans yaranıb:
“Bundan öncəki aylarda, yəni alğı-satqının hərəkətli olduğu vaxtda mənzil satanlar onlara təklif olunan məbləğə razı qalmadığından alıcılar satıcının diktəsi ilə ya razılaşmaq məcburiyyətində qalıb mənzil alırdılar, yaxud da mənzilsiz qalırdılar. Hazırda alıcıların öz işlərini Avropa Oyunlardan sonraya saxlamasını və bankların qeyri-rəsmi olaraq ipoteka kreditlərini dayandırmasını nəzərə alaraq, indiki dönəmə alıcının diktəsinin olduğu dönəm deyə bilərik. Fərz edək ki, 165000 manatlıq mənzil üçün alıcı 155000 manat təklif edirdisə və satıcı bu məbləğlə razılaşmağa ya tərəddüd edir, ya da razı qalmırdı; indi isə həmin satıcılar mənzillərini hardasa 145000 manata, bəzi hallarda isə 140000 manata da olsa, satıb öz problemlərini həll etmək istəyirlər. Bu həssaslığın daha çox təkrar mənzil bazarlarında hiss olunduğunu müşahidə edirik”.
Ekspert qeyd edir ki, belə dönəmlərdə inkişaf etmiş ölkələrdə inşaat şirkətləri endirim kampaniyaları başladır:
“Ümumilikdə inkişaf etmiş ölkələrdə bu dönəmlərdə inşaat şirkətləri endirim kampaniyaları başladıb satışı gücləndirməyə çalışırlar. Lakin bizim ölkədə inşaat şirkətlərinin marketinq strategiyasının zəif olduğu səbəbinddən endirim kampaniyaları etməmələrini nəzərə alaraq, mənzil almaq fikrində olanlara təkrar mənzil bazarından mənzil almağı tövsiyyə edirik.
Sonda isə bildirmək istəyirik ki, Bakı-2015 Olimpiya Oyunlarının bitməsindən sonra və təcrübəyə əsasən, yay aylarından sonra qiymətlərin qalxması proqnozlaşdırılır. Eyni zamanda, manatın dollar qarşılığında təxminən 32 faiz dəyərdən düşməsi və bazar normal hala, yəni alğı-satqının sürətlənməsi dönəminə qayıdandan sonra qiymətlərin artımı mütləq olaraq özünü göstərəcək”.