MHP erkən seçki hazırlıqlarına başlayır

MHP erkən seçki hazırlıqlarına başlayır

Qərb Ərdoğanı kürdlərə qarşı terrordan istifadə etdiyini iddia edir

"Erkən seçkidən qorxmuruq, hər an seçki olacaqmış kimi bu gün yeni seçki kampaniyasına Kırıkkaleden start veririk”. Bu sözləri Milliyətçi Hərəkat (MHP) Partiyasının lideri Dövlət Baxçalı iyulun 22-də partiyanın Kırıkkale bölməsinin genişləndirilmiş Divan toplantısında deyib.


Kırıkkale şəhərinin girişində izdihamla qarşılanan MHP liderinin korteji partiyanın yerli bölməsinin ofisinə gəlib. Mediaya qısa açıqlama verən Baxçalı deyib ki, indiki durumda parlamentdə təmsil olunan heç bir partiya ilə koalisiyaya getmək fikrində deyillər: "Biz şərtlərimizi irəli sürdük, onlar qəbul etmədilər. Biz millətlə açıq danışdıq, şərtlərimizi millətin düşüncəsinə, istəyinə, dövlətimizin maraqlarına uyğun hazırladıq. Ancaq AKP seçkidən keçən dönəmdə mövqeyindən dönməyəcəyini sübut etdi”.

AKP-CHP koalisyonunun mümkünlüyü haqqında sualı cavablandıram D.Baxçalı deyib ki, bu ehtimalın gerçəkləşəcəyinə inanmır. Çünki iki partiya arasında ciddi ideoloji fərqlər onların bir araya gəlməsini mümkünsüz edir. MHP lideri onu da vurğulayıb ki, seçkidən 1 gün sonra partiya ana müxalifətə keçməyə hazır olduğunu deyib. Əgər CHP AKP ilə koalisiya qurmağı başaracaqsa, MHP ana müxalifət missiyasını daşımağa hazırdır.

Daha sonra toplantı media mənsublarına qapalı davam edib. 1 saat davam edən toplantıdan sonra MHP lideri Kırşehirə yola düşüb. Sabah Kırşıhirdə MHP-nin yerli bölməsinin toplantısı keçiriləcək. Türkiyə mediası MHP liderinin bölgələrə səfərini partiyanın erkən seçkiyə hazırlığı kimi dəyərləndirir. "Milliyet” qəzeti yazır ki, MHP güclü təşkilatlar olduğu bölgələrdə daha böyük dəstək qazanmaq üçün hazırlıqlara başlayıb. Böyük ehtimalla yeni seçki olsa partiyalar namizədlərini dəyişməyəcək. Ona görə də əsas məqsəd namizədlərin 7 iyundakından daha çox səs almalarına nail olmaqdır.

Şanlıurfada baş verən terror olayından sonra ölkədə təhlükəsizliklə bağlı tədbirlər gücləndirilib. Bununla belə, iri şəhərlər də daxil olmaqla, bir sıra bölgələrdə, xüsusən Güney və Güney-Doğu bölgələrində terror qruplaşmalarının hərəkətliliyi müşahidə edilməkdədir. Hər gün ölkənin müxtəlif bölgələrində terrorçularla hökumət qüvvələri arasında toqquşma baş verib. Sonuncu toqquşma Qaradəniz bölgəsində yerləşən Trabzonda yaşanıb və 2 polis şəhid olub. 

32 nəfərin həlak olduğu Şanlıurfa terroru ilə bağlı ilginc faktlar üzə çıxmaqdadır. Bəlli olub ki, Kobaniyə yardım üçün düzənlənən və başlamasından qısa müddət sonra baş verən toplantıda HDP-li depitatlar da olub. Türkiyə mediası yazır ki, onlar partlayışdan bir neçə dəqiqə öncə məkanı tərk ediblər. Partlayış yığıncağın başlanğıcında olub. HDP-li deputatların toplantını belə tez tərk etmələri bir sıra suallar yaradıb. Maraqlıdır ki, partlayışdan cəmi bir neçə dəqiqə öncə HDP-nin gənclik təşkilatlarının 3 təmsilçisi də kütlədən ayrılaraq sürətlə uzaqlaşıb. Bir sıra media orqanları bu faktlardan çıxış edərək terrorda PKK barmağı olması iddiasını irəli sürür.

Türkiyədə yaşananlar Qərb mediasının da diqqətindədir. Almaniyanın ZDF kanalına açıqlama verən Ortadoğu uzmanı Maykl Lüdes prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı İŞİD-dən istifadə etdiyini deyib: "Türkiyə kürdləri zəiflətmək üçün hər yolu sınayır. Bu məqsədlə Türkiyə həm Doğu, həm də Batı ölkələrindən İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyənlərə qapı açır, onlara təlim keçir, bəzi hallarda silahlandırır”.

Ötən gün Türkiyənin bir sıra xəbər qaynaqları prezidentin qızı Sümeyya Ərdoğanın İŞİD yaralılarının müalicəsi ilə bağlı çağırış etdiyini yazmışdı. Xəbərlərdə bildirilirdi ki, Sümeyya Ərdoğan onları öz vəsaiti hesabına Türkiyə xəstəxanalarında müalicə etdirir. 

Maykl Lüders diqqəti bu fakta çəkərək bildirir ki, Türkiyə hökiməti İŞİD-ə hərtərəfli dəstək verir:

 "Səudiyyə Ərəbistanı və Körfəz ölkələri də regionda şiələri məhv etmək üçün terroru dəstəkləməkdədirlər. Məhz bu ölkələrin ciddi dəstəyi ilə İŞİD güclənərək bölgənin kabusuna çevrilib. Türkiyənin də durumu yaxşı deyil. Radikal islamçı qrupların fəaliyyətinə elə geniş bir meydan verilib ki, ölkənin təhlükəsizliyi ciddi təhdid altına düşüb. Hökumət kürd-İŞİD qarşıdurmasını öz maraqları üçün istifadə etməyə çalışsa da ortaya çox ağır bir tablo çıxıb - Türkiyənin demək olar bütün bölgələrində ciddi terror təhlükəsi var".

Ekspert düşünür ki, bu durum yaxın gələcəkdə Türkiyəni ciddi vətəndaş qarşıdurmaları ilə üz-üzə qoya bilər. Onun proqnozlarına görə, problemi yaxın zamanlarda çözmək mümkün olmayacaq.

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının başqanı Elmar Blok da Ərdoğanın ikiüzlü siyasətini tənqid edib: "Biz Türkiyə üçün böyük narahatlıq keçiririk. Hakimiyyətin yanlış siyasəti terrorun genişlənməsi ilə nəticələnib və prosesin durdurulması üçün heç bir addım atılmır, əksinə, terrordan regiondakı kürdlərə qarşı istifadə edilir. Hesab edirik ki, Türkiyə kürd probleminin çözümündə səmimiyyət göstərməlidir. Biz ümid edirik ki, Türkiyənin yeni hökuməti bu məsələdə daha ciddi olacaq və ölkənin təhlükəsizliyini ön plana çəkəcək”.
musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az