Mikayıl İsmayılov ARDNŞ-ni əlinə alır?

Mikayıl İsmayılov ARDNŞ-ni əlinə alır?

ARDNŞ-nin vitse-prezidenti dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatdankənar xərclərə sərf olunmasına şərait yaradır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) vəziyyət kifayət qədər qəlizləşib. Bunun başlıca səbəbkarı isə şirkətin vitse-prezidenti Mikayıl İsmayılovdur. Əldə etdiyimiz məlumatlara görə, əslən Ağsu rayonunun Çiyni kəndindən olan Mikayıl İsmayılov ARDNŞ-də çalışan fəhlələrə göz verib işıq vermir.

Belə ki, Mikayıl İsmayılovun özünə yaxın olan şəxsləri irəli çəkdiyini deyən mənbə iddia edir ki, o, özünü Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi deyil, şirkətin sahibi kimi aparır: "Mikayıl İsmayılov böyük sərvətə, nəhəng biznes strukturlarına sahibdir. Onun paytaxtın müxtəlif ərazilərində 200-yə yaxın mənzili olduğu artıq çoxlarına bəllidir. Bundan başqa, o, Dövlət Neft Şirkətinin maliyyə məsələlərinə nəzarət etməklə şəxsi maraqlarını lazımınca təmin etməyə müvəffəq olub. Kadr təyinatı kimi önəmli məsələni əlinə almağı bacaran Mikayıl İsmayılov bir çox halda heç kimlə hesablaşmadan qərar qəbul edir və az qala hamını həmin qərarlara tabe olmağa vadar edir". ARDNŞ-də bütün təchizat rəislərinin vitse-prezidentə yaxın adamların olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, bu sahədə süni şişirtmələr nəticəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatdankənar xərclərə sərf olunmasına şərait yaradılır: "Artıq Dövlət Neft Şirkətində hər kəsə bəllidir ki, Mikayıl İsmayılov böyük səylə şirkətin rəhbəri olmağa can atır. Elə bu səbəbdən də artıq o, Rövnəq Abdullayevin əleyhinə kompromat toplamağa başlayıb. Ümumiyyətlə, Mikayıl İsmayılov faktiki olaraq Rövnəq Abdullayevdən sonra şirkətdə ikinci şəxs hesab olunur. Hətta bəzi məsələlərdə o, birbaşa söz sahibi kimi çıxış edir. O, yaranmış fürsətdən istifadə edərək Dövlət Neft Şirkətinə yaxın adamlarını, həmyerlilərini yerləşdirməyə nail olub. İndi həmin şəxslər şirkət daxilində vitse-prezidenti dəstəkləyən təsirli gücə çevrilib". Məlumatlı şəxs iddia edir ki, bu gün Mikayıl İsmayılovun Dövlət Neft Şirkəti daxilindəki tərəfdarları Rövnəq Abdullayevin yerinə öz hamilərinin gətirilməsi istiqamətində fəaliyyət göstərirlər: "Onlar Mikayıl İsmayılovun şirkətin prezidenti postuna təyinat alması üçün dəridən-qabıqdan çıxırlar. Deyilənlərə görə, kifayət qədər nüfuzlu məmurlardan biri də bu işdə vitse-prezidentə yaxından köməklik göstərəcəyinə dair söz verib. Odur ki, Mikayıl İsmayılov bu gün bəzən açıq-aşkar, bəzən də gizli şəkildə məqsədini reallaşdırmaq üçün müəyyən addımlar atır".

Dövlət Neft Şirkətinin vitse-prezidentinin özəl klinikasının olduğunu deyən mənbə bildirir ki, məşhur iş adamı Hafiz Məmmədovun nəzarətində olan "Bahar Enerji Əməliyyat Şirkəti" də artıq Mikayıl İsmayılovun nəzarətinə verilib: "Bütün bunlar bir daha onu təsdiqləyir ki, Mikayıl İsmayılov mərhələli şəkildə Dövlət Neft Şirkətindəki mövqelərini möhkəmləndirməyə nail olur. Əgər belə davam edərsə, o zaman yaxın vaxtlarda şirkət Rövnəq Abdullayevin deyil, məhz Mikayıl İsmayılovun göstərişlərilə idarə olunacaq". Vitse-prezidentin tərcümeyi-halını ən incə detallarınadək araşdırdığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, Mikayıl İsmayılov hərbi xidmətdə olmayıb: "O, 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Bakı Neft Emalı Zavodu ilə bağlı olub. Mikayıl İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Onun tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumat yoxdur. Bundan başqa, illərin xronoloji ardıcıllığına diqqətlə nəzər saldıqda vitse-prezidentin hərbi xidmətdə olmadığı aydın olur". Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Mikayıl İsmayılov son vaxtlar Rövnəq Abdullayevin kadrlarını, daha dəqiq desək, onun şirkət prezidenti olmasına etiraz edənlərin təqibinə başlayıb: "Söz yox ki, Dövlət Neft Şirkətinin prezidenti bütün bunlardan məlumatlıdır. Lakin o, Mikayıl İsmayılovun zərərsizləşdirilməsi üçün əlverişli məqamı gözləyir. Böyük ehtimalla, vitse-prezidentin əməllərindən cana doyan, onun fəaliyyətindən narazı olan Rövnəq Abdullayev tez bir zamanda Mikayıl İsmayılovla yollarını ayıracaq". Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

(Ardı var)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az