Millət vəkili Əlikram Hümbətovu topa tutdu

Millət vəkili Əlikram Hümbətovu topa tutdu

İqbal Məmmədov: “Əlikram Hümbətovun Azərbaycan torpağına, xalqına etdiyi xəyanətlər bu gün də davam etməkdədir”

“Özünü uydurma “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş seperatçı Əlikram Hümbətov, Ermənistan xüsusi xidmət orqanlarının diqtəsi ilə talış xalqının adından qondarma erməni soyqırımı ilə əlaqədar Ermənistan Respublikasına başsağlığı vermiş və Azərbaycana qarşı ağır ittihamlar səsləndirmişdir.  Hər bir insan şəxsi keyfiyyətlərinə uyğun olaraq bəyanatlar verə bilər. Lakin Əlikram Hümbətov kimi bir adamın talış xalqı adından danışması hər bir vətəndaş kimi məni də hiddətləndirdi”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov bildirib.
Millət vəkili əlavə edib ki, təmsil etdiyi Lerik rayonundan olan vətəndaşlar tərəfindən son bir neçə gündür ona  edilən çoxsaylı telefon zəngləri və müraciətlər nəticəsində bu mövzunun hər kəsi narahat edib:


“Əlikram Hümbətovun Azərbaycan torpağına, xalqına etdiyi xəyanətlər bu gün də davam etməkdədir. Bu insanın talış xalqının adından danışmağa heç bir mənəvi haqqı yoxdur və olmamışdır. Xain düşmən oyaqdır və pusqudadır. Azərbaycanın günü-gündən inkişaf etməsi, çiçəklənməsi düşmənlərin yuxusunu ərşə çəkmişdir. Bu gün hər vasitə ilə ölkəmizdə mövcud olan hüzur və sabitliyi pozmağa çalışanlar belə cılız variantlara əl ataraq ölkəmizdə yaşayan azsaylı xalqlar arasında nifaq yaratmağa çalışırlar. Torpaqlarımızın 20 faizini zəbt edən, Xocalı soyqırımı kimi faciəni törədən bir düşmənlə bu biabırçı işbirliyi, şəhid olmuş bütün Azərbaycan övladlarının ruhuna təhqir, böyük xəyanətdir. Bu gün talış xalqının qəhrəman övladları, Azərbaycanın Milli Qəhrəmanı kimi uca, şərəfli ada layiq görülmüş neçə-neçə şəhidimizin adlarına küçələr, məktəblər mövcuddur. Bu gün əhalisin əksəriyyəti talışlardan ibarət olan cənub bölgəsindəki rayonlarda aparılmış islahatlar, tikinti-quruculuq işlərinin həyata keçirilməsi və abadlıq baxımından digər bölgələrdən heç də geri qalmır və hər keçən gün daha da inkişaf etməkdədir. Sərsəm bəyanatlar verən Əlikram Hümbətov bunları görmürmü? Elə də uzaq keçmiş sayılmayan, üstündən cəmi 20 il keçmiş, hamımızın bilavasitə şahidi olduğumuz hadisələr, ölkəmizin bərbad iqtisadi vəziyyəti yaddaşlardan silinə bilməz. O illərdə, müstəqillik sevincini təzə-təzə yaşamağa başlamış ölkəmizdə Əlikram Hümbətov kimi seperatçının nifaq salmağa çalışmasına vətənə xəyanətdən başqa ad vermək olmazdı. O zaman da Ulu öndər Heydər Əliyev bir daha öz müdrikliyini nümayiş etdirərək qardaş qırğınının qarşısını aldı. Lakin görünən odur ki, bu gün də Azərbaycandan kənarda məskunlaşmış bu insan, öz çirkin əməllərindən əl çəkmir və ölkəmizə nifaq toxumları saçmaq məqsədini biruzə verməkdədir. Düşmən ölkəyə satılmış Əlikram Hümbətov, bütün bu illər ərzində talışlardan heç bir dəstək ala bilməmiş və ala bilməyəcəkdir”.

İqbal Məmmədov daha sonra əlavə edib ki, bütün Azərbaycan vətəndaşları kimi ölkəmizdə yaşayan talışlar da Ümummilli Liderimizin siyasi kursunu layiqincə davam etdirən cənab Prezidentimiz İlham Əliyevin dəstəkçisi və ölkəmizdə gedən islahatların fəal iştirakçısıdırlar.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az