Moskvada Sarkisyana "qulaqburması" veriləcək-Ermənilərin ikibaşlı oyunu...
Miq.az xəbər verir ki, son zamanlar Ermənistanın Qərbə yönəlməsi və fəal şəkildə qrəbyönlü siyasət yürütməsi Rusiyanı çox narahat edib. Belə ki, tezliklə Brüsseldə NATO və Ermənistanın "26+1" formatda toplantısı gözlənilir. Tədbirdə Ermənistanı xarici işlər naziri Edvard Nalbandyanla müdafiə naziri Seyran Ohanyan təmsil edəcək. E.Nalbandyan Brüssel səfərindən öncə bəyanat verib ki, Ermənistanın müttəfiqi Rusiyadır. Lakin tədbirdən öncə Ermənistan prezidenti Serj Sarksiyan müəmmalı şəkildə təcili olaraq Moskvaya çağırılıb. Martın 10-da isə onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.
Politoloq hesab edir ki, Ermənistanın Qərbyönümlü siyasət yürütməsi Rusiyanı ciddi narahat etməyə başlayıb: "Çünki Ermənistanda gizli şəkildə antiRusiya kampaniyası aparılır. Yaranmış vəziyyətdə Ermənistanın əsl istəyi nədir? Ermənilər çox bəsit bir sxemlə işləyirlər. Onlar üçün ən vacib məsələ kimlərdənsə daha çox pul qoparmaqdır. Ermənilər görür ki, Avropa Birliyinin Türkiyəyə 3 milyard dollarlıq yardım etməsi ilə bağlı anlaşma imzalanacaq. Bu vəsait, əsasən, Suriyadan və digər ölkələrdən olan qaçqınların saxlanılmasına yönəldiləcək. Bunun qarşılığında Türkiyə Avropaya qaçqın probleminin həllində kömək edəcək. İndi Ermənistan iddia edir ki, Suriyadan bu ölkəyə guya 30 min qaçqın gəlib. Ermənilər bu rəqəmi günbəgün şişirdib onların sayının artdığını bildirir. Rəsmi Yerevan bunu miqrant axını kimi qələmə verib AB və NATO-dan pul almaq fikrindədir. İndi Ermənistan siyasətini bunun üzərində qurub. Çünki İran siyasəti artıq iflasa uğradıqdan sonra indi ümidləri Avropadan pul qoparmağa qalıb. Onlar bu pulu niyə istəyirlər? Ermənistanın arqumenti budur ki, guya həmin qaçqınların Avropaya axınının qarşısını alırlar. Əslində isə Suriyadan olan erməni mənşəli qaçqınları işğal etdikləri Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda yerləşdirməyi planlaşdırırlar. Qısası, bir güllə ilə iki dovşan vurmaq istəyirlər".
Lakin ekspertin fikrincə, ermənilərin ikibaşlı oyun aparması Rusiyanın xoşuna gəlmir. Ona görə də sabah Putin Sarkisyana öz sərt üzünü göstərəcək: "Ermənistan artıq bir dəfə Rusiyanın təzyiqi altında AB ilə tərəfdaşlıq proqramı məsələsində fikrini dəyişib. Bu fakt daha sonra Ermənistanı Avropada pis vəziyyətdə qoydu və indi onları ciddi qəbul etmirlər. Amma onlar istəyir ki, pul xatirinə yeni bir oyun başlasınlar. İndi NATO ilə yeni intriqa aparırlar. Hələlik müxalifətin dili ilə bəyan edirlər ki, guya gələcəkdə Rusiya ordusunu Ermənistandan çıxara bilərlər. Əsas istəkləri də yalnız hər iki tərəfdən daha çox pul qoparmaqdır. Artıq Rusiyanı şantaj etməklə, silah və hərbi texnikanın alınması üçün Moskvadan 200 milyonluq kredit qoparıblar.
Sarkisyanın budəfəki Moskva səfəri guya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar bəhanəsi ilə baş tutur, əslində isə Putin Sarkisyanı Rusiyanın Ermənistandan mövqelərini gücləndirmək, ona "qulaqburması" vermək üçün çağırıb".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:
Miq.az