Ömrümdəki 35 illik NUR PAYI

Ömrümdəki 35 illik NUR PAYI
 Aydın Canıyev
 
və ya

Gözəl (yaraşıqlı, bahalı) paltarın içindəki Gözəl (yaraşıqlı, dəyərli) İnsan haqqında ballada

10 iyul 1985-ci il. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin qəbul komissiyasına sənəd verməyə gəldiyim gündür. Eləcə də kəndim Kərgəlandan kənara çıxdığım ilk dəfə və həm də tanımadığım YAD DOĞMALARı gördüyüm ilk gün!

Bakıya ilk gəlişi əbədi xoşbəxtlik kimi ömrünə, taleyinə, yaşam tarixinə yazılan  bəlkə də yeganə adamam. Həmin gün mən jurnalistika fakültəsinə sənəd verəndə Onu – Tofiq Tağı oğlu Rüstəmovu gördüm. Sənədlərimi özü sorğu-sual edib götürdü. Sonradan bildiyim kimi, Tofiq müəllim onda qəbul komissiyasının məsul katibiymiş həm də. Gözümün yaddaşında NUR PAYI kimi qaldı. İkisi də. İkincisi Rəhilə xanım idi. Nüsrət Kəsəmənlinin xanımı. Onda bilmirdim. Bildiyim oydu ki, mənim sənədlərimi jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov şəxsən qəbul etmişdi. Onu da ona görə bildim ki, qəbula gələnəcən Tofiq müəllimin "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi” kitabını və dekabrist Aleksandr Bestujev-Marlinskidən tərcümə etdiyi "Molla Nur”u oxumuşdum!

Bəri başdan deyim ki, mən jurnalistika fakültəsini bitirincə... dekanlar dəyişdi (SEÇKİYLƏ çox az müddətdə göyçaylı, "Sovet kəndi” qəzetinin redaktoru olmuş rəhmətlik Nəriman Zeynalov, sonra Akif Rüstəmov), rektorlar ard-arda,- Faiq Bağırzadə, Yəhya Məmmədov, Cəmil Quliyev, Mirabbas Qasımov, Firudin Səməndərov, - dəyişildi, alma-materimiz də bir ildən bir təzə adlarla təqdim olundu: S.M.Kirov oldu Məmməd Əmin Rəsulzadə adına BDU, sonra oldu sadəcə... BDU!
Bu incəliyi niyə vurğulayıram, deyim: düz iki aydan sonra ömrümün 35 ilini keçirdiyim Bakıda tanıdıqlarımın tam əksəriyyəti həm özləri dəyişdi, həm də mənim onlara münasibətim fiaskoya uğradı, təkcə... təkcə... təkcə... Tofiq Rüstəmovun adıyla rastlaşanda, özüylə görüşəndə üzümdəki təbəssüm, dodağımdakı gülüş, gözümdəki işıq dəyişmədi! Heç nə dəyişə bilmədi! Qoymadı dəyişsin Tofiq Rüstəmov! Qoymadı... sabit əxlaqıyla, sabit insanlığıyla, sabit yaşamıyla!
Mən ömrümü yarıbayarı iki formasiyada yaşamışam: sosializm və müstəqillikdə. Tofiq Rüstəmov kommunist kimi meydanda idi, kommunist kimi də keçdi, köçdü getdi! Nə sonradan şəraitə və zamana uyğun olaraq demokrat donu geyindi, nə də kommunist olaraq kommunistliyə, demokrat olanda da demokratlığa tüpürtdürənlər kimi reveranslar yapmadı!
Ardıcıllıqla xatırlayaq bu YADDAŞ İNSANı!
Statistik məlumatlarla ictimai-siyasi müstəvidə dirijorluq etmək fikrində deyiləm, öz payıma, şəxsən öz həyatımda və jurnalistikada, jurnalistlərin həyatında Tofiq müəllimin toxuduğu butaların ilmələrini aşmaq istəyirəm!
Həyatımın qəribə bir nüansı var: ilk dəfə gördüyüm adamı aurasının, energetikasının təsirini təyin edərək ya əbədi qəbul edirəm (mənə sonucda yaxşı və ya pis olmasından asılı olmayaraq), ya da... yaxşılıq, mərhəmət adına nə etsə də, varlığından vaz keçirəm – insanın xislətini sanki ilk görüşdə hansısa kodbilmə qabiliyyətim təhtəlşüura transfer edir!
Tofiq müəllim... başdan-ayağa təbəssüm idi!
Tofiq müəllim başdan-ayağa NUR PAYI idi!

Deyim ki, mən hər hansı ayrı fakültəyə sənəd versəydim, sənədlərimi tutaq ki, Murtuz Ələsgərov, Misir Mərdanov, Firudin Səməndərov, Mirabbas Qasımov, Yəhya Məmmədov qəbul etmiş olsaydılar, inanın Allaha və bu əziz günlərə andıma, mən qətiyyən oxumazdım, çıxıb gedərdim!
Çünki BDU (ondakı S.M.Kirov adına ADU) mənim üçün ali məktəblərin Məkkəsi idi və deyim də ki, uzun illər mən ayrı ali məktəblərin tələbələrinə həmişə yuxarıdan aşağı baxmışam –onda respublikada yeganə olan Universitetlə mənim düşüncəmdə yalnız Lomonosov adına MDU müqayisə oluna bilərdi!
Tofiq müəllimin aurası, energetikası qorxunu, həyəcanı miskin və zavallı bir şey kimi adamın içindən çıxarıb da alıb ruhuna çoşqu verirdi, hətta deyərdim ki, lal adamın belə dili açılardı o boyda İşıqlı davranış-rəftardan, təmasdan!

Səmimiyyətimə inanın: Tofiq müəllim sənədləri qəbul etməsəydi belə, yaxud da məni imtahandan kəssəydilər də, mən heç vaxt narazı qalmazdım:"Mirzə Cəlilin yaradıcılığından danış” dediyi ilə avtomat Kalaşnikov kimi sürəklə açıldım e: 600-cən felyeton-məqaləsindən bəh-bəhlə başlayıb davam etmək istəyəndə, hər iki dəqiqədən bir növbəti sualıyla məni haralaracan gəzdirdi. Əminəm ki, həmin o sual-cavab Tofiq müəllimdə rəğbət yaratdı. Bilmirəm, bəlkə də Tofiq müəllim ayrı tələbələrə ayrı hallara görə neçə dəfə rəğbət göstərib, amma mənə üç hal doğmadı, unudulmazdır.

Təbii ki... mən həmin il qəbul olundum: savadıma, Tofiq müəllimə və Anamın dəstəyinə, Atamın qazancına minnətdar olaraq!
Orta məktəbdə yaxşı, gözəl, savadlı, sevimli müəllimlərim olub. Müəllimdən çəkinməmişik. Müəllim əziz olub. Müəllim haqqında pis düşünməmişik – müəllimlərimiz bizə sevgi aşılayıb. Yalnız direktorlarımız haqqında xoş təəssürat olmayıb. Sözarası deyim ki, kənd yerində məktəb direktorları özlərini elə də yaxşı aparmırlar! Və bir dəfə dərsdə müəllim uşaqlarından biri, həm də direktorun qohumlarından olan sinif yoldaşımız "Sərdar müəllim gəlir! Sərdar müəllim gəlir!” deyib sanki bizi özümüzü yığışdırmağa, "əlahəzrət”i qarşılamağa amadə olmağa hazırlayırmış kimi, "yaltaq sirenası” verəndə Firudin müəllim (allah ona rəhmət eləsin, ruhu şad olsun! Amin!) bütün vücuduyla dediyini nümayiş etdirərək "neyləyək indi? Titrəyək?” deməklə anlatdı: MÜƏLLİM qorxmaq üçün deyil, ehtiram üçündür!
Tofiq müəllim ehtiramın ehtişamlı təcəssümüydü! Kimsənin bəyanına ehtiyac yox idi eşitdirsin ki, "Tofiq müəllim gəlir!”

Zatən də Tofiq müəllimin NECƏ GƏLDİYİNİ hiss etmək olmurdu: məxməri yerişlə ruh kimi gəlirdi və bir də görürdün ki... mələk kimi zühur elədi orbitində!
Tələbəylə danışanda, a kişi, tələbəylə deyirəm e, irad bildirəndə bığlarının üstü tərləyirdi... o qədər həyayla, abırla, incəliklə deyirdi ki! Özü əzab çəkirdi irad bildirməyə!

Birinci kurs başa çatmaq üzrəydi və "birinci kursların Əzrayılı” Ziynət Əlizadəyə ("ikinci kursun Əzrayılı” Raifə Həsənovaydı – bu "Əzrayıl”ları görəndən sonra düşünürdüm ki, MƏLƏK olan Əzrayıla MƏLEYKƏ də demək olar bunların timsalında) "Azərbaycan dili”ndən imtahan verməliydim. Birinci kurs tələbələrindən, üstəlik də talışlardan heç xoşlanmayan bu "gözəllik və poeziya İlahəsi”bərədə ov gözləyən ovçu kimi durub dayanmışdı!
Onda mən Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovla indiki Respublika Sarayında çağırışçı gənclərin respublika rəhbərliyi ilə toplantısında çıxış etmişdim, "Komsomolskaya pravda”da Oleq Moçalinlə mənim və erməni gəncin adları qeyd olunmuşdu, çıxışlarımızdakı fikirlərə yer verilmişdi, televiziyada rəhmətlik Babək Hüseynoğlu "Hünər” verilişinə çıxarmışdı, indi də imtahanı verib orduya getməliydim. Necə? Ziynət Əlizadə qiymət yazandırmı? Çıxış yolu axtararkən... məni o tədbirlərə hazırlayan, çıxışlarımı bəyənən, Ağdamın Novruzlu kəndindən olan, respublika Hərbi Komissarlığının çağırış üzrə məsələlərinə məsul podpolkovnik (polkovnik-leytenant) Həsən Əmirov soruşdu ki, bəs bir aydı səni girinc eləmişik, sağ ol ki, etimadı doğrultdun, neyləyimsənin üçün? Həsən Əmirov nəzərdə tuturmuş ki, xahiş edim məni Moskvaya, ya Leninqrada, Kiyevə hansısa elit polka salsın, mən də qayıtdım ki, təşəkkür, siz sağ olun, bir imtahanım qalıb, müəllim bir az naqolaydı. Həmən e məni götürdü gəldi fakültəyə. Düz Tofiq Rüstəmovun yanına!

Başladı izah etməyə ki, bu uşağı bir aydı əsgər getməmiş əsgər kimi incidirəm, etimadımızı doğrultdu rus-erməni uşaqlarla müqayisədə, "Komsomolka” yazıb, televiziyada çıxış edib, "nə kömək edim” soruşanda bir imtahanı qaldığını dedi, halbuki elə bilirdim Moskva, Leninqrad, Kiyev istəyəcək. Tofiq müəllim təbəssümlə "o savadlı tələbəmizdir, yenə də sizdən heç nə istəməyib, elə deyib ki, yayınsın yaxşılığınızdan, sadəcə, fərqinə varmayıb ki, siz durub bura gələcəksiniz! Saya uşaqdır, bicliyi yoxdur!”

Gülüşdülər və mən başımı aşağı salıb durmuşam! Amma elə mənim qədər də saya olan, "Yaddaşlarda qalacaqsan, Bizə örnək olacaqsan, Polkovnik də olacaqsan, Podpolkovnik” dediyim Həsən Əmirov məndən də saya imiş. Elə bildi Tofiq müəllim başından edir, "pambıqla baş kəsir”, dirəşdi ki, yox e, Tofiq müəllim, Aydın hazırlaşa bilməyib imtahana!
- İmtahan kimdəndir?
- Ziynət xanımdan!
- İmtahan nə vaxtdır?
Tarixi dedim və üzünü Həsən müəllimə tutub "arxayın gedin”, - dedi!
İndi Həsən müəllimlə çölə çıxmışam, tər-su götürüb məni, ağ köynəkdən hiss olunur ki, məni sel aparır! Həsən müəllimlə "Monolit”də oturduq. Hiss elədi ki, peşmanam ona deməyimə. Bir az həyasızlıq kimi çıxırdı – həm xahişə gələsən, həm də dirəşəsən! Kimə, kimə, Tofiq müəllimə! Bığlarının üstü həmişəki kimi tərləmişdi, ustufca dəsmalını çıxarıb tərini silmişdi!

Bəli, imtahan günüdür, oturmuşam içəridə. Baa-hoo!!! Tofiq müəllimlə Həsən Əmirov girdilər içəri!
Ziynət Əlizadə - yaraşıq və gözəllik aşiqi... ucaboylu, irigözlü, şirin ləhcəli polkovnikə heyran-heyran baxır, Tofiq müəllim də özünəxas abırla məndən danışır:
- Ziynət xanım, Aydın əsgər gedir. "Komsomolka”da yazısı çıxıb. Polkovnik onun dalınca gəlib, qiymət yazardınız, gedərdi!
Ziynət xanım ola, zəhərləməyə, elə şeymi olar?
- Bu azərbaycanca danışa bilmir, rusca çıxış eləməyi haçan öyrəndi?
- Respublika sarayında, Kamran Bağırovun iştirak etdiyi toplantıda!, - Həsən Əmirovun amiranə, hərbçi zəhmi müzakirəyə son qoydu!
Ziynət xanım qiymət yazdığı kitabçanı necə minnətlə fırıldatdısa üstümə, "Əzrayıl”ın əlindən ilan ağzından çxmış qurbağa ləzzətiylə çıxdım e otaqdan!
Tofiq müəllimə üzrxahlıq etmək istəyəndə əlini kürəyimə qoyub "narahat olma” deyərək, səmimi bir təbəssüm(lə) bağışladı!
... Hərbi xidmətdən qayıdıb, qardaşımı qəbula gətirmişəm. Tofiq Rüstəmov yenə də qəbul komissiyasının məsul katibidir və qardaşım filologiyada bir "4”, bir "5”-lə müsabiqədən keçməyib. Növbəti kursun uşaqlarıyla tanış oluram... İkinci dərs günüdür yeni binada (əvvəlki İstiqlaliyyət küçəsində idi – Hüseyn Cavid yaşayan binada). Auditoriyadan çıxmışıq dəhlizə. Dekanlığın qabağında durmuşuq. 
"Əbədi narazılar fəsiləsi”sindən olanlardan biri od püskürür:
- "Zaraza”lar, yığıblar .... uşaqlarını fakültəyə!
Bunu da Həsən MəmmədovunqızıAynura,M.Ə.Sabirin nəvəsi Gündüz Tahirliyə görə deyir! Deyib də cərəyan vurmuş kimi dayandı, susdu – sonradan bildiyim kimi, söhbətin üstünə çıxıbmış Tofiq müəllim! Qayıtdım ki:
- Ay dana, sən pianonu evində yox, televizorda görübsən, bilmirsən daldan yaxınlaşasan, ya qabaqdan, şair-yazıçını kitabdan aya tanıyırsan, aya tanımırsan, bu "harın” dediyin uşaqlar evində görüb e canlı-canlı şairi də, yazıçını da, pianonu da, rejissoru da, aktyoru da, yaradıcılığı da! Özünü elə aparırsan, elə bil Kirovabad Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinin tələbəsisən! Bu fakültədə oxumağa elə onlar layiqdir, sən, mən yox!
Bir də hiss etdim ki... arxadan çiynimə bir əl toxundu! Çevrilib baxanda Tofiq müəllimi gördüm. Düz iki il əvvəlki kimi təbəssüm bağışladı, "sağ ol, bu fakültədə oxumağa elə sən də layiqsən! Onlar niyə layiqdir, onu da bilirsən!”
Sonra... Tofiq müəllim Mərkəzi Komitəyə getdi!
Sonra Tofiq müəllim... bizə - "Kommunist”ə redaktor gəldi!
Vəə... mən "Kommunist”dən – "Xalq qəzeti”ndən gedənlərə qoşulub getdim! Gedəndə... Tofiq müəllim işdən çıxmaq haqqnda ərizəmə görə məni çağırdı!Otağında görüşdük! Həminki təbəssüm, həminki nur payı, həminki səmimiyyət!
- Sən mənim tələbəmsən. Sənin yaxşı gələcəyin var. Mən burdayam. Hər şey yaxşı olacaq. Sənin haqqında yüksək fikirdəyəm, yaxın vaxtlarda redaksiyaya keçirərəm. Qal.

Onda mən texniki heyətdəydim. Ara-sıra yazırdım. Yaradıcılıqdan çox, qəzetçiliyə meylliydim – gözəl qəzet, gözəl dizayn-tərtibat, şriftlərlə dəstləriylə oynamaq, qəzet ətri, qəzet həyəcanı və məsuliyyəti mənim üçün... dünya gözəli müsabiqəsinin qalibiylə ayrıca bir dünyada - dağların, dənizlərin qoynunda sevişmək qədər ləzzətliydi: ağ köynəyimin mətbəədə çap dəzgahlarının rənginə bulaşması, yığım sexinin içində var-gəl, originalların üstündə redaktə atamanlığı, səhifələrin hər korrekturadan sonra "çiçəklənməsi” – üz alması məndə maniakal bir eyforiya yaradırdı! Elə bil, Xoşqədəm demişkən, "kubyarım mal vururdum!”
Tofiq müəllimə ehtiramla getmək qərarımda qəti olduğumu çatdırdım, bundan sonra soruşdu:
- Neyləyə bilərəm sənin üçün?
- Tofiq müəllim, mən bu redaksiyada kuryer kimi işə başlamışam, bu işə də "dayı”mın – Mehman Fərzullayevin yerinə keçmişəm. Heç kimin "çörəyinə” baisliklə olmayıb yəni!Mümkünsə, qardaşımı götürün işə. Tələbəyik ikimiz də!
- Sabahdan başlasın işə! Gəlsin əmrini alsın!
Ötürəndə yenə həmin təbəssüm və əl çiynimdə:
- Özünü bu "qalmaqallar”da itirmə!
Səhərisi – 1991-ci ilin 10 yanvarında qardaşımın əmri verilmişdi: "etibarlıdır: 1995-ci ilə qədər” – Tofiq müəllim elə 1995-ci ildə "Xalq qəzeti”nin baş redaktorluğundan getdi!
 
 

Tofiq müəllimin "qalmaqal” eyhamına ötəri bir aydınlıq gətirim: bizim əziz müəllimimiz baş redaktor gələn kimi bir qruplaşma yarandı redaksiyada! "Qruplaşma”nın özəyini təşkil edən də elə öz tələbələriydi: kollektivdəki "troyka” (əslində "beşlik”)... müəllimlərinin etimadından sui-istifadə edərək, digərlərinə - tələbə yoldaşları da daxil olmaqla "çujoy”ları burunlamağa, atamanlıq etməyə başladılar! Mən Tofiq müəllimin bu idarəetməsinə və dəyər prinsiplərinə səslərini ucaldanlardan olmadım: hər nə qədər olmasa da, onun etimad göstərdiyi və dəyər verdiyi, eşitdiyi öz tələbələriydi! Ən azından ona görə ki, elə həmin Tofiq müəllim mənə də dəyər verirdi, vermişdi! Hərçənd müəllimimin, dekanımın etimadının yanlış olduğunu ona görə bilirdim ki, o tələbələrin xislətinə bələd idim: zaman hamısını yerbəyer elədi! Fəqət mən həm də o yaşda, o başda, o mənsəbdə imza və həmkar deyildim ki, rəy bildirəydim! Sakitcə... gedənlərə qoşuldum! Bir jurnalist üçün ölkənin bir nömrəli qəzetində işləməkdən böyük arzu nə ola bilərdi ki? Üstəlik də baş redaktor sənin xətrini istəyən, savadını, istedadını dəyərləndirən bir nur payıdırsa? Doğru fikirdir fb-də rastlaşdığım: böyük şəxsiyyətləri kiçik adamların nadanlığı məhv edir!
1991-ci ilin yanvarından sonra daha bir görüşümüz oldu. Bir il sonra. Mən dövlət imtahanı verirdim! Dövlət imtahan komissiyasında ikisidə vardı: bir neçə gün əvvəl haqqında yazdığım yazıçı-dramaturq və həm də mənim ovaxtkı baş redaktorum Əfqan və bir də... Tofiq Rüstəmov!
İnanmayın belə formada dövlət imtahanı verib "5” alan ikinci tələbə var:
- Aydından nə soruşarıq ki, ay Əfqan?
Tofiq müəllimin üzündəki həmin təbəssüm, həmin doğmalıq, həmin səmimiyyət, həmin rəğbət – 5 ("əla”)!
Həyatda evimdən, kəndimdən, rayonumdan kənarda ilk olaraq məni imtahan edəcək səlahiyyətdə Tofiq müəllimlə rastlaşmağımın nəticəsi o qədər gözəl oldu ki!!!Mən heç vaxt heç bir imtahandan qorxmadım! Nə elmin, nə həyatın, nə döyüşün!
Mən bir insanın ədəbinin nə qədər ibrətamiz olduğunu Tofiq müəllimin həyat performansından gördüm: "qal, səni yüksəliş gözləyir”, - deyən adama "yox” deyəsən, hələ bu azmış kimi, öz yerinə qardaşını qoydurasan, üstündən bir il sonra da əlinə düşəsən dövlət imtahanında, daha bir jest edə!!!
Var elə gözəl insan? Bugünkü debatlara baxın – siyasətdə, jurnalistikada, lap elə sevgi məsələlərində! Hamı istəyir ki, mütləq də hamı onların yatağında və yatağında olsun!
Hardadır indi Tofiq Rüstəmov boyda NUR PAYI olan PEDAQOQlar?
... Tofiq müəllimin zahiri və batini iki gözəlliyiylə budəfəki yaznı bitirim.
"Xalq qəzeti”nə baş redaktor gələn Tofiq Rüstəmovun iki işçisi və həm də tələbəsi gedib onun Qobustandamı, Ələtdəmi restoran müdiri olan bacısıoğlundan şantajla rüşvət almışdılar! Tofiq Rüstəmov onları anında məhv edə bilərdi! Ən azından, ölkə başçısına yaxın idi! Ən azından, baş redaktor idi! Ən azından müəllimləri olmuşdu! Sadəcə... onlara dəymədi, imkan verdi ki, özlərinə iş tapsınlar. Onların qanlarının arasına Əfqan müəllim girdi, gətirdi öz əlaqələri hesabına açdığı "Həyat” qəzetinə!
Nə Tofiq Rüstəmov, nə də Əfqan müəllim həmkara pisliyə imza atmadılar, amma ikisi də həyatda və "Həyat”da özlərinin kimliklərini ortaya qoydular – murdar adamları murdarlıqları üstündə ittiham etməyə dəyməz. Onlar özləri özlərini rüsvay edəcək! Baxmayaraq ki, şeytandan 40 gün qabaq dünyaya gəliblər, İlahi ədalətdən yayına bilmirlər!
Tofiq müəllim gözəl bəzədilmiş, bəzənmiş "buket-insan”dır göz yaddaşımda! Mən hələ də heç harda elə gözəl insan dizaynı görməmişəm!
Bir dəfə bu gün həm də ad günü olan rəhmətlik Zakir Sadatlı mənə qayıtdı ki, Aydın, sənin kostyumunun şaxı adamı ülgüc kimi kəsər!Baxmayaraq ki, mən heç vaxt yaraşıqlı geyinməyə meylli olmamışam, amma Tofiq müəllimi gördüyüm ilk gündən zövq almışam yaraşıqlı geyinməkdən! Gəzdiyim, olduğum bütün yerlərdə geyimin adama elə yaraşdığını aradım, paltarın işıldamağını görmək istədim, rast gəlmədi!
Tofiq müəllimin əynində kostyum o qədər şıq, qalstuk o qədər cazibədar olurdu ki, həmişə düşünürdüm: daxilən adam gör nə qədər xoşniyyətdir ki, içinin işığı-nuru paltarında, üzündəbərq vurur!

Həmişə sitat kimi rast gəlirik: bahalı paltarlar gördüm, içində adam yox, amma bahalı adamlar gördüm əynində paltar yox!
Tofiq müəllimi elə görməyim məni deməyə vəkil etdi: Tofiq müəllim GÖZƏL (yaraşıqlı, bahalı) paltarların içində GÖZƏL (yaraşıqlı, dəyərli) İNSAN idi! Ondan başqasını görmədim - nə Moskvada, nə Sankt-Peterburqda, nə Yerevanda, nə Tbilisidə, nə Vladivostokla Novosibirskdə!
Yerin behist, ruhun şad olsun, təbəssüm insan, mənə rəğbətini əsirgəməyən NUR PAYIM, əziz baş redaktorum, ondan da əvvəl dekanım Tofiq Rüstəmov!

p.s. Zaman-zaman şahid oluram: jurnalistikanı bitirən məzunlar müəllimlərini "11 metr”əyə qoyurlar! 1985-1990-cı illərə 2020-ci il müstəvisindən boylanırlar, əllərinə düşən daşı atırlar! Fəqət unudurlar ki, dabbaqdan gönləri bəllidir! 1985-ci il olduğu kimi 2020-ci ilə sağ çatsaydı, sizdən zırt da olmayacaqdı, "azad söz ələngələri”...

p.p.s. Yazının əvvəlində sənəd qəbulu zamanı Tofiq müəllimin yanında Rəhilə xanımın da oldğunu qeyd etdim. O niyyətlə ki... Onun ətrafında işığı üzündə olan insanlar olub həmişə - jurnalistikadakı müəllimlərin adlarını çəkmək yetər! Mailə Muradxanlını fakültədə Onun təqdimatında tanımışam – Mailə xanımın fakültəyə bircə dəfə gəlişi neçəsinə televiziyalarda yol açdı – burunlarından gəlsin bu başı bitli-birəlilərin... Neçə ildir gözləyirəm ki, onlardan heç olmasa biri Mailə Muradxanlının televiziyadakı titanik xidmətindən yazacaq! Başları qarışıb rüşvətə və yaltaqlığa, "zaraza”lar... parazitlər... süləntilər... 



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az