Mursi bayram münasibətilə xalqa müraciət etdi
Misirin hazırda həbsdə olan və ölüm hökmünə məhkum edilmiş keçmiş
prezidenti Məhəmməd Mursi müqəddəs Ramazan bayramı münasibətilə
misirlilərə müraciət edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər
verir ki, M.Mursi yaydığı təbrik məktubunda xalqına "Misirimizi bu
diktatorluğun əlindən qurtaracağız" mesajını ünvanlayıb.
Mursinin
rəsmi Facebook səhifəsində dərc olunan Ramazan Bayramı mesajında
deyilir: "Böyük Misir xalqı bayramınız mübarək olsun, inqilabçı və
azadlıqsevər mövqeyiniz mübarək olsun. Bu zindanlarda keçən hər günüm
hamımızın çiyinlərimizdə daşıdığınız azadlıq və ədalət mücadiləsinə
inamımı artır. İnqilab başlayıb və sonuna qədər də davam edəcəyik. Hər
keçən gecə zalımların zəifliyi və çarəsizliyini daha dərindən dərk
edirəm. Gözümdə daha da kiçilirlər".
Təbrikdə həmçinin bu
fikirlər də qeyd edilib: "Misirimizi bu diktaturanın əlindən xilas
edəcəyik. Ruhum və əzmim zəifləmədi. Qələbəyə olan inamımın isə sərhədi
yoxdur. İnqilab tariximizi bütün xalqlar oxuyacaq. Belə dövrdə
vətəninizin qurtuluş yolu olan inqilabınızı tamamlayın. Birlik olun,
qarşıdurmadan çəkinin. Bir-birinizlə çəkişməyin. Sonra sahib olduğunuz
güc əlinizdən gedər. Bayramınız mübarək olsun. Müzəffər inqilab iliniz
mübarək olsun"
Qeyd edək ki, Qahirə məhkəməsində ötən ay
devrilmiş prezident M.Mursi barəsində iki iş üzrə edam qərarı verilib.
O, Fələstinin HƏMAS, Livanın "Hizbullah" təşkilatına və İran İslam
İnqilabı Keşikçilər Korpusuna (SEPAH) casusluq etmək və 2013-cü il
yanvarın 25-də baş vermiş inqilab zamanı həbsxanalara basqın
düzənləyərək bəzi məhkumları qaçırmaqda ittiham olunub.
Vətəninfo.az