Müstəqilliyimizin 25 ili- Həmişə birlikdə olmalıyıq

Müstəqilliyimizin 25 ili- Həmişə birlikdə olmalıyıq
Dilavər Əzimli 

Bu gün Azərbaycanın müstəqilliyi barədə qəbul edilən Ana Yasa Aktıın 25 illiyi tamam olur. 25 il bundan qabaq Azərbaycan rəsmi şəkildə özünün ikinci müstəqilliyini bəyan etdi. Buna qədər çətin və ağlr bir mübarizə keçdik. SSRİ imperiyası və bir də onun müdafiə edən, iliyinə qədər ruspərəst qüvvələrlə üz-üzə idik. 1991-ci ilə qədər nə qədər qurbanlar verdik. "20 yanvar” şəhidlərini dəfn etdik. Bu qanlar əbəs getmədi. XX əsrdə ikinci dəfə müstəqilliyimizə qovuşmağımız, bunu görmək və yaşamaq tarixi xoşbəxtlik idi. Həmin günlər yadımdadır. 

Hamı "Azadlıq” meydanına yığışmışdı. O zaman Azərbaycan Ali Sovetinin sessiyası toplanmışdı. Yanvarın 18-i idi. Ali Sovetdən "Azadlıq” meydanına birbaşa translyasiya gedirdi. Demblok deputatları çıxış edirdi. Ana Yasa Aktının maddələrini isə Demblokdan olan Tofiq Qasımov oxuyurdu. Təəssüf ki, bu insan indi mühacirətdədir. Yaşının ahıl vaxtında doğma vətəndən ayrı düşdü. Onu artıq çoxları belə unudubdur. Hətta o zamankı yaxın silahdaşları belə....O zaman Ana Yasa bütün deputatlar tərəfindən dəstəkləndi. Bu tarixi bir gün idi. O zamandan düz 25 il keçir. 25 il az deyildir. Bir əsrin dördə biridir. Bu 25 il imkan verir ki, o gündən bu günə boylanaq. Bu gün tarixmizə, tarixi şəxsiyyətlərimizə hücuma keçənlərə o gündən bu günə boylanmağı təklif edirəm. 

Bu gün Babəki, Şah Xətayini damğalayıb üstünə gedənlər bir anlıq bu 25 ildə nəyin və necə dəyişdiyinin fərqində olsunlar. Baxın, o zaman bir yerdə olanlar indi düşməndirlər. Bir-birlərini istənilən anda qurban verə bilərlər. Amma o zaman onların əksəriyyəti bir süfrədən çörək yeyir, bir ananın süfrəsinə qonaq olur, yasda və toyda bir idilər. İndi onlar müxtəlif düşərgədə olmaqla bir-birlərini ittiham edirlər. Hətta 25 illlə bağlı keçirilən tədbirdə də bu özünü göstərmişdir. Bir-birinə nifrət edən bu şəxslər həmin gün xidməti olnaları belə danırlar. Dostlar, bu bir tarixdir! Biz tarixə qiymət verməyi bacarmalıyıq. Bu gün keçmişimizi ittiham edirik! Həm də kim ittiham edir? Özləri ittiham obyekti olanlar! 

Bunlar tarixi qəhrəmanlarımıza hücuma keçilər! 1991-ci ildə güclü bir gənclik var idi. Hamı Qarabağa döyüşə getməyə hazır idi. Millilik həddən artıq yüksək idi. Vətən uğrunda döyüşmək hamının müqəddəs arzusu idi. BDU-nun qızları da döyüş hazırlığına gedir və Qarabağa gedəcəkləri günü həsrətlə gözləyirdi. Bəs indi? Nədən belə oldu? Bu gün cəmiyyətimiz nədən belə parçalandı? Bizdə kimi dindirsən deyir ki, siyasət çirkin işdir, ona qoşulmayın. Əksinə, siyasət əxlaqı sevir. Dünyada yüzlərlə insanı misal göstərərəm ki, əxlaqa söykənən siyasət aparıblar. Siyasəti çirkin adamlar aparırsa, onda siyasət də çirkin olur. Məslən, Məhəmməd peyğəmbər (s.ə.s), Raşidi xəlifələr (ə) dövrünü yada salın və bunu Müaviyə, I Yezid dövrü ilə müqayisə edin. Baxın, əxlaqa söykənən bir siyasəti, hiyləyə, çirkaba söykənən siyasət necə də əvəz edir və bəşəriyyətə çirkin əxlaq nümunəsi aşılayır. Tarix boyu Türk sultanları, xaqanları, padişahları və şahları məhz əxlaqa söykənən siyasət aparmışlar. Bu cür siyasətin nümunəsini 1918-20-ci illərdə, bir də 1992-ci ildə Əbülfəz Elçibəyin simasında gördük. Əxlaqa söykənən siyasət milləti xoşbəxtliyə aparar. Gəlin bu cür siyasətə üstünlük verək! Sözümün canı ondadır ki, biz tarixi keçmişimizin üzərinə hücuma keçəndə bu 25 il müstəqllik dövrünə də obyektiv baxaq! Bu müstəvidən baxsaq, bu millətin günahı yoxdur. Milləti irəli aparan onun başbilənləridir. Əgər başbilənlər parçalanıb bir-birini ittiham edirsə, millət o zaman onların ardınca getməz. Bu milltənin tarixi bunu dəfələrlə sübut edibdir! Gəlin əxlaqlı siyasətə üstünlük verək! Gəlin bu millətin xoşbəxtliyi naminə birləşək! 
Gəlin Qarabağımızın xilası naminə birləşək! Gəlin Bütöv Azərbaycan dünyasının, Turan dünyasının naminə birləşək! Vətən bizi buna səsləyir. Çanaqqala döyüşündə qəhrəmanlıq göstərib 237 kiloqramlıq mərmini topa qoyub atan və ingilis gəmisini məhv edən Seyid Əlidən bunu necə götürdüyünü soruşanda cavab veib ki, "Anam məni yola salanda dedi ki, oğul, mən səni şəhid olmağa göndərirəm! Əgəb bu ölkədə Azan səsi kəsiləcəksə, əgər Sultan Məhəmməd Fatehin məzarı kirlənəcəksə, əgər bu ölkə düşmən əlinə keçəcəksə, sən evə qayıtma, şəhid ol orada qal!”. 

Gəlin biz də bu Vətən uğruna şəhid olmağı bacaraq! Bundan ötəri isə birləşmək lazımdır! Bu Vətənin iqtisadi vəziyyətini düzəltmək lazımdır! İnsanlara firavan həyatı təmin etmək lazımdır! Əxlaqlı siyasət yürütmək lazımdır! Bu mümkündürmü? Mümkündürsə, biz qalib gələcəyik! Mümkün deyilsə, mövcud durumla bizi hesablaşdıracaq və Vətən torpaqları da parçalanmış vəziyyətdə əsrlərlə qalacaqdır! Allah bizi bundan qorusun!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az