Yanvarın 27-də Naxçıvan MR Yazıçılar Birliyində şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərur” ədəbi birliyinin rəhbəri İbrahim Yusifoğlunun yenicə çapdan çıxmış “Seçilmiş əsərləri”nin imza günü keçirilib. “İmza günü”ndə şairin qələm yoldaşları, ədəbi tənqidçilər, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvanda müxtəlif şair və yazıçıların çapdan çıxan kitablarının imza günlərinin keçirilməsi ənənəsinin formalaşmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, imza günlərinin keçirilməsi ədəbi mühitin formalaşmasına, şair və yazıçılar arasında əlaqələrin daha da güclənməsinə təkan verməklə yanaşı, yazıçılarla-oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edə bilər. Şair İbrahim Yusifoğlunun yenicə çapdan çıxmış “Seçilmiş əsərləri”nin ikinci cildində toplanmış şerlərin ədəbi məziyyətlərindən danışan Naxçıvan MR Yazıçılar Birliyinin sədri bu cilddə toplanan əsərlərin uşaq şerlərindən ibarət olmasının təqdirəlayiq olduğunu deyib. “İmza günü”ndə şairin qələm yoldaşları və ictimaiyyət nümayəndələrindən Həsənəli Eyvazlı, İlyas Fərəməzoğlu, Əbülfəz Muxtaroğlu, Vəli Qaraxan, Elxan Yurdoğlu, Elnur Kəlbizadə, Sona Yaqub, Nazlı Hacılı və başqaları çıxış edərək İbrahim Yusifoğlu yaradıcılığının özünməxsusluqlarından danışıblar. O da qeyd olunub ki, “Seçilmiş əsərləri”n ikinci cildində toplanan şeirlər son dövrlərdə uşaqlar üçün yazılmış ən dəyərli ədəbi nümunələr hesab edilə bilər.
Müəllif “İmza günü”ndə iştirak edən bütün qələm dostlarına və ictimaiyyyət nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, İbrahim Yusifoğlunun “Seçilmiş əsərləri”nin birinci cildi 2011, ikinci cildi isə 2012-ci ilin sonrlarında çapdan çıxıb. 22-dən çox kitabın müəllifi olan İbrahim Yusifoğlunun əsərləri fransız və türk dillərinə tərcümə olunub.
Elnur Kəlbizadə