Nurlsultan Nazarbayev bu dəfə Ukrayna-Rusiya münasibətlərinin tənzimlənməsinə səy göstərir
Hazırda mütəxəssislər dünyanın geosiyasi nizamının pozulduğunu və yenisinin formalaşmadığını vurğulayırlar. Hətta indi «idarə edilən xaos» adlandırılan bir halın müşahidə edildiyi də qeyd olunur. Rusiyada cərəyan edən proseslərə qlobal miqyasda verilən reaksiyalar bu fikirləri bir növ təsdiq edir. Ancaq nəzərə almaq lazımdır ki, bu, olduqca riskli vəziyyətdir. Dünya həmin mövqedən tənəzzülə düşə bilər. Onun xilası üçün isə deyəsən, böyük dövlətlər düşünmürlər. Onların hər biri öz marağına üstünlük verir. Rusiya-Ukrayna münasibətlərində isə «yumşalma» hiss olunmur.
Ümumiyyətlə, başa vurduğumuz 2014-cü il dünyada bir çox ictimai-siyasi hadisələrlə yadda qalsa da, daha çox Ukrayna vətəndaşlarının həyatında silinməz izlər qoydu. Bu ölkə ötən il müstəqillik dövrünün çox ağır və dramatik anlarını yaşadı. Krım yarımadasının itirilməsi və ölkənin şərqində separatçıların baş qaldırması sözsüz ki, Ukrayna-Rusiya münasibətlərini çox dərin qarşıdurmaya yuvarlatdı. İki ölkə arasında konfliktin açıq müstəviyə keçməsi münaqişəni daha da odlandırdı. Təbii ki, dünyanın və Avropanın siyasi dairələri məsələyə öz maraqları dairəsində yanaşma sərgilədilər.
Bütün bu deyilənlərlə yanaşı, Ukrayna və onun ətrafında baş verən hadisələrə daha çox Belarus və Qazaxıstandan reaksiya gəldi. Daha doğrusu, Qazaxıstan Ukraynadakı münaqişə odunun söndürülməsinə digər ölkələrdən fərqli olaraq həssas yanaşma göstərdi.
Ümumiyyətlə, 2014-cü il müstəqillik kursunun gücləndirilməsi istiqamətində Qazaxıstan diplomatiyasının aktivləşməsi ili kimi yadda qaldı. Rəsmi Astana istər Rusiya, istərsə də digər ölkələrlə siyasi və iqtisadi əlaqələrində həm neytrallığını qorudu, həm də baş verən proseslərdə öz obyektiv mövqeyini ortaya qoydu. Təbii ki, bərabərlik müstəvisinə söykənən bu siyasət dünya masştablı xoşagəlməz olaylara da biganə qala bilməzdi. Bu mənada Ukrayna-Rusiya konfliktinin dərinləşməsi, eyni zamanda Qərb dairələrinin Rusiyaya qarşı kəskin mövqe tutması, Qazaxıstan kimi sülhsevər imic qazanan bir ölkənin baş verənləri müşahidəçi qismində seyr etməsi ilə sonuclana bilməzdi.
Postsovet ölkələrinin 1992-ci ildən sonra öz aralarında baş verən konfliktlərin tənzimlənməsində həmişə «arxitektor» rolunda çıxış edən təcrübəli Nursultan Nazarbayev bu dəfə də öz ənənəsinə sadiq qalaraq Ukraynadakı dramatik gərginliyin aradan qaldırılması üçün öz vasitəçilik missiyasını təklif etdi. Bunu əslində «xilasedici missiya» kimi də qiymətləndirmək olar. Təkcə bir faktı nəzərə almaq lazımdır ki, keçmiş SSRİ-nin iki böyük dövləti arasında dialoqun belə bir dalana dirənməsi son 20-22 il ərzində heç vaxt baş verməmişdi. Artıq dünya və Avropa dövlətlərinin həm Ukraynaya, həm də Rusiyaya formalaşmış bir baxışları ortaya çıxmışdı. Sanki «ədalətli arbitr» funksiyasını heç kim öz öhdəsinə götürmək istəmirdi. Avropa Şurası və Avropa İttifaqına üzv olan və xüsusi çəkiyə malik dövlətlərin Kiyevlə siyasi və iqtisadi əməkdaşlığa can atması, şübhəsiz ki, əks düşərgəni qıcıqlandırırdı. Təbii ki, vəziyyətin belə həddə gəlib çıxması istər Belarus, istərsə də Qazaxıstan üçün də gələcəkdə Ukrayna və Rusiya ilə münasibətlərdə sabit perspektivlər vəd etmirdi. Ona görə də sözügedən ölkələrin liderləri bu məsələyə biganə qala bilməzdilər.
Maraqlıdır ki, Nurlsultan Nazarbayev vasitəçilik missiyası ilə kifayətlənmədi. O, Ukrayna ilə danışıqlar prosesinin yeni modelini təklif etdi. Qazaxıstan lideri Fransa Prezidenti F.Olandla görüşdə Ukrayna ilə dialoqu daha da genişləndirməyin zəruriliyini irəli sürdü. Kiyevə səfəri zamanı isə qarşı tərəfin daha çox iqtisadi əməkdaşlığa üstünlük verməsini tövsiyə etdi.
Bütün bu mütərəqqi və sülhsevər addımların atılmasına mane olmaq istəyənlər də tapıldı. Lakin Nurlsultan Nazarbayev özünün dövlətçilik siyasətinə sadiq qalaraq belə təzyiqlərə görə qətiyyən geri çəkilmədi. Dünya ictimaiyyətinin Qazaxıstanı məhz sülhsevər bir dövlət kimi tanıması sözsüz ki, qara qüvvələrin ram edilməsində öz rolunu oynadı. Nurlsultan Nazarbayev bununla bir daha sübut etdi ki, Ukraynadakı böhranın tənzimlənməsinin və aradan qaldırılmasının çıxış yolu ambisiyalı siyasətdə yox, sadəcə «menecmentlik» siyasətindədir. Təsadüfi deyil ki, o, Ukraynalı həmkarı Petro Poroşenko ilə görüşündən sonra belə demişdi: «Qazaxıstan həm Rusiyaya, həm də Ukraynaya eyni müstəvidə yanaşır. Mən bu işdə, necə deyərlər, sadəcə «vicdanlı menecment» rolunu oynayıram. Heç kimin tərəfini saxlamayan, «neytral bir menecment, vəssalam».
Çox keçmədi ki, Qazaxıstanın dövlət başçısı Donbasa humanitar yardımın göndərilməsinə qərar verdi. Daha doğrusu, bu qərar hələ «Ukraynanın cənub-şərq bölgələrinə humanitar yardım edilməsinə dair» hələ 19 dekabr 2014-cü ildə qəbul olunmuşdu. Bu məqsədlə dövlət ehtiyat fondundan 70 milyon tenqe ayrıldı. Ötən ilin sonlarında isə həmin yardımın ilk partiyaları Donbas və Luqansk vilayətlərinə yola salındı.
Təbii ki, humanitar yardım hər şeyi həll etmir. Nurlsultan Nazarbayevin özünün qeyd etdiyi kimi, on illər boyunca siyasi mübarizələr sonda belə konfliktlərlə nəticələnməliydi. «Doğrudanmı, siz elə fikirləşirsiniz ki, sadə bir insan öz evindən çıxar, belə götürür və döyüşməyə, kimisə öldürməyə gedir? Heç vaxt bel şey mümkün deyil. Onları qardaş qırğınına siyasətçilər göndərirlər» - deyə Qazaxıstan lideri bildirir. Onun fikrincə, belə siyasətçiləri vaxtında dayandırmaq lazımdır.