Azərbaycan Ziyalılar Forumunun rəhbərlərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov “Azadlıq” radiosunun suallarını cavablandırıb.
- 2 il əvvəl “Azadlıq” radiosuna müsahibənizdə demişdiniz ki, İlham Əliyevə alternativ görmürsüz. Bir müddət sonra başqa bir müsahibənizdə dediniz ki, Mehriban Əliyeva real alternativ ola bilərdi. Üstündən xeyli vaxt keçib. Bu gün nə demək istərdiniz?
- Mən “prezident kimi İlham Əliyevə alternativ görmürəm” deyəndə bizim mövcud olduğumuz ictimai-siyasi konteksti nəzərdə tuturdum. Yəni real oyunçular var, onlar seçkidə iştirak edə bilərlər, amma seçkilər elə keçirilir ki, müəyyən qrup insan nəticələri istədikləri kimi təqdim edir. Deyirdim ki, hakimiyyətdə İlham Əliyev səviyyəsində olan şəxs görmürəm. Çünki onun ətrafındakı komanda, belə deyək, nəyəsə qadir olan adamlar deyil. Digər siyasi fiqurları isə müxtəlif bəhanələrlə prosesə yaxın buraxmayacaqlar. Buna görə də, necə deyərlər, pislərin içində ən az ziyanlısını seçmək lazımdır. Mən bu məntiqdən çıxış edirdim.
- Pislərin içində ən az ziyanlısı?..
- Bəli. Digər tərəfdən mən konstitusiyaya edilən dəyişikliklərdən çox məyus oldum. Referendum və müxtəlif cür başqa bicliklərlə – mən bunun təfərrüatını bilmirəm – prezidentin üçüncü dəfə seçilməsinə imkanı yaradıldı. Onda mən dedim bu, Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, biz öz imzamızla rəsmən təsdiqləyirik ki, artıq demokratik dövlət deyilik, burada avtoritar rejim diktaturaya çevrilməkdədir.
Dedim ki, Rusiyada Medvedyevlə bağlı məsələ fikirləşib tapıblar. Yəni iqtidar hakimiyyəti əldən vermək istəmir, bir alternativ fikirləşib tapır, müəyyən oyun oynayır. Buna oxşar şeyi Azərbaycanda da etmək olardı. Mənim Mehriban xanıma böyük simpatiyam var – yəni onlar bu dekorativ yerdəyişməni burada da edə bilərdilər. Və bu, ölkədə baş verənlərin mahiyyətini pərdələmiş olardı. O ölkə ki, faktiki olaraq dar bir dairə tərəfindən özəlləşdirilib. Mən məhz bunu nəzərdə tuturdum.
Bu gün vəziyyət dəyişməyib. Müxalifət hakimiyyətlə ciddi rəqabət aparmağa qadir deyil. Buna görə də mən onlardan heç birinin adını çəkmirəm. Baxmayaraq ki, onların arasında hörmətli insanlar var və mənim onlara münasibətim yaxşıdır. Amma mən anlayıram ki, onların seçkidə qalib gəlmək üçün real şansları yoxdur. Xüsusən də seçkilərin necə keçirildiyini bildiyim üçün. Ona görə də bunu məyusluqla deyirəm – bu gün də alternativ görmürəm.
Əgər seçkilər normal, ədalətlə keçirilsəydi, namizədlər çox olardı. Özü də ciddi, dərin, ağıllı namizədlər. Onlarla dünya da hesablaşardı. Çox layiqli namizədlər olardı. Amma mən reallığa əsaslanıram.
- Axır yarım ildə Ziyalılar Forumu fəaliyyətini gücləndirib.
- Forum çoxdan fəaliyyət göstərir, deməzdim ki, axır yarım ildə aktivləşib. Bəlkə də bəzi addımlarımız daha çox diqqət çəkib. Mən fransız ordenindən imtina etdim, bu diqqət çəkdi. Halbuki bunun foruma heç bir aidiyyəti yoxdur, mənim fərdi jestim idi. Forumun oteldə toplantı keçirmısinə imkan verilməyəndə daha üç cəhd etdik, amma bizi başqa otellərə də buraxmadılar. Buna görə də mən toplantını öz evimdə keçirməyə məcbur oldum. Mənə dedilər ki, Əlimərdan bəy Topçubaşovdan sonra ilk dəfə idi ki, kimsə ictimai toplantını şəxsi evində keçirirdi.
Bu yaxınlarda mitinqə getdim. Bunun da foruma aidiyyəti yoxdur. Mən Bakıya aprelin 7-də gəlmişdim, mitinq xəbərini eşitdim və 7 illik fasilədən sonra ilk dəfə keçirilən icazəli mitinqə qatılmaq qərarı verdim.
Bu, sıravi bir azərbaycanlının, Azərbaycan ziyalısının hərəkəti idi. Mitinqdə danışılanlara xüsusi əhəmiyyət vermədən öz dəstəyini nümayiş etdirmək istəyən ziyalının. Vacib olan orada xalqın fikrinin ifadə olunması və buna icazə verilməsi idi. Bu işə dəstək vermək lazım idi ki, bunun hamıya maraqlı olduğu aydın olsun.
- Forumun fəaliyyəti sizin ona sərf etdiyiniz vaxt və enerjiyə dəyərmi?
- Bizim söhbətlərimiz, çıxışlarımız bizim qələbəmizdir. Bizim üçün, mənim üçün çox vacibdir ki, alçaldıcı vəziyyətdən azad olaq. Səni avam, axmaq, qul sayırlar, hesab edirlər ki, ölkədə nə baş verdiyini anlamırsan.
Fikrimi deməyim mənim qələbəmdir. Mənim nail olmaq istədiyim elə budur. Əgər bu mövqe müəyyən sayda başqa insanın mövqeyi ilə səsləşsə, bu, hansısa nəticələrə aparıb çıxara bilər.
Mən bunun təşkilatçısı deyiləm, amma mən öz borcumdan çıxıram və ümid edirəm ki, başqaları da bunu edəcək. Bax bu, rezonans adlanan nəticəyə aparıb çıxaranda Azərbaycanda çox ciddi ictimai dəyişikliklərə səbəb ola bilər.
İkinci məqsəd odur ki, nə qədər qəribə səslənsə də, indiki hakimiyyəti xilas etmək istəyirəm. Nəyi nəzərdə tuturam? Mən konkret insanları nəzərdə tutmuram. Mən inqilablardan qorxuram. Mən və mənim yoldaşlarım çalışırıq ki, Azərbaycanda baş verən biabırçılıqlar getdikcə aradan qalxsın, Azərbaycanda Yaxın Şərqdə baş verən və təkrarlanan hadisələr baş verməsin. Çünki bütün inqilablar zamanı hadisələr nəzarətdən çıxır, hər iki cəbhədən ən yaxşı insanlar ölür.
Buna görə də biz Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına çalışırıq. Güclü vətəndaş cəmiyyətinin formalaşacağı, demokratik mühitdə xalqın dəstəyinə arxayın olacağımız halda hakimiyyət vətəndaş cəmiyyətinin fəal şəkildə irəli sürdüyü tələblərlə hesablaşmalı olacaq. Bu, çox vacib məsələdir. Çünki kimlərisə yenidən tərbiyə etməyə ümid yoxdur, onları indi başqaları ilə əvəzləmək də o qədər də real deyil. Amma onları hansısa ictimai, demokratik normaları yerinə yetirməyə məcbur etmək mənə az-çox real görünür. Rusiyada baş verən və bizim də təqlid etməyə çalışdığımız hansısa kiçik dəyişikliklər də göstərir ki, insanlar meydana çıxandan, fikrini deyəndən sonra hətta Putin kimi çox möhkəm, nə istədiyini bilən adam da dərhal nələrisə yenidən baxmağa başladı.