Nəriman Əliyev -“15 iyun xalqın Qurtuluş günü”

Nəriman Əliyev -“15 iyun  xalqın Qurtuluş günü”

Müasir Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazılan bir gün var – 15 iyun. Qurtuluş günü kimi qeyd olunan bu möhtəşəm  tarix 70 illik sovet əsarətindən xilas olaraq müstəqilliyini yenicə qazanmış milyonlarla azərbaycanlının yaddaşlarında əbədi olaraq həkk olunacaq. Məhz bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə müstəqillik tariximizdə yeni bir səhifə açdı. Özbaşınalığın, hakimiyyətsizliyin, xaosun hökm sürdüyü, parçalanmaq təhlükəsi ilə üzləşmiş bir dövlət özünün qurtuluş nicatını böyük siyasi xadim, geniş zəkaya malik Heydər Əliyevin timsalında tapdı. 1991-1993-cü illər ərzində ölkədəki müxtəlif siyasi və silahlı qruplaşmalar arasında gedən hakimiyyət mübarizəsinin əsirinə çevrilmiş Azərbaycan dövləti və xalqının ümummilli lider Heydər Əliyevə olan ümidləri özünü qısa zamanda doğrultdu. 

Əgər həmin dövrdə baş verən olayların xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, 15 iyun müasir Azərbaycan dövlətçiliyinin hazırkı güclü əsaslarla formalaşmasında, vahid hakimiyyət ətrafında sıx birləşməsində önəmli rol oynadı. 1992-93-cü illərdə siyasi kataklizmlər yerini ciddi vətəndaş qarşıdurması təhlükəsinə vermiş, müxtəlif ambisioz qüvvələrin də iştirakı ilə vətəndaş müharibəsi əslində reallığa çevrilməkdə idi. Bir tərəfdən qiyama qalxmış qüvvələr, digər tərəfdən isə o zamankı hakimiyyətin özündə parçalanmanın yaşanması ölkədə əsl xaos yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyam, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən hərbi silahlı birləşmələrin Bakıya doğru istiqamət götürməsi, hökumət qüvvələri ilə onlar arasında yaşanan silahlı toqquşmalar artıq ölkədə vətəndaş müharibəsinin simpdomlarının mövcudluğunu ortaya qoydu. Belə ağır bir vəziyyətdə, məsuliyyətli anda Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Ulu öndər beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi, Azərbaycan dövlətinin varlığını qorudu.  H.Əliyevin heç nədən çəkinmədən Gəncəyə səfər etməsi, baş verən olaylarla yerindəcə tanış olub operativ qərarlar verməsi Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasında önəmli rol oynadı. 

Heç kimə sirr deyil ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olub. 15 iyun – Qurtuluş günü müasir Azərbaycanımızın 21-ci əsrdə bölgənin lider dövlətinə çevrilməsinin, beynəlxalq aləmdə öz sözünü deməyi bacarmasının, güclü, demokratik və hüquqi dövlət statusunu əldə etməsinin özülünü qoydu.     

Həmin dövrdə xalqımızın üzləşdiyi çətinliklər tək 4 iyun Gəncə qiyamı ilə yekunlaşmırdı. Ölkənin cənubunda və şimalında xarici qüvvələrin dəstəyi və planları əsasında hərəkət edən separatçı qüvvələrin əməllərinə də son qoyuldu. Ümummilli liderin xalqa çağırışı həmin bölgənin əhalisi tərəfindən qətiyyətlə eşidildi və məhz xalqın böyük düha sahibinə olan inamı separatçı meyllərin planlarının ifşa olunmasına, təhlükənin aradan qaldırılmasına və Azərbaycanın parçalanmasının qarşısının alınmasına zəmin yaratdı. Lakin bu hadisələr ölkəmiz üçün heç də zərərsiz ötüşmədi. Cəbhə xəttindəki hərbi birləşmələri idarə edəcək vahid siyasi və hərbi komandanlığın olmaması, ölkənin şimal və cənubundakı separatçı meyllərin güclənməsi ermənilərə cəbhə bölgəsində daha güclü işğalçı siyasət həyata keçirməyə şərait yaradılırdı. Bunun nəticəsi idi ki, həmin günlərdə Füzuli və Cəbrayıl rayonları ermənilər tərəfindən işğal olundu. Amma Azərbaycanı parçalamaq istəyənlər öz arzularına çata bilmədilər. Separatçılarla yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular. Xalq dövlətini yad mənafelərin ucuz oyunlarına qurban vermədi, öz rəhbərinin ətrafında sıx birləşdi. Ümummilli liderin ölkədə siyasi sabitliyi bərpa etməsindən sonra Füzuli istiqamətində Azərbaycan ordusu çox uğurlu hərbi əməliyyatlar həyata keçirtdi. Bunun məntiqi nəticəsi olaraq Ermənistan rəhbərliyi 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur oldu. Bütün bunlara baxmayaraq Azərbaycanın başının üstündən qara buludlar tam çəkilməmişdi. 1994-1995-ci illərdə yenə də ölkəmizin güclənməsini istəməyən, parçalanmasını arzulayan xarici qüvvələrin dəstəyi ilə iki dəfə dövlət çevrilişinə cəhdlər oldu. Yenə də xalq ümummilli liderinin ətrafında sıx birləşərək müstəqilliyini, suverenliyini, özünün iradəsi ilə hakimiyyətə gətirdiyi liderini qorudu.  

Belə gərgin bir vəziyyətdə Heydər Əliyev uzaqgörən siyasət yürüdərək gərgin diplomatik gedişlər edərək 1994-cü ilin sentyabrında müasir Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən «Əsrin müqaviləsi»nin imzalanmasına nail oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kurs hazırda hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin ideyaları müasir Azərbaycan gəncliyinin, dövlətinin əsas inkişaf prioritetlərini təşkil edir.   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az