Oxucusu... BÖYÜK(lər olan) Şair

Oxucusu... BÖYÜK(lər olan) Şair
Aydın Canıyev

Ramiz Qusarçaylının 60 yaşına 1001 söz...

Meşəyə odun aparmazlar, eləmi? Bəs onda Sözü Şeir olanın özü haqqında söz deməyin yeri varmı?

Şair Ramiz Qusarçaylı şeirləri birmənalı şəkildə oxunası, sevilərək, əzbərə götürülərək, məclislərdə səsləndirilərək oxunası zirvədədir! Ədəbiyyatşünaslıq nəzəriyyəsinə əməl etmək yaşında deyil, bu nəzəriyyənin tələblərinə öz qaydalarını diqtə etmək, ədəbi tənqidə yol göstərmək ucalığındadır!

Ramiz Qusarçaylının bu 60 yaşına çatanacan əldə etdiyi saysız-hesabsız uğurların ən gözəli... artıq yaş senzini sıfırlamasıdır: daha Ramizin nə vaxt dünyaya gəldiyi, neçə yaşında olduğu, bu dünyadan haçan köçəcəyinin bir anlamı yox! Çünki o, ədəbi planetin əzəli və əbədi nümayəndələri sırasında ayrıca ulduzdur artıq - min il, milyon il o yana, min il, milyon il bu yana gəlmişlər, getmişlər onu qarşıladılar, gördülər, qarşılayacaqlar, görəcəklər!
Bilirsinizmi, necə qazandı bunu?
Ədəbiyyat cameəsindəkilərdən yığıb bir simpoziumvari məclis təşkil oluna, 1001 gecə orda Sözdən danışıla, o 1001 gecənin hər birində Ramizin adı çəkiləcək: ən azından belə: "ən qəşəngini Ramiz yazıb”, "Ramizin də belə bir şeiri var”, "bunu ancaq Ramiz yazıb”, "Ramizin yazdığı ilk idi”, "nöqtəni Ramiz qoydu!” Çünki Yer üzündə Sözə material ola biləcək nə varsa, QUBAlı Ramiz Həmzəyev QUSARçaylı təxəllüsüylə ölü, diri, canlı, cansız, ali, adi... Yaradanın əlinə, ruhuna, qüdrətinə məxsus DÜNYAya söz müstəvisindən:

həkimlik, bənnalıq, dülgərlik, xarratlıq, dəmirçilik, daşyonanlıq, rəssamlıq, bəstəkarlıq, xanəndəlik, şahlıq, prezidentlik, nazirlik, müəllimlik, ustadlıq edib. Hətta Söz planetində torpağın altına girib, üzə çıxardıb: kömür, qızıl, dəmir, mis, alüminium, platin, almaz, zümrüd... əlqərəz, "Sözün Mendeleyev cədvəli”ndə olan bütün hamısını olduğu kimi çıxarsa da, cilalayıb matah edib! Amma heç bir halda Sözlə gədəlik, Sözə gorqazanlıq etməyib. Sözün mürdəşiri olmayıb! Sözün Ağası, Qəyyumu, Sponsoru olub!
Ramiz Qusarçaylını BÖYÜK edən, ALAYI edən, AĞA edən Yaratmasıdır!
Ramiz Qusarçaylını ədəbi planetdə öz adında ULDUZ edən danışmamasıdır! Yaratmasıdır!
Ramiz Qusarçaylını hər yerdə dilə gətirdən hər yerdə var olmasıdır və özü də hər yerin böyüklərinin dilində var olmasıdır! Olduğu yerləri və adamları Yaratmasıdır!
İntizarda qalmayasınız deyə, konkretləşdirirəm: Ramiz Qusarçaylını BÖYÜK OXUCUlar – qlobal düşüncəyə, açıq təfəkkürə, əzəliyyətdən əbədiyyətə gedən yolu bilən, Söz Materikində özünün ekvatordan yuxarıda, ya aşağıda olmasını müəyyənləşdirən, Sözün fəsillərini bilən, Sözün dadını, gözəlliyini, arını, namusunu, ləyaqətini, qəhrəmanlığını, cəsurluğunu, səsini, rəngini, nütfəsini, boyunu-buxununu, yerini və yerişini, ədasını, nazını, böyük-kiçikliyini, siyasətini, diplomatiyasını bilən – oxuyur!
Ramizin oxucuları BÖYÜKdür. Ad çəkib ara qarışdırmayacam, bir şair vardı, başımı xarab edirdilər gündə yazdığı şeirlərlə, təpəmi atdırırdılar, birnəfəsə 40 şeirini oxuyurdular, məni qanmazlıqda ittiham edirdilər, axırda o qırx şeiri özlərinin ifasında diktofona yazıb, təzədən özlərinə qulaq asdırdım və yekun qərarımı dedim:
- Nə qədər ki, Azərbaycanda oğlanlar 16 yaşa çatıb qız istəyəcəklər sevməyə, evlənməyə, nə qədər ki, qızlar həddi-büluğa çatıb özlərinə sevməyə oğlan, ərə getməyə kişi axtaracaqlar, nə qədər kişilər və qadınlar zina edəcək, "gizli aşk” yaşayacaq, boşanmalar olacaq, o vaxtacan sizin şairiniz dahi sayılacaq: pablarda, barlarda araq-pivə-çaxır-viski-rom-rakı içilərkən, otel odalarındakı yapılan "intim savaşlar” zamanı göz yaşları axıdılarkən... Bildiniz də nə deyirəm? Sizin dahi dediyiniz paça şairidi, söz şairi yox, açılın başımdan!
Zaman-zaman böyük oxucular olub! Böyük oxucular böyük dəyərlərə saqqal tərpədiblər. Ramiz Qusarçaylının özünün və sözünün başına toplananda görürsən ki, hamı bir-birinin yanında itir və həm də iddia, təkəbbür, xəbislik, nadanlıq, paxıllıq itir!
Ramiz Quarçaylını Məmməd Araz oxuyub!
Ramiz Qusarçaylını Məmməd İsmayıl oxuyub!
Ramiz Qusarçaylını Məmməd Aslan oxuyub və... razı qalıblar! Üstəlik rəy də bildiriblər!
O Məmməd Aslan ki...
Birincisi, dünən ad günü idi. İkincisi də, Ramiz Qusarçaylıdan təqvimdə bir gün və... həm də tarixdə bir qərinə əvvəl dünyaya, eləcə də söz dünyasına gələn Söz Kişisi!
2003-cü il idi. Dəniz qırağındaydım Hövsanda. Tanımadığım nömrədən zəng gəldi. Mən tanımadığım nömrədən gələn zənglərə cavab vermirəm. Amma yanımdakı israr etdi:
- Cavab ver. Nə gizli işin var ki, kimə atmısan ki, kimdən çəkinirsən ki, məndən nə gizlin sirrin var?
Beləcə povokasiyaya çəkdi! Açdım telefonu. Salamsız-filansız adam başladı e:
- Sən kimsən ki, elə yazı yazmısan? Sən hardan bilirsən ki, SÖZ nədir? Sən nə bilirsən Yaranış, təbiət, təsvir, məcaz, peyzaj nədir? Sən haçandan bədii ifadə vasitələri ilə bədii təsvir vasitələrini qarşı-qarşıya gətirən olmusan? Əclaf, sən necə yaza bilmisən o yazını?! Hardasan sən?
- Üzr istəyirəm, tanımadım, həm də bilmədim, söhbət hansı yazıdan gedir! Sizin xətrinizə nə və niyə dəyib, bilə bilmədim! Bir də ki, mən şəhərdən uzaqdayam, kimliyinizi də bilmirəm...
- Az danış, hardasansa, dur gəl Az.TV-yə. Ay əclaf, o yazını mən yaza bilərəm! Mən - Məmməd Aslan!
- Məmməd müəllim...
- Gəl çıx bir saata, qapıda tapşırmışam, polis maşının pulunu verəcək, səni də gətirəcək yanıma.
... Cəmi yarım vərəqlik, yəni 1000 işarəni də keçməyən, 1992-ci ildə "Həyat” (indiki "Azərbaycan”) qəzetindəki "Xarı bülbül” yazımı "Üçüncü Azərbaycan”da görəndə, oxuyanda duyğulanmışdı sözü bal-şəkər, Azərbaycan-Türk dilinin şəhidi, ətri adamı heyran edən, mərd sözün, cəsarətli sözün, kişi sözün Aslanı Dədə Məmməd. Nömrəmi öyrənmişdi, pul qoymuşdu qapıda, süfrəsinin mənə ayırdığı yerində öpüb əyləşdirmişdi Ərzurumun gədiyinə sovet dövründə varan Söz Kişi!
Dədə Məmməd Ramiz Qusarçaylını oxuyurdu və ona Şair deyirdi – üfunətli kafelərin dimedrollu içkiləri şah olan yığnaqlarda yox e, rəsmən, Sözün hakimləri, şahları, prezidentləri qarşısında, ən uca tribunalardan!
Hələ gəlib-gedənlərin içində bir də gəlməyəcək ki, bu da gedəcək deyə bildiyimiz Məmməd Araz!
Hələ Osman Sarıvəlli...
Hələ Nəriman Əbdlrəhmanlı...
Hələ Zakir Məmməd...
Hələ Ramiz Əsgər...
Hələ... sırası, sanbalı gözə sığmayan bu nəhənglərin nə ilki bilinir, nə sonu.
Deyilib!
Deyilir!
Deyiləcək:
Azərbaycan bayrağı dalğalananda!
Laçından, Kəlbəcərdən keçəndə!
Şuşada torpağın əyilib öpüldüyü anda!
Suriyada daha uşaqlar ölməyəndə!!!
"Qalatasaray” növbəti dəfə çempion və Avropa kuboklarını alanda!
Bənövşələr hər açanda, yarpaqlar hər solanda, analar qızlarını "uruset” oğlanlarının varına aldanıb qancıqcasına şöhrətpərəstlikləri ucbatından Rusiya çöllərinə gəlin olmağa göndərməklərinin fərqinə varmayanda...
Azərbaycanın və azərbaycanlıların nə qədər müqəddəs olduğu təsdiqlənəndə...
Ramiz Qusarçaylı üçün 60 yaş nədir hələ - mahnı sözləri kmi deyə bilərik, amma əlavə edirəm:
Daha Ramiz Qusarçaylının nə yaşı var, nə də yurdu.
Onun adı və oxucusu var – daimi... ən azından Azərbaycan dili səsləndikcə səslənəcək adı!
Böyük oxucuların olması bütün mükafatları sıfırlayır!
Ramiz zatən də şöhrət adamı deyil, nəfs adamı deyil.
Xoşuma gələn şəklini də əlavə edirəm. Və bildirirəm ki, adam istənilən pozada şəkil çəkə bilər, amma hər kəs Ramiz Qusarçaylı kimi şəklini həmişə bir pozada və haqq etdiyi üçün çəkə bilməyib, bilmir, bilməz də.
Adam mükafatı da, sevgini də, duruşu da gərək haqq edə.
Haqqını halal elə, bizi BÖYÜK OXUCU mötəbərliyinə çatdıran İgid! 
Söz Əmanəti, bil ki, Səndən Özgəmiz yox!

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az