Paşa Talıblı: "Allahın önündən keçdim..."
Ağzıgöyçəklər...
Elə həmənkiyəm dərdi-sərimlə...
...ömrümdə-günümdə həmənkiyəm mən!
...arxamı boş görüb gözünüz gülür,
diliniz dalımca danışır yaman!
...yenə ağzınıza gücünüz çatmır,
deməkdən çənəniz yenə lax düşüb.
...mənə susmaq düşüb dərdin önündə,
eh, sizə də laf-laf danışmaq düşüb.
...yenə ağzınızda sözünüz durmur
—bilirəm, deməyə yoxdu yeriniz.
...ay ağzıgöyçəklər, nə göyçəksiniz!
Mən də bu görkəmdə sizin biriniz...
*
(Emil Rasimoğluna bir neçə sual)
...yenəmi köçür durnalar,
yenəmi çiçəklər qalır?
...yahu, yenəmi bir rüzgar?
Tökülür atların nalı...
...yenə dilsizdimi sükut?
...şahə qalxmaqdamı umud?
...göy üzü yenəmi bulud?
Necədi quşların halı?
...düz gəldik, düz getdik —həmən!
...bir gəldik, yüz getdik — həmən!
...biz gəldik, biz getdik —həmən!
Nə oldu dünyanın dalı?..
Bir gül olmalı...
Havadı, nə bilmək olur...
...bükülsə — bürkü olmalı.
...ən acı, nə varsa —adı
qürbət ya sürgün olmalı.
...açıl, açıl, baxaq —nədir
tellərində duvaq...nədir?
...yaşıl-yaşıl, ağ-ağ —nədir,
deyəsən, bir gül olmalı.
...eşik qar, içəri darmı?
...Yaradan hamıya yarmı?!
...olacağa çarə varmı? —
olmalı, bir gün olmalı!
Bu fani belə şirinmi...
...dilimiz duaya çatmır,
əlimiz göyəmi yoxsa?
...yurdamı bənzər tənhalıq,
qurdamı, nəyəmi...yoxsa?
...bir yuxarı bir aşağı!
...günorta günün işığı.
...bir-birinin yaraşığı—
qılıncmı, tiyəmi...yoxsa?
...bu dad—sözünmü, şerinmi,
xeyirinmi ya şərinmi?
...bu fani belə şirinmi? —
ölürük deyəmi, yoxsa?
*
...göz yaşından keçib getdim,
bir buğda dənindən keçdim.
...eşqi olanın könlündən,
bir fəthin günündən keçdim.
...dünyanın duzuna getdim,
üç arşın bezinə getdim!
...bir yolu düzünə getdim,
bir yolu enindən keçdim.
...başımı dərdə qaldırdım,
qaldırdım, bir də qaldırdım!
...duanı yerdən qaldırdım,
Allahın önündən keçdim.
Çöl...
...yanıldı, deyənlər—gücün yox daha!
...yanıldı,görənlər —ağrımı üzdə!
...öz ağlım həmişə əlimin altda;
mən əl götürmədim ağlımın üstdən!
...nə çoxdu ağlıma dil uzadanlar!
...eh, məni gözünnən yeyənlər nə çox!
Beləcə, min ildi döyüş günümə
hələ "balacadı" deyənlər nə çox!
...yazılı daşlardı yazı masam da!
Nə yazdım, daşların dilində yazdım...
...çölləmə deyiləm, çöl adamıyam!
...şeri də bir qıpçaq çölündə yazdım!
...mən ÇÖLdən gəlmişəm, çöl adamıyam!
...yanıldı, deyənlər —köçün yox daha!
...şerimi bir qıpçaq çölündə yazdım!
...yanıldı, deyənlər —gücün yox daha!
Paşa Talıblı
Miq.Az