Pərviz Şahhüseynli-Baycana layiq ol!!!

Pərviz Şahhüseynli-Baycana layiq ol!!!

Yazıqlar olsun  o kəsə ki, qəlb gözü kordur.Gözəllikləri seyr edə, qələbəbələri qəbul edib onun sevincinə şərik ola bilmir.Elə  bu səbəbdən də qısqanır.Hər şeyə qısqanır.Hamıya qısqanır.Qısqanclıq isə bədbəxtlikdır.Bədbəxtlərə yazığım gəlir.

Bu yaxınlarda saytların birində bir  yazı oxudum.Gözlərimə inanmadım.Yazı elə hirs və qısqanclıqla yazılmışdı ki,oxuya –oxuya birdə gördüm tüklərim biz-biz olub.Aynada özümə baxdım.Sanki başımda fen partlamışdı.Düşündüm ki,görəsən bu yazını yazan adamın da saçları mənim tək olubmu?Şəklinə baxdım.Yox bu adamın saçla bağlı bir problemi ola  bilməzdi.Bu Seymur Baycan idi.

Adam açıq aşkar fəqan edərək deyir ki, ay camaat idman pis vərdişdir,idmanla məşğul olub burnunuzu sındırmaqdansa  gəlin mənim cızma –qaralarımı oxuyun.Əvəzində   mənə ev, maşın,vəzifə verin.Hətta məni qəhrəman da elan edin.

Seymur müəllim şikayət edir ki,ölkəmizdə bir avropa çempionu bütün yazıçılardan,şairlərdən , elm adamlarından üstün tutulur.Bu müəllimin şəxsi fikridir.Bu fikri qəribçiliyə salmaq həddimə görə deyildir.Lakin düşünürəm ki,əziz qardaşım ya bəzi şeyləri bilmir, ya  da  bilməməzlikdən gəlir.Elə bu səbəbdən də  Baycana bəzi yanlışlarını düzəltməyə kömək eləməyə çalışacam.

Əvvələ bilməyinizi  istəyirəm ki, hədəfə aldığınız  idman və idmançılar bizim fəxr və qürurumuzdur.Siz nə qədər əziyyət çəkib mütaliə edərək oxuduqlarınızdan bəhrələnib yazı yazırsınızsa,qısqandığınız  avropa çempionu bəlkə sizdən daha çox əziyyət çəkib, bu kürsüyə qalxıb ,sizin və mənim bayrağımızı qaldıraraq himnimizi səsləndirir.Başa düşürəm , millətinizi elmli , ədəbli,intellektual , kitab oxuyan görmək istəyirsiniz.Hətta yazılarınızda bəzi ədəbiyyat nümunələrini təbliğ edərək oxucuya bu kitabları tapıb oxumağı tövsiyyə  edirsiniz.Bu alqışalayiqdir.Lakin Ədəbiyyatı təbliğə idmanı qurban verməyiniz  kökündən yanlışdır.Hökumət idmanı təbliğ ,ədəbiyyatı arxa plana keçirirsə,idmanı təbliği təqdir, ədəbiyyata olan münasibəti isə tənqid etsəniz bu daha sivil və normal olmazmı?

Ədəbiyyata olan biganəlik bir vətəndaş olaraq məni də  narahat  edir.Amma bu biganəlikdə tək hökuməti qınamaqla vəzifənizi bitmiş sayırsınız.Yazinızda təlxək və müğənni adlandırdıqlarınız  heç olmasa özləri etiraf edirlər ki,onlar Biləcəridən o taya keçə bilmirlər.Bəs gənc yazarlar necə ?Bu etirafı bir dəfə də olsa dilə gətiriblərmi? Birisi özünü  Dostaevski ilə, digəri isə Şekspirlə müqayisə edir. Başqa birisi isə yanındakı sarı gəlinindən  yazaraq gənc nəslin “Sarı Gəlin” haqqında olan bilgilərini qarışdırır. Bu günkü yazarlarımızdan ən samballı yazan kimdir? Ən çox kitabı satılan,sevilib –seçilən kimdir?

Kitaba olan həvəssizlikdə milləti qınamaqdansa, bir az  da yazılan kitabların nəyə görə oxunmamağı haqqında düşünün.Əgər bir maraqsız kitabdan yüz ədəd çap edib onun satılacağını düşünürsünüzsə, yanılırsınız.Mən bir oxucu kimi nəyinki bu kitabı almaram,heç onu pulsuzda götürüb boş yerə vaxtımı itirmərəm.

Bu gün bir çox yazarlarımız kitablarının satılmadığından şikayətlənib ,günahı millətin üstünə atırlar.Guya  millətimiz yolunu azıb  kitab oxumur.Axı özünü oxutmağı bacarmayan  bir yazıçını bu günə kimi kim oxuyub?

Əziz Baycan qardaşım, siz çox tələsirsiniz.Siz hələ ədəbiyyatımızın bəlkə  “ə” hərfi də deyilsiniz.Amma iddialarınız özünüzdən çox böyükdür.Ədəbiyyat oxuduğunuz kitablardan, onların müəlliflərindən sitat gətirərək dahi xəstəliyinə yoluxmaqdan ibarət deyildir. Baxın, dünən bir iki yazı yazmısınız bu gün Anarla dava-dalaşa çıxmısınız.Elə bilirsiniz siz artıq bu millət üçün böyük ədibə çevrilmisiniz və əvəzində dövlət sizə ev, maşın, pul-para, ad-san verməlidir.Hərdən mənə elə gəlir ki, siz ancaq bu amalla yaşayırsınız,yazırsınız.Amma heç olmasa özünüz-özünüzü arabir imtahan edin.Siz nə etmisiniz? Bəlkə də gələcəkdə edəcəksiniz.Sizin buna həm istəyiniz ,həm də potensialınız var.Amma hələ oxuyun,oxuyun,oxuyun.Mütləq gələcəkdə qəhrəman ola bilərsiniz.Amma hələ bunu “hak etməmisiniz”.

Əgər siz  bir yazıçı kimi qəhrəman olmaq istəyirsinizsə buyurun qəhrəmanlıq nümunənizi qoyun ortalığa.Necə ki, cüdoçumuz Elmar Qasımov İravanda həqiqi qəhraman olduğunu sübut edərək erməniləri himnimizi “farğat” vəziyyətində dinləməyə məcbur etdi.Bu gəncə nəyinki ev, maşın, pul-para hətta dünyanıda versək az olar.Mən prezident olsaydım bu igidə “Milli Qəhrəman “ adı  da  verərdim.Bu cür idman nailiyyətlərimiz əlbəttə saysız hesabsızdır.Bu qələbələri kiçiltməyə ixtiyarınız yoxdur əziz Baycanım.

Axı idmanı təbliğin nə ziyanı var? Diqqət edin ! Söhbət pis vərdişləri təbliğdən yox, idmandan  gedir.Nədir bu məsələdə sizi qane etməyən?

Əgər siz bir yazıçı olaraq maraqlı  deyilsinizsə , bir yazıçı kimi dövlətdən diqqət görmürsünüzsə, buyurun sırf bu məsələlərdən yazın.İdmanı ədəbiyyata görə ittiham etmək hansı ağlın məhsuludur? Bunu hansı ağılla düşündünüz.?

Unudursunuz ki, bu gün nailiyyətlər qazanan idmançılarımızın əksəriyyəti  nəmişli,üfunət qoxan köhnə idman zallarından çıxıblar.Bu günkü möhtəşəm idman salonlarına layiqdirlər.Min cürə əzab- əziyyətlə bu məqama nail olublar.Hər qazanılan qələbə Azərbaycanın adı ilə bağlı olub.Azərbaycan bayrağı ucalıb.Bu xidmətlər qarşılığında halalca qazanılan hörmət və nüfuzu kiçiltməyi, qınamağı kim öyrətdi sizə? Dövlətdən qayğı görən idmançılarımız da öz oğul və qızlarımızdır.Bunu qisqanmaq sadəcə cılızlıqdır.Cılız olmayın.

Müharibə şəraitində yaşayan dövlətimizin həm  elmli , həm də fiziki baxımdan güclü gənclərə ehtiyacı var.Bu iki amili bir-birindən ayırmaq olmaz.Yazınızda tanışınızı oglunu karateyə qoyduğuna görə qınayırsınız.Yanılırsınız.Təsəvvür edin ki,o uşaq sabah Qarabağda erməni ilə üz-üzə,əlbəyaxa gəlir.Elmlidir.Bu gəncin qollarını yanına sallayıb o bədbəxt erməniyə bu torpaqların bizim əzəli torpaqlar olduğunu elmlə başa salmaq şansı varmı?

Bax o zaman bu əsğər atası olan tanışınız yazınızda onun ünvanına söydüklərinizi sizin unvanıza artıqlaması ilə qaytaracaq.Məsələn belə-“......oğlu eşşək, qanmaz,......sənin düşüncəni , sənin.....”. Bu yalnız sizin öz söyüşlərinizdir. Artıqlaması isə təxminən belə olacaq-“.....badımcan, qanmaz,....sənin vicdanını, ....sənin xislətini ...və.s” 

Fikir verdinizsə tanışınız öz söyüşlərinə “oğlu” sözünü əlavə etmədi.Öz aramızdır, tanışınız sizdən çox ləyaqətlidir.Sizə cavab olaraq atanızı söymədi.

Sözsüz ki, Azərbaycan əsgərinə elmlə yanaşı fiziki güc də lazımdır ki, düşməni bir zərbə ilə yerə sərsin.Yaxşı olardı ki,tanışınıza tövsiyyə edərdiniz ki , uşağı həm elmli həm də güclü edərək böyütsün.

Daha bir səhviniz isə Azərbaycan gəncliyini  yaratdığınız “əsəbi oğlanlar” imicində görməyinizdir.Yazıqlar olsun ki,ancaq pislikləri görür və onları təbliğ edirsiniz.

Azərbaycan gəncliyinin bu günkü imicini Mübariz İbrahimov bütün dünyaya tanıtdı.Sizin “əsəbi oğlanlar” ınız sizin olsun.

Sizdən başqa diləyimiz yoxdur.Adınıza qoşdüğunuz Baycana layiq olun , yetər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az