Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman
İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci
dərəcəli dövlət müşaviri İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və
siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya hərəkatı yaradır. Bu
barədə virtualaz.org saytına təşəbbüs qrupunun üzvlərindən biri məlumat
verib.Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda
Putinin Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır.
Bugünlərdə təşəbbüs qrupu hərəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. "Dünyada
baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi
çağırışlar avrasiyaçılıq ideyasının aktuallaşmasını təbii olaraq ön
plana çıxarır, onun müvafiq milli hərəkat formasında təşkilati-praktiki
həllini israrla tələb edir” deyə, təşəbbüs qrupunun bəyanatında deyilir.
Qeyd edək ki, sovet KQB-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü
ilin payızınadək nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin,
Ələkrəm Hümmətovun, Arif Paşayevin və Baba Nəzərlinin qaçırılmasından
sonra Nəriman İmranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali
Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm
cəzasına məhkum edilib.
Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra N.İmranov Qobustan
həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı
ilə əfv edilib.
2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi.
Onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi
səhnədə peyda olması böyük marağa səbəb olub.

Rusiyanın ədliyyə generalı olan "Azərbaycan yolu” Hərəkatının sədri İlqar Qasımovun
adı vaxtaşırı qalmaqallarla gündəmə gəlib. Sabiq MTN şefinin isə
Azərbaycanda yaşadığı bildirilir. Bu mənada N.İmranovun Azərbaycanda
yaşadığı halda Azərbaycan hakimiyyətinin iradəsinə zidd hansısa
addımlara getməsi də şübhəli görünür.
Xatırladaq ki, son seçkilər ərəfəsində baş nazirin keçmiş birinci
müavini Abbas Abbasovun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun
rəhbərliyi ilə Rusiyada yaşayan azərbaycanlı milyarderlərdən ibarət
"Milyarderlər ittifaqı” yaradılmışdı. Təşkilatın məqsədi Azərbaycan
hakimiyyətinə təzyiq göstərərək xarici siyasətdə mühüm dəyişikliklərə
məcbur etmək idi. Amma bugünlərdə A.Abbasov təşkilatın fəaliyyətini
dayandırdığını bəyan etdi və hesab edilirdi ki, burada Bakı ilə Moskva
arasındakı anlaşmaların da rolu olub. Eyni zamanda A.Abbasovun
qardaşının həbsi, digər ailə üzvlərinə qarşı təzyiqlərin də bu
təşkilatın sonuna rəvac verdiyi iddia olunur.
Prezident seçkiləri ərəfəsində "Milyarderlər ittifaqı”
Azərbaycanın daxilində kifayət qədər narahatlıqlar yaratmağa müvəffəq
olmuşdu. Odur ki, Azərbaycan hakimiyyəti bu projenin durdurulması üçün
xeyli əziyyət çəkməli oldu.
İndi də parlament seçkiləri ərəfəsində bənzər layihə işə salınıb. Bu
mənada hesab olunur ki, Kremlin Azərbaycanı Avrasiya İttifaqına qoşmaq
üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya dairələrinə bağlı
olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi görünmür. Təşkilatçılar
açıq şəkildə deyirlər ki, Azərbaycanın Avrasiya Birliyində yer almasına
səy göstərəcəklər.

Odur ki, ortaya sual çıxır: bu, Kremlin növbəti oyunu ola bilərmi?
Yeri gəlmişkən, bir müddət öncə Putin Azərbaycanın Şanxay Əməkdaşlıq
Təşkilatında yer alacağının anonsunu vermişdi. Həmçinin Bakının Gömrük
İttifaqına qoşulacağı halında Qarabağ məsələsində tənzimlənməyə start
veriləcəyi barədə rus ekspertlərindən açıqlamalar silsiləli qaydada
eşidilməyə başladı. Belə bir məqamda ABŞ və Avropa İttifaqı rəsmilərinin
Bakıya səfəri, münasibətlərdə mülayimləşmənin müşahidə edilməsi
Rusiyanı razı sala bilməzdi. Sabiq MTN-çilərin hərəkətə keçməsi bu
mənada təsadüf sayılmır.
Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl "Yeni Müsavat”a
dedi ki, bu kimi addımların atılması heç vaxt səbəbsiz olmur: "Həbsdən
çıxandan uzun müddət sonra keçmiş nazirin və İlqar Qasımovun qəfildən
belə bir addımı atması təbii ki, arxada bir qüvvənin olmasından xəbər
verir.
İkincisi də birdən-birə hər şeyi unutmuş
adamların yenidən indiki dövrdə, yaşlarının bu vaxtında siyasi səhnəyə
qayıtması, sadəcə olaraq, öz təşəbbüsləri kimi dəyərləndirilə bilməz. Bu təşəbbüsün arxasında elə deyildiyi kimi, Rusiya dayana bilər”.
İ.İsmayıl güman edir ki, buna rəvac verən başqa bir məsələ də rəsmi Bakı
ilə Avropa arasındakı soyuq münasibətlərdir: "Yəni bunu son dövrdə
Azərbaycan rəsmilərinin Avropaya qarşı olan qəzəbli, tənqidi
münasibətinin nəticəsi kimi dəyərləndirmək lazımdır. Həm Rusiya, həm
Rusiya ətrafında dayanan, avrasiyaçılıq ideyası ilə ”silahlanmış”
qüvvələr fürsətdən istifadə edirlər, bu ideyanın aktuallaşması səbəbi
ilə önə çıxırlar. Azərbaycan rəsmilərinin Avropaya ünvanlı tənqidi
münasibətlərinin tez-tez ortaya çıxması da buna rəvac verən məsələlərdən
biridir.
Hər
halda, son dövrdə, Avropa İttifaqının rəsmisi Tusk da gəlib-gedəndən
sonra bu məsələyə münasibətlərdə yumşalmanın, yaxınlaşmanın hiss
olunmasından sonra, görünür, "bəzi qüvvələri işə salmağın vaxtı çatıb”
deyiblər. Qrupun bəyanatına baxıram, ifadəyə fikir verin: "Müvafiq
milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb
edir”. Əgər bu avrasiyaçılıq Azərbaycanı təzədən Rusiyanın qoynuna
atmaqdırsa, burada nə "müvafiq milli hərəkat formasından” söhbət gedir?”
Ekspert deyir ki, Azərbaycan hökuməti bu təşəbbüsə loyal
yanaşmamalıdır.
İ.İsmayıl Nəriman İmranovun Azərbaycanda yaşadığını qeyd etdi və bildirdi ki, vaxtilə onun rəhbərlik etdiyi nazirlikdə işləyib: "O,
mənim nazirim olub, bir neçə dəfə Dağlıq Qarabağda ezamiyyətdə olmuşuq.
Lakin o, heç vaxt anti-Azərbaycan mövqeyində olmayıb. Bu bəyanatda da
hiss olunur ki, guya orada anti-Azərbaycan mövqeyi yoxdur. Amma hamı
bilir ki, yeni geosiyasi çağırış adı altında Avrasiya ideyasını
aktuallaşdırmaq yaşının bu vaxtında Nəriman müəllimin, ya İlqar
Qasımovun heç də öz ideyası ola bilməz”.
Ekspert qeyd etdi ki, Azərbaycanda bu ideyaya daha kimlərin dəstək verməsi bir azdan sonra bəlli olacaq: "Ümumiyyətlə,
burada Azərbaycanın Rusiyanın təsiri altında olmasını istəyən siyasi
qüvvələr, yaxud qeyri-siyasi adamlar çoxdur. Azərbaycanda ”Beşinci
kolon” mövcuddur. Hər halda, bu, ciddi məsələdir. Düzdür, bu,
Azərbaycanda özünün geniş ətrafını tapmayacaq. Amma bunu nəzarətsiz də
buraxmaq olmaz”.