Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun Avropa.info-ya müsahibəsi
- Separatçı rejim tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan “məhkəmə prosesi” haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın yerli QHT-ləri, eləcə də diasporumuz bu məsələni dünyanın ictimai-siyasi gündəminə gətirməlidir. Bu soydaşlarımızın taleyinə biganə qalmaq olmaz. Beynəlxalq təşkilatlar onlara qarşı edilən qeyri-qanuni əməllərə görə öz sərt mövqelərini bildirməlidirlər. Xüsusən, BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı və ATƏT-in Minsk qrupu öz etirazını bildirməlidir.
- Beynəlxalq təşkilatların mövqeyi sizi qane edirmi?
- Beynəlxalq təşkilatların bu məsələdəki mövqeyi qaneedici deyil və haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Əllərində “İnsan hüquqları bayrağı” tutan və Azərbaycana təzyiq etməyə çalışan bir sıra təşkilatların bu məsələdə susqunluğu və ya loyal münasibəti rəzalətdir. Öz torpağını, yaxınlarının məzarını ziyarətə gedən soydaşlarımız erməni silahlıları tərəfindən girov götürülür, heç bir əsası olmayan, tamamilə absurd “məhkəmə” şousu yaradılır və həmin beynəlxalq təşkilatlar bu şounu sadəcə seyr edirlər. Sonra da əllərinə fürsət düşən kimi utanmadan insan hüquqlarından danışırlar. Bəs, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqları yoxdurmu? Haradadır sizin, ədalətiniz, beynəlxalq hüquq normalarınız? Bütün bunlar bir daha onu göstərir ki, bəzi beynəlxalq təşkilatlar qərəzli olaraq Azərbaycana qarşı ikili standart siyasəti nümayiş etdirirlər. Bu da ilk növbədə onların özlərinə zərər verir, nüfuzsuz quruma çevrilirlər. Bu səbəbdən də Azərbaycan ictimaiyyəti bu təşkilatları qeyri-ciddi qurum sayır. Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir ölkənin sərhədini pozmayıblar. Onlar tarixi vətənləri olan Qarabağda doğmalarının məzarını ziyarət ediblər. Onların üzərində qurulan “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur. Bu, qondarma məhkəmə prosesidir. Bütün beynəlxalq təşkilatları bu məsələyə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində yanaşmağa və ədalətli fəaliyyət göstərməyə səsləyirəm.
Elnur Eltürk