"BP xərcədiyi hər dolların müqabilində 2,5 dollar gəlir götürüb"- TƏHLİL

"BP xərcədiyi hər dolların müqabilində 2,5 dollar gəlir götürüb"- TƏHLİL

"BP-nin rəyinə əsasən, «Azəri», «Çıraq», «Günəşli» yataqlarında (AÇG-də) 1,2 milyard ton neft ehtiyatı var. Mütəxəssislərin hesablamalarına görə, yataqlar işlənməyə başlandıqdan sonra ehtiyatın yarısına kimi hasilat artan xətt üzrə davam etməliydi"

Bu fikirləri "Vətəninfo".az açıqlamasında millət vəkili, tanınmış iqtisadçı Əli Məsimli son günlərin ən çox danışılan mövzuzu - BP şirkəti ilə Azərbaycan hökuməti arasında yaranmış problemi şərh edərkən bildirib. Onun sözlərinə görə, Real proqnozlar göstərirdi ki, 2012-ci ilə kimi hasilat artmalı, ehtiyatların yarısına çatana kimi (2017-2020-ci illər) sabit qalmalı (ildə 45-50 milyon ton) və azalmağa başlayanda aşağı düşməli idi. 2024-cü ildə isə əlavə vəsait qoyulmaqla neftin qalıqları çıxarılmalı idi. «Azəri», «Çıraq», «Günəşli» yataqları üzrə(AÇG) neft müqaviləsinə əsasən, ilkin mərhələdə neftdən gələn gəlirlərin 75 faizi konsorsiumun, 25 faiz isə Azərbaycanın payına düşürd:

"2008-ci ilin ortalarında xarici şirkətlər öz investisiyalarını qaytardıqdan sonra nisbət 75 faiz Azərbaycanın xeyrinə dəyişdi. Kontrakt şərtləri əsasında bu pay bölgüsündə Azərbaycanın xeyrinə dəyişiklik baş verdikdən sonra «Azəri», «Çıraq», «Günəşli» yataqlarında (AÇG) neftin hasilatı azalmağa başladı. Nəticədə 2009-2011-ci illərdə layihənin operatoru olan BP-nin proqnozları və real hasilat arasında 12,2 milyon ton fərq yaranmışdır. Neftin qiyməti bir barelinə görə 100 dollar səviyyəsində götürülərsə, bu illər ərzində Azərbaycanın 8,1 milyard dollar əldə edə bilmədiyi üzə çıxıb.Həmin rəqəm multiplikativ effekt baxımından hesablananda bundan da böyükdür.“Azəri-Çıraq-Günəşli” Hasilatın Pay Bölgüsü Sazişi imzalandıqdan sonra AÇG yatağına Beynəlxalq Əməliyyat Şirkəti (konsorsium) tərəfindən 28.7 milyard dollar sərmayə yatırıb. 1994-cü ildən başlayaraq 2012-ci ilin birinci yarısına kimi cəmi 281 milyon ton neft hasil edilib və ümumilikdə 140.8 milyard dollar gəlir götürülüb. Gəlirdən konsorsiumun payına 73 milyard dollar, BP-nin payına isə 26.2 milyard dollar düşüb. Məsələyə daha konkret yanaşsaq, konsorsium bu layihəyə xərcədiyi hər dolların müqabilində 2,5 dollar gəlir götürüb.
Azərbaycan iqtisadiyyatında neft aparıcı rol oynadığından və neft hasilatının son illər ilkin proqnozlarda belə olduğu kimi, tədricən yox, kifayət qədər hiss olunacaq dərəcədə aşağı hətta qeyri-neft sektorunda 10 faizdən yüksək artıma nail olunduğu şəraitdə, ölkə üzrə ümumilikdə götürdükdə iqtisadi artım templərinin də kəskin surətdə aşağı düşməsinə səbəb olub.
Ötən il Ümumdaxili məhsulun (ÜDM) cəmi 0,1 faiz, bu ilin 9 ayında isə 1,1 faiz artıb. Bu temp Azərbaycanın potensialına uyğun gəlmir. Azərbaycan əhalisinin illik artım tempi 1 faizdən yüksəkdir. Belə əhali artımının artan tələbatını qarşılamaq üçün bizdə artım tempi azı 4 faizdən aşağı olmamalıdır. Əslində Azərbaycan adambaşına orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdən ötrü, digər şərtlərlə yanaşı, həm də qarşıdakı 20 ildə hər il orta hesabla 8 faiz ətrafında artıma nail olmalıdır. Azərbaycanın buna potensialı var və nail ola bilər. Buna görə də Azərbaycanda çalışan transmilli kompaniyalar, o cümlədən BP öz fəaliyyətində təkcə birtərəfli qaydada öz kommersiya maraqlarını yox, həm də onun başçılıq etdiyi konsorsiumun neft-qaz hasilatından və satışından indiyədək 72 milyard dollar gəlir götürdüyü Azərbaycanın da strateji maraqlarını nəzərə almalıdır. Azərbaycan neft profilli ölkə olduğundan,bizdə həyata keçirilən sosial-iqtisadi xarakterli proqramlar əvvəlcədən daha çox nisbətdə neftdən gələn gəlirlərə hesablanır və neftdən gələcək gəlirlər nəzərə alınmaqla həyata keçirilir…Ona görə də proqnoz verərkən onun üzərində ciddi, hərtərəfli əsaslandırılmış iş aparmaq və maksimum dəqiqliyə yaxınlaşmaq tələb olunur. Məsələyə “BP-Azərbaycan” şirkətinin nümayəndəsi tərəfindən münasibətini bildirib ki, «Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik». Azərbaycan müqavilədən irəli gələn və beynəlxalq səviyyədə tanınan hüquqlara malikdir və bu imkanlarını beynəlxalq praktikanı nəzərə almaqla yəqin nəzərdən keçirəcək, tərəflərin konstruktiv müzakirələri nəticəsində problemin həllinə nail olunacaqdır".

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az