"Ölkələr arasında münasibətlərin normallaşması üçün ən əsas maneə - nə tarixi, nə hüquqi, nə də siyasi əsasları olmayan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsidir". Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" kanalına müsahibəsində bildirib.
Prezident xatırladıb ki, beynəlxalq aləmdə ali orqan olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Onlara əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyri-şərtsiz tərk etməli idi. "20 ildən artıq zaman keçməsinə baxmayaraq, həmin qətnamələr kağız üzərində qalıb. Yəni beynəlxalq hüquq kobud şəkildə pozulub. Öz torpaqlarından qovulan 1 milyondan artıq insanların hüquqları pozulub", - İ.Əliyev qeyd edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, erməni tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə və iki ölkənin cəmiyyətləri arasında əlaqələrin qurulmasına mane olur.
"Bir neçə il bundan əvvəl birgə görüşlər, deputatların görüşlərini keçirmək cəhdləri olub, biz hətta bu formatı genişləndirmək istəyirdik. Lakin Ermənistan bunun yaxınlaşma və dostluq münasibətlərinə getdiyini görən kimi hər şey ləğv olundu", - prezident İ.Əliyev bildirib.
Jurnalistin Azərbaycan və Ermənistan prezidentlərinin mayın 9-da Qələbə paradında iştirak etmək üçün Moskvaya səfərləri zaman görüşmək ehtimallarına dair sualını cavablandıran İ.Əliyev qeyd edib ki, belə bir görüş nəzərdə tutulmayıb. O vurğulayıb ki, erməni tərəfi cürbəcür yollarla danışıqlar prosesinə mane olmağa və status-kvonu saxlamağa cəhd edir.
"Bizə elə gəlirdi ki, irəliyə doğru gedirlik. Lakin təmas xəttində gərginliyi azaltmaq haqqında razılığa gəldimiz Parisdəki görüşdən 2 həftədən də az müddətdən sonra Ermənistan işğal olunmuş Ağdam rayonunda genişmiqyaslı təlimlər təşkil etdi. Buna ehtiyac yox idi, bu danışıqlar prosesin pozulmasına yönəlmiş açıq-aşkar təxribat idi.
"İşğal davam edir və təəssüf ki, Ermənistan bu prosesi uzatmağa çalışır. Ermənistan anlamalıdır ki, işğal əbədi davam edə bilməz. Son nə qədər tez olarsa, bir o qədər yaxşı olar", - Azərbaycan Prezidenti bildirib.