"Güneyli xanımlar hərəkatın aparıcı gücünə çevrilirlər"

"Güneyli xanımlar hərəkatın aparıcı gücünə çevrilirlər"

Sevil Yusifova: "Milli mentalitet əsas gətirilərək, qızların həttaorta təhsildən belə, yayınması halları baş verir"

Müsahibimiz Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovadır

- Sevil xanım, bu gün Güney Azərbaycan Milli Hərəkatında xanımların rolunu necə görürsünüz?

- Güneydəki qadınlar haqqında məlumatlar elə də qənaətedici deyil ki, biz milli hərəkatdakı qadınların fəaliyyəti haqqında tam təfərrüatı ilə nəsə fikir söyləyə bilək. Qadın fəallar haqqında məlumatsızlığın obyektiv və subyektiv səbəbləri var. Nəzərə alaq ki, İran qapalı bir dövlətdir və müstəqil mətbuat yox səviyyəsindədir. Yalnız gizli mənbələr vasitəsilə informasiyalar xarici mətbuata yol tapır. Belə olan halda, hər bir KİV öz mənbəyini gizli saxlamağa, necə deyərlər, öz məlumat mənbəyini itirməməyə çalışır. O zaman verilən məlumatların doğru-düzgünlüyünü yoxlamaq da çətinləşir. Belə bir halda, biz Milli Hərəkatdakı qadınlar haqqında əldə etdiyimiz məlumatların nə qədər səhih olmasını deyə bilmirik. Güneylə bağlı məlumat qıtlığının olması həm də o taydakı qadın fəalların qorunması məqsədini daşıyır. Bildiyiniz kimi, adı hallanan hər bir kəs Güneydə təqiblərə məruz qalır, bu da özlüyündə hərəkata güclü zərbə vurur. Amma onu deyə bilərim ki, Güneylə bağlı müxtəlif təşkilatlar müxtəlif dövlətlərdə fəaliyyət göstərir və bu təşkilatlarda Güneyli xanımlar kifayət qədər fəaldılar. Onlar bu hərəkatın aparıcı gücünə çevrilirlər.

- Təşkilatınız milli xanımların fəaliyyəti ilə bağlı hansısa tədbirlər keçirməyi planlaşdırırmı?

- Bizim təşkilat peşə yönümlü bir təşkilatdır. Jurnalist qadınların bir araya gəldiyi bir qurum olaraq Güney mətbuatı ilə bağlı bir neçə layihəmiz var ki, onun gerçəkləşməsinə çalışırıq. İnşallah, zamanı gəldikdə sizələrin də iştirakı ilə həyata keçirəcəyik.

- Ümumiyyətlə, bir təşkilat rəhbəri olaraq Azərbaycan xanımlarının siyasi-ictimai fəallığı sizi qane edirmi?

- Bu tayda qadınların fəallığını, əlbəttə, qanətbəxş hesab etmək olar. Müxtəlif sahələrdə peşəkar xanımların işləri göz qabağındadır. Amma təəssüf ki, bu, fəallıq regionlara getdikcə azalır. Regionda istedadlı xanımlarımızın ictimai-siyası həyatda fəallığına ailəsi maneçilik törədir. Milli mentalitet əsas gətirilərək, qızların hətta orta təhsildən belə, yayınması halları baş verir. Bütün bunlar mənim kimi bir çox ictimai xadimləri də narahat edir. Ona görə bizim - jurnalistlərin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Media regionlarda qadınları fəallığının artırılmasında bütün təsir gücündən istifadə etməlidir. Milli düşüncənin aşılanması ilk növbədə ailədən başlayır. Burda da qadınların rolu əvəzsizdir.

Elnur Eltürk

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az