"Onu bizim üzümüzə demirlər..."-Rita Ömərova

"Onu bizim üzümüzə demirlər..."-Rita Ömərova

Teleaparıcı Rita Ömərovanın Milli.Az-a müsahibəsi.

- Rita xanım, uzun zamandır haralardasınız? Səsiniz Vaşinqtondan gəlir... Nə məsələdir? Sizi oralara nə aparıb çıxartdı?

- Hər şey yaxşıdır, şükürlər olsun. Əslində ANS-ə baxsanız, məni görərsiniz. Çünki mütəmadi olaraq reportajlarım efirə gedir. Sentyabr ayından bəri ANS TV-nin Vaşinqtondakı müxbiriyəm. Məni buralara ANS TV-nin rəhbərliyinin - Vahid müəllimin, Seyfulla müəllimin, Mirşahin müəllimin, Mais müəllimin, Murad Hüseynov və Zənurə Talıbovanın birgə qərarı gətirib çıxartdı. Mənə göstərdikləri bu etimada görə həmişə ANS-in rəhbərliyinə minnətdar olacağam.

- Ondan öncə də bir müddət Türkiyədə yaşadınız. Onun səbəbi nə idi?

- Vaşinqtondan əvvəl üç ay Ankarada türk dövlətlərinin birgə kanalı olan TRT AVAZ-ın Azərbaycan xəbərlərinin aparıcısı oldum. TRT AVAZ-la ANS arasında əldə olunan razılığa görə, bir nəfər aparıcı üç ay Ankarada xəbərlərin aparıcısı olacaqdı. Vahid müəllimsə bu şansı mənə verdi və mənim getməyimə qərar verdi. Səhər iclas oldu və mənə dedilər ki, sabah üç aylıq Ankaraya gedirsən. Bu, əsl sürpriz olmuşdu. Ən böyük sürpriz isə mənim Amerikaya göndərilməyimə dair verdikləri qərar oldu.

- Nə zamana qədər Vaşinqtonda qalacaqsınız?

- İyulun sonunda Bakıya qayıdacağam, inşallah.

- Qayıtdıqdan sonra yenə də xəbərləri aparacaqsınız?

- Onu artıq bilmirəm. Rəhbərlik necə qərar versə, elə də olacaq.

- Siz oradan "Xəbərçi" informasiya proqramını, yəqin ki, izləyirsiniz. Öz yerinizi görürsünüz?

- Hər gün çalışıram ki, xəbərlərin 21:00 buraxılışını izləyim. Mənim yerimə gəldikdə isə, mən yenə də "Xəbərçi"də varam, çünki mənim reportajlarım hər gün olmasa da, həftədə bir neçə dəfə efirə gedir. Hətta bəzən bir gündə iki reportajım olur. Mən öz növbəmdə əlimdən gələni edirəm. "Xəbərçi"də də həmişə çox güclü komanda olub.

- Birdən siz geri döndükdən sonra sizə başqa ampluada bir verilişin aparıcılığı təklif olunsa, qəbul edəcəksiniz?

- Rəhbərlik mənə hansı bir işdəsə etimad göstərirsə, mən əlimdən gələni edirəm ki, bu etimadı doğruldum.

- Bəs ailə qurmaq barədə nə düşünürsünüz?

- Qismət...

- Bax getdiniz, Amerikanı da gördünüz. Xarici vətəndaşla ailə qurarsınız?

- Mənim çox sevdiyim sözlərdən biri də "heç vaxt "heç vaxt" demə"dir. Həm də yaxşı insanın milliyyəti yoxdur.

- Əcnəbi vətəndaşlarla bizim millətimiz arasında hansı fərqləri sezə bildiniz?

- Çox böyük fərq var. Bizim insanlar bir az qaşqabaqlı, aqressivdirlər. Amerikalılar isə həmişə gülərüzdürlər və çox sakitdirlər. Bizdə tanımadığın birinin üzünə gülüb, "salam, necəsən?" desən, çox qəribə gələr. Amma burada hamı bir-birinə gülümsəyir, "salam, necəsən?" deyir və keçir. İctimai nəqliyyatda birinin ayağını ayaqlayanda, elə mən də daxil olmaqla, tərs-tərs baxıb az qala həmin adamı öldürmək istəyirik. Burada isə birinin ayağını tapdasan, o səndən üzr istəyir. Mənim sadaladıqlarım fərqlərin çox cüzi hissəsidir. Əlbəttə, mədəniyyət çox fərqlidir, düşüncə çox fərqlidir, yaşam tərzləri çox fərqlidir.

- Birdəfəlik gedib xaricdə yaşamaq istərdinizmi?

- Xeyir, burada birdəfəlik yaşamaq istəmirəm, çünki burada həyat mənə daha maraqsız gəlir. İnsanların həyatı burada sadəcə ev - işdir. Sadəcə həftəsonları harayasa gedib otururlar. Məncə, Bakıda həyat daha çox qaynayır, insanlar daha istiqanlıdırlar. Burada isə hətta ailə münasibətləri də çox soyuqdur, ailələr ancaq bayramdan-bayrama yığışır, bir yerdə oturur. Həm də yaşamaq üçün ən gözəl ölkə sənin yaxınlarının, doğmalarının, dostlarının olduğu yerdir. Əgər sənin əhatəndə səni sevənlər, doğmalar varsa, deməli, ən gözəl yer oradır.

- Hələ də nədən "baş çıxarda" bilmirsiniz?

- Bu həyatda yaşayırıqsa, deməli, hələ baş çıxarda bilmədiyimiz çox şeylər var və hələ başımızı çıxarda bilmədiyimiz çox hadisələrlə qarşılaşacağıq. Baş çıxarda bilmədiyim şeylərdən biri də budur: niyə insanlar öz həyatlarını sakit yaşamır, onun-bunun həyatı ilə maraqlanıb müdaxilə edib mülahizə yürüdürlər? Niyə hamı özünü ağıllı aparır? Niyə bəziləri həyatdan zövq almağı bacarmırlar?

- Sizin həyatınızla maraqlanan çoxdur?

- Bilmirəm... Axı onu bizim üzümüzə demirlər, sadəcə mən eşidirəm, görürəm ki, insanlar öz həyatlarından çox, başqaları ilə maraqlanırlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az