Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov bəzi borçalılı gənclərin fikirlərinə münasibət billdirib:
“Həzərat, sən demə borçalılar ayrı millət imiş və onların Azərbaycanla heç bir əlaqəsi yoxmuş. Azərbaycanlılarla əqrabalığı olsa da,amma Azərbaycanlı deyillərmiş. Borçalını hunlar, xəzərlər, bulqarlar, suvarlar "işğal" ediblərmiş.
Onlardan əvvəl isə Borçalını barsillər və buntürklər işğal eləyiblərmiş. Və yalnız Borçalı türkləri Gürcüstana XI əsrdə köçürülmüş qıpçaqların varisləridir və onların Azərbaycan türkləri ilə heç bir bağlılığı yox imiş... Azərbaycanda hakim olmuş Sacoğulları, Salaroğulları, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular,Səfəvilər Borçalını işğal ediblərmiş. Sən demə Davidə qız verib onu himayə edən qıpçaqlar Borçalıdan "işğalçı türklər"in nəsillərini vurub çıxartmaqda düz eləyiblər. Sən demə qızdırma içində at belinə minib Dumanis meşələrində gürcüləri pərən-pərən salan Atabəy Eldəniz işğalçı imiş. Konstantini edam etdirdikdən sonra tat Şirvanşahla birləşib Borçalıdan türkləri vurub çıxardan, Borçalı türklərinə dəstək verib Georgini zəbun etdirən Qara Yusif işğalçı imiş... Ağcaqalanı çapıb talayan gürcüləri cəzalandıraraq Tiflisə Xəlil bəy Bəktaşini qalabəyi təyin Həsən Padşah Bayandurlu işğalçı imiş... Msxeta və onun ətrafına toplaşaraq Borçalı türklərini hədələyən gürcüləri top-tüfənglə darmadağın edən Sultan Yaqub Bayandurlu işğalçı imiş... Səfəvilərin başlarının əvvəlcə Ağqoyunlular, sonra isə Osmanlılarla müharibələrə qarışmasından istifadə edərək Borçalı ellərini 1522-ci ildə yerinə oturdan Şah İsmayıl Borçalıya işğalçı kimi gəlibmiş... Borçalını dinlərini dəyişsələr də, içlərində bir türk nifrəti yaşadan osmanlı sərkərdələrindən qorumaq üçün 4 dəfə Borçalıya gələrək Ağcaqalanı təmir elətdirən I Təhmasib işğalçı imiş... Hakimiyyəti illərində Borçalının qədim sakinləri olan türklərin daha da möhkəmlənməsi üçün əllərindən gələni etmiş I Abbas, I Səfi, II Abbas işğalçı imişlər...
Bunları belə fikirləşən isə təəssüflər olsun ki, Borçalı əsilli və Tiflisdə təhsil alan bəzi gənclərimizdir”.