Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, duyğulu şair Şirin Məmmədlinin “Tarixin yaddaşı” adlı kitabını əldə etdim. Açığı, son zamanlar şeir oxumağa o qədər də vaxtım olmur. Hiss etdim ki, içimdə səmimi poeziyaya qarşı bir ehtiyac var. Kitabın səhifələrini vərəqləməyə başladım. Qələmənin hərəkət dinamikası çox xoşuma gəldi. Azərbaycanımızın tarix boyu yaşadığı böyük ağrılar, itkilər, bizsiz qalan yurd yerlərimizin harayı Şirin Məmmədlinin qələmində daha təsirli, daha yanğılı oxuculara təqdim olunur. “Bakı”, “Dərbənd”, “Savalan”, “Dərdli Azar”, “Qarabağ”, “Zəngəzur” adlı şeirlərində müəllifin təəssübkeşlik duyğusunun yaşarlılığı diqqətimi xüsusilə cəlb etdi. Şairin “Bayraq” və “Mübariz” şeirlərini oxuyan oxucunun qəlbində bayrağımıza, mübarizliyimizə əzmi daha da artır. Qələbə gününün tezliklə zəfər çalacağına inam hissi artır. Məhz elə ona görədir ki, adını çəkdiyimiz “Bayraq” və “Mübariz” şeirlərinə görə şair Şirin Məmmədli “Avropa Nəşr Mətbu evi”nin qızıl medalına layiq görülüb. Onu da qeyd edək ki, şair çoxsaylı poemaların da müəllifidir. Şairin “Unutma məni”, “Eşqin busəsi”, “Taleyin qisməti”, “Sevdalı könül” kimi şeirlərində sevgisinin bütövlüyünü, insan hisslərinin səmimiyyətini oxucuya çatdıra bilib. Həyatdakı səmimiyyəti birbaşa şeirlərinə köçən Şirin Məmmədli inanırıq ki, bundan sonra da oxucuları maraqlı əsərləri ilə sevindirəcək. Qələmində riyakarlıq olmayan, haqqı sözləyib, haqqı yazan bir şairin kitabını oxuduqdan sonra şükürlər etdim ki, hələ də poeziyamızda oxucuları maraqlandıracaq şeirlər və həmin şeirləri qələmə alan vətənpərvər, mübariz, səmimi Azərbaycan övladları var. Mayası poeziyadan yoğrulan, vətənini sevən, onun dövlətinə, dövlətçiliyinə sədaqətlə xidmət edən Şirin Məmmədli kimi istedadlı, duyğulu şairi var. Heç zaman ilhamınız tükənməsin, Şirin müəllim. İlhamlı Azərbaycandan ilham alıb daha da gözəl seirlərinizlə bizi sevindirin.
Alim Nəbioğlu
Vətəninfo.az