Ramazan bayramında əfv fərmanı ola bilər

Ramazan bayramında əfv fərmanı ola bilər

Azay Quliyev: "Hal-hazırda sənədlərə baxılma prosesi gedir"

“Hər bayram ərəfəsində olduğu kimi Ramazan bayramı ərəfəsində də cəmiyyətdə əfv ümidləri var. Bu da ondan irəli gəlir ki, cənab Prezident İlham Əliyev hər zaman insanlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş etməyə çalışır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri  Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib.
Azay Quliyev qeyd edib ki, ümumiyyətlə bu bizim ictimaiyyət tərəfindən uzun müddət formalaşmış bir gözləntidir: “Əfv vermək Cənab Prezidentin sadəcə hüququdur, vəzifəsi deyildir. Ölkə başçısı bu hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Ona görə də hal-hazırda əfvin olub olmamasına Əfv Komissiyasının üzvlərinin münasibət bildirməsi və yaxud da konkret tarix açıqlaması nə hüquqi baxımdan, nə də etika baxımından doğru hesab edilmir. Çünki bu bizim səlahiyyətimizdə deyil. Bu yalnız Cənab Prezidentin səlahiyyətindədir”.
O həmçinin qeyd edib ki, əfv sektoru daim fəaliyyətdə olan bir orqandır: “İlboyu müxtəlif vətəndaşlardan, məhbusların özlərindən, yaxınlarından, qeyri-hökümət təşkilatlarından bizə müraciət daxil olur və müvafiq qaydada həmin müraciətlərlə bağlı arayışlar hazırlanır. Bu arayışlar isə əfv komissiyasının iclasında təqdim olnur və komissiyanın üzvləri hər bir müraciətə çox diqqətlə, təmkinlə baxır, araşdırırlar. Bundan sonra Ölkə Prezidentinə müvafiq tövsiyə xarakterli təklif hazırlanır. Hal-hazırda sənədlərin baxılması prosesi gedir. Amma bununla əlaqədar komissiyanın iclası hələ ki, olmayıb. Əfv Komissiyasının hansı qərara gələcəyi və prezidentin kimləri əfv edib-etməyəcəyi barədə isə dəqiq heç nə demək olmaz”.

SİA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az