Reseptlərin yazılış forması dəyişdiriləcəkmi?
Azərbaycan Səhiyyə Nazirliyi ölkənin bütün apteklərində dərman
vasitələrinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə
satılması barədə verdiyi qərarın icrasına başlandıqdan sonra həkimlər
tərəfindən reseptlərin yazılma formasında dəyişikliklərin
olub-olmayacağına aydınlıq gətirib.
Nazirliyin Analitik
Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının
rəisi Pərviz Əzizbəyov Trend-ə bildirib ki, hələlik Azərbaycanda yalnız
dərmanların təsiredici maddəsinin adının yazılması ilə reseptlərin
yazılması mümkün deyil: "Çünki Azərbaycanın müvafiq qanunvericiliyinə
müvafiq olaraq, reseptlər SN-nin 172 nömrəli əmri ilə təsdiqlənmiş
"Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" qaydalarına
uyğun şəkildə yazılır. Reseptlərin yazılış forması artıq müəyyən edilib,
bu barədə həm həkimlərə, həm də aptek sahiblərinə məlumat verilib.
Dərmanlar SN-nin təsdiqlədiyi vahid resept blankı əsasında satılmalıdır,
digər resept formalarında satılanlar, əlbəttə ki, qanunsuz sayılır.
Buna görə də İnzibatı Xətalar Məcəlləsində müvafiq maddələr nəzərdə
tutulub. Bununla bağlı tərəfimizdən nəzarət tədbirləri görülür və bundan
sonra da görüləcək".
Bəzi dərmanların reseptsiz satılmasına
icazənin verildiyini deyən P.Əzizbəyov onların siyahısının SN tərəfindən
təsdiqləndiyini qeyd edib: "Amma bu siyahıda olmayan bütün digər dərman
vasitələri mütləq vahid resept blankında yazılmalıdır. Buna görə də
apteklərdə çalışan provizor və əczaçılar reseptlərin Səhiyyə
Nazirliyinin təsdiq etdiyi vahid resept blankında yazılmasına ciddi
fikir verməlidirlər".
Qeyd edək ki, sentyabrın 15-dən dərman
vasitələrinin Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılmasına
başlanılacaq. Hazırda Azərbaycanda 4500-dən çox dərman vasitəsi dövlət
qeydiyyatından keçib. İlk olaraq həyati vacib və daha çox satılan dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan
olan təsiredici maddələrin syahısında 25 təsiredici maddə seçilib, 25
təsiredici maddə üzrə 1057 dərman vasitəsinin (antibiotik, təzyiq,
işemiya əleyhinə, ürək xəstələri üçün, allergiya və iltihab əleyhinə
olan dərmanlar) qiymətləri təsdiqlənib.
Növbəti mərhələ üçün
digər xəstəliklərin müalicəsində istifadə olunan dərmanların malik
olduğu 55 təsiredici maddə seçilib və həmin dərmanların qiymətləri
tənzimlənəcək.