“Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə 6 milyard, Avropaya isə Türkiyə ərazisi ilə ən azı 10 milyard kubmetr qaz ixrac olunacaq.
"Veteninfo.az" xəbər verir ki, bunu Bakıda keçirilən “Neft-qaz hasilatı və neft-kimya kompleksi” forumunda (“SOCAR OGPC Forum”) “BP Azerbaijan” şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.
Onun sözlərinə görə, qazın Azərbaycandan Avropaya nəqli üçün boru kəmərinin ötürmə gücü ildə 24 milyard kubmetrədək artırılma imkanına malik olmalıdır.
“Burada məqsəd Azərbaycanın digər yataqlarından əlavə qazı tədarük etmək imkanının olmasıdır.
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsi olduqca vacib strateji layihədir və onun missiyası Avropa üçün cəlbedici olan Xəzər qazını Avropa bazarına nəql etməyə imkan verəcək “Cənub dəhlizi”nin açılmasından ibarətdir” – deyə, R.Cavanşir qeyd edib.
Şirkət prezidentinin sözlərinə görə, qazın Türkiyə ərazisi ilə tranziti iki variantdan ibarətdir.
“Bu variantlardan birincisi Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin mövcud infrastrukturunun müasirləşdirilməsini, ikincisi isə Türkiyə ərazisində TANAP-ın (“TransAnadolu” qaz kəməri) çəkilməsini nəzərdə tutur” – deyə, o vurğulayıb.
R.Cavanşir bunun həm Azərbaycan, həm də Türkiyə üçün mühüm strateji layihə olduğunu bildirib.
“Biz paralel olaraq hər iki variant üzərində işləyirik. “Bu yaxınlarda “Nabucco” konsorsiumu yeni konsepsiya təqdim edib, bu konsepsiyaya əsasən, qaz kəməri Türkiyə-Avropa sərhədindən başlaya bilər. Hazırda bu layihənin qiymətləndirməsini aparırıq. Hər iki layihə - “Nabucco” və SEEP çox maraqlıdır. İstiqamətin seçilməsi üçün transparent meyarlar yaratmışıq və bunlara uyğun olaraq seçim ediləcək” – deyə, R.Cavanşir qeyd edib.