
Komitə sədri söyləyib ki, müəyyən dairələr, Kreml çevrəsi casus şəbəkələri vasitəsilə həm aprel döyüşlərində, həm də 2020-ci ilə gələn yolu bağlamaq üçün "Milyarderlər ittifaqı"nı yaratmışdılar:
"Vaxtilə, hökumətdə, o cümlədən dövlət sistemində yüksək mərtəbədə təmsil olunanlar prosesə bu və ya digər şəkildə qoşulublar. Bu proses qələbədən sonra ermənilərin Qarabağa qaytarılması ilə işğal prosesinin bir hissəsidir. Bu yalnız çevriliş deyil. Bir daha söyləyirəm ki, yüksək hakimiyyət mövqeyi tutması onu cinayət məsuliyyətindən azad etmir. Digər yandan, təəssüflər olsun ki, cinayətin yaşı və siyasi mənsubiyyəti yoxdur. Belə olan şəraitdə əminik ki, irəli sürülən ittihamların izi ilə Rusiya ilə bu məsələlərin danışılması, sözügedən şəxlərin istintaq qarşısında dayanmaları, məsuliyyətə cəlb olunması və cəmiyyətə məlumat verilməsi təmin olunacaq".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bu xəbərə təəccüblənmədiyini qeyd edib:
"Təəsüflər olsun ki, Abbas Abbasov işdən azad ediləndə cənab Prezident ona yüksək mükafatla təqdim edib, hörmətlə yola saldı, buna baxmayaraq, bir qism keçmiş məmurlara xas olan xüsusiyyət bunda da özünü göstərdi. Müəyyən insanlar var ki, onlara etimad göstərilir və vəzifədə olanda dövlət müstəqilliyimizə, Prezidentə sədaqətə and içirlər, hamını buna çağrırlar. Amma vəzifədən azad olunandan sonra 180 dərəcə çevrilirlər. Vaxtilə xidmət etdikləri hakimiyyətə qarşı qatı müxalifətdə olurlar. Təəssüf ki, Abbas Abbasov da bunlardan biri oldu. Qonşu ölkələrə gedərək, Azərbaycana qarşı müxalif mövqe tutdu. Bir ara hakimiyyət dəyişikliyinə cəhd edən, xaricdə gizlənən bir qrup şəxsin arasında onun da adı hallandı. Mən bu xəbərə təəccüblənmədim".

A.Mirzəzadə söyləyib ki, Abbas Abbasov bir dəfə də olsun Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün səsini çıxarmayıb:
"Abbas Abbasov yüksək vəzifədə işləyib. Cənab Prezidentlə demək olar, hər gün təmasda olurdu. O hər halda Azərbaycan üçün çalışmalıydı, xaricdən müəyyən dairələrin sifarişlərini həyata keçirmək üçün yox. Bir dəfə də olsun Azərbaycana gəldiyini,Rusiyada Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün səsini çıxadığını eşitmədik. Cənab Prezidentin fəaliyyəti ilə bağlı bu adam bir müsbət fikir bildirmədi. DTX ciddi qurumdur. DTX tərəfindən belə ittiham irəli sürülübsə, deməli, buna ciddi əsaslar yaranıb. Hesab edirəm ki, Ramiz Mehdiyevlər, Abbas Abbasovlar bir mənfi təcrübə kimi cəmiyyətin diqqətində olmalıdır ki, xidmət etdiyin dövlətə qarşı xəyanətkar çıxma, sənə göstərilən etimada xilaf çıxma və bil, xaricdən verilən sifarişlər Azərbaycanın müstəqilliyinə ziyan vurur. Hər şey hüquqi müstəvidə həll olunur. Azərbaycanla Rusiya arasında ekstradisiya haqqında saziş var. Buna uyğun olaraq da Rusiyaya müraciət ediləcək. Ancaq Rusiya tərəfindən müraciətə necə cavab veriləcəyini bilmirik. Ümid etmək istəyirik ki, Azərbaycanın müraciətlərinə Rusiya anlamla cavab verəcək".

Deputat Elşad Musayev qeyd edib ki, Abbas Abbasovun Rusiyaya meyilli olduğu əvvəldən bilinən bir fakt olub:
"Rusiyanın agentura şəbəkəsi indinin işi deyil. Rusiya öz təsiri altında olmuş ölkələrin hamısında agentura şəbəkəsi qurub. Ayrı-ayrı vəzifələrdə də öz adamlarını yerləşdirib. Rusiya hazırda istər bizim ölkədə və ya digər başqa ölkələrdə bu siyasətindən əl çəkməyib. Abbas Abbasovla bağlı mənim əlimdə konkret fakt yoxdur. Onun Rusiyaya yaxın olduğu isə bilinirdi. İndi istintaq gedir. Ramiz Mehdiyevlə bağlı cinayət işi davam etdikcə, proseslərdə daha da aydınlaşma olacaq".
Milli Məclisin hüquqşünas deputatı Arzuxan Əlizadə də vurğulayıb ki, Abbas Abbasovun Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi:
"Mehdiyevlə bağlı cinayət işi çərçivəsində Abbas Abbasov da axtarışa verilib. Abbas Abbasovun, əslində, Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi. 2012-ci ildə "Milyarderlər ittifaqı"nın yaradılmasında da xüsusi xidmətləri, rolu olub. O zaman qurumun təsisçilərindən biri kimi qeydiyyatdan keçmişdi. Qurum prezident seçkilərində namizədlə çıxış etmək, prezident seçkisinə təsir etmək məqsədi daşıyıb və Rusiyadan maliyyələşdirilib və istiqamətləndirilib. Abbas Abbasov bu qurumun əsas fiqurlarından biriydi. O, YAP-da yüksək səviyyətə təmsil olunub, Baş nazirin birinci müavini olub. 2006-cı ildə vəzifəsindən azad ediləndən sonra Rusiyaya köçüb. Rusiyanın himayəsində olan adamlardan biridir".

A.Əlizadə vurğulayıb ki, Rusiya Abbas Abbasovu təhvil verməyə borcludur:
"Yəqin ki, hüquq-mühafizə orqanları onun Azərbaycana qaytarılması ilə bağlı məsələ qaldıracaq. Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında anlaşmalar var. Bu müqavilələrə müvafiq olaraq da Rusiya onu Azərbaycana təhvil verməyə borcludur. İndi Rusiya onu verəcək-verməyəcək, bu başqa mövzudur. Ancaq istənilən halda hüquq-mühafizə orqanları tərəfindən müraciət olacaqsa, onu qaytaracaqlar. Ramiz Mehdiyevə qarşı irəli sürən ittihamlar ciddi məsələlərdir. Hətta bu cinayətlərə görə ömürlük həbs də verilə bilər. Onun ətrafında olan şəxslərin də məsuliyyət dərəcələri müəyyənləşdiriləcək. Kimin hara qədər fəaliyyət göstərdiyi müəyyənləşəcək və buna uyğun müvafiq maddələr üzrə hökm oxunacaq".