Rusiya Azərbaycana meydan oxuyur?

Rusiya Azərbaycana meydan oxuyur?

Vurğun Həsənli:”Regionun təhlükəsizliyindən narahatlıq keçirməyən tək ölkə Ermənistandır"

Beynəlxalq mətbuatdakı iddialara görə, guya Azərbaycan icarə haqqını on dəfə artırdığı üçün Rusiya buna vadar olub. Lakin bu o qədər də inandırıcı deyil. 

Bu sözləri “Vətəninfo.az”a Ankaradan sabiq diplomat, siyasi analitik Vurğun Həsənli Rusiyanın Ermənistan ərazisində radiolokasiya stansiyasının (RLS) tikintisinə başlaması ilə bağlı yayılan xəbəri şərh edərkən bildirib.

“Çünki Qəbələ radiolokasiyasına ödənilən keçmiş icarə haqqı Rusiya kimi böyük bir dövlət üçün ciddi məbləğ deyil. Burada əsas məsələ, Rusiya yeni bir radiolokasiya ilə regionda öz əməllərini daha sərbəst həyata keçirmək üçün bu addımı atmaq istəməsidir. Çünki Qəbələdəki radiolokasiya sistemi ilə, bunu edə bilmirdi. Azərbaycan bu məsələdə Rusiyaya müəyyən sərhəd qoymuşdur. Yəni Rusiya Azərbaycandakı radiolokasiya sistemi ilə gizli şəkildə öz əməllərini edə bilsə də, açıq şəkildə götürdüyü öhdəliklərə görə bunu edə bilmirdi”-deyə, analitik qeyd edib.

Politoloq onu da əlavə edib ki, Ermənistan Baş Naziri Tiqran Sarqısyanın bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, guya Ermənistanda sözügedən radiolokasiya layihəsi gerçəkləşərsə regionun təhlükəsizliyi tam təmin olunacaq:” Lakin regionun təhlükəsizliyindən narahatlıq keçirməyən tək ölkə Ermənistandır. Çünki bu ölkənin özü region üçün özlüyündə təhlükə mənbəyidir. Həmçinin, Rusiya bu radiolokasiya sistemi ilə, həm Azərbaycana həm də Azərbaycanın müttəfiqlərinə qarşı bir “meydanoxuma” ya da “gözdağı” vermək istəyir. Yoxsa Qəbələ radiolokasiyası Rusiyanın əlində ikən, elə də ucuz başa gəlməyən bir radiolokasiya sisteminin regionda yenidən inşasının başqa inandırıcı şərhi yoxdur.

Rusiya bunu etməklə, həm regionda varlığını bir daha təminat altına aldığını nümayiş etdirəcək. Həm də, Qafqaza Qərbin girişini bu yolla əngəlləyəcəyini düşünür. Belə etməklə Ermənistana, “baxın sizi Azərbaycana qarşı daha güvənli hala gətirirəm” mesajını vermiş olacaq. İlkin mərhələdə bu addım, Ermənistanın lehinə görsənə bilər. Lakin Ermənistan bununla Rusiyanın geosiyasi həmləsinə bir alət olaraq, öz müstəqilliyinə yenidən balta vurmuş olacaq. Çünki, Ermənistanın elə bir siyasi iradəsi yoxdur ki, tikiləcək radiolokasiya sistemini milli maraqları çərçivəsində istifadə etsin. Bu daha çox Rusiyanın ölkəmizə və Qafqazda müstəqil siyasət həyata keçirmək istəyən dövlətlərə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunacaq bir vasitədən ibarət olacaq”-deyə, Vurğun Həsənli bildirib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az