Rusiya İrəvan üzərində döyüş hazırlığını artırır
General-leytenant Pavel Kuraçenko Moskvanın yeni qərarını açıqlayıb
MDB ölkələrinin Nazirlər Şurasının yanında hava hücumundan müdafiə (HHM) məsələləri üzrə kordinasiya komitəsi MDB ölkələrinin üzərində döyüş hazırlığını artırmağı təklif edib.
İstiPress-in "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlərə Rusiya Federasiyasının hərbi-kosmik qüvvələrinin baş komandirinin birinci müavini, general-leytenant Pavel Kuraçenko bildirib.
"Biz MDB-nin birləşmiş HHM sisteminin gücləri və vasitələri ilə döyüş növbəsi çəkən zaman qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələr işləmişik", - deyə o vurğulayıb.
General bildirib ki, tövsiyyələr 2016-cı ilin oktyabr ayında MDB-nin birləşmiş HHM sisteminin növbətçi qüvvələrinin birgə məşqlərindən sonra işlənib. Birgə məşqlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan iştirak edib.
MDB ölkələrinin birləşmiş HHM sistemi 10 fevral 1995-ci ildə Qazaxıstanın Almatı şəhərində on ölkənin iştirakı ilə yaradılıb. O vaxt MDB-nin üzvü olan üç ölkə - Azərbaycan, Gürcüstan və Moldova sazişə qoşulmayıb. Rusiyanın təzyiqlərinə baxmayaraq, Azərbaycan bu sistemə qoşulmayıb.
Sistemə qoşulan ölkələrin HHM gücləri dolayısı ilə Rusiya hərbçilərinin nəzarətinə verilir, eyni zamanda hərbi aviasiyanın hərəkəti barədə məlumatlar da sistemə ötürülür. Buna görə də Azərbaycan bu sistemə qouşlmaqla öz hərbi aviasiyasını pat vəziyyətinə salmış olar.
Sistemə qoşulmuş Ermənistan həm də İrəvandakı "Erebuni” hava limanını da nəzarətdə götürüb. Hava limanında Rusiyaya məxsus 18 ədəd MiQ-29 qırıcısı və ondan çox hərbi helikopter dislokasiya edilib. Bu təyyarələr daima Ermənistan üzərində döyüş növbətçiliyinə çıxırlar.
Pavel Kuraçenko 2014-ci ilin aprelində İrəvanda bildirmişdi ki, əgər Ermənistana hava hücumu olarsa, "Erebuni” hava limanındakı Rusiya təyyarələri və Rusiyanın HHM sistemi Ermənistan ordusu ilə birlikdə hərəkət edəcək.
Miq.az