Rusiya MN Suqovuşanı yenidən “özününkü"ləşdirdi- Bu, artıq açıq təhdiddir...

Rusiya MN Suqovuşanı yenidən “özününkü

"Nəinki Müdafiə Nazirliyi,  Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT BİLDİRİLMƏLİDİR..."
 
"Artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar. Axı belə "xəta"lara birinci yox, "en"inci dəfə yol verilir?!." 
 
Xəbər verdiyimiz kimi, yanvarın 5-i gecə saatlarından  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər  savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də "Madagiz" adıyla daxil edilmişdi.
Moderator.az məsələ ilə bağlı dərhal Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovdan açıqlamasını da nəzərə çatdıraraq ictimaiyyəti məlumatlandırdıqdan sonra yanvarın 6-ı gecə saatlarında yanvarın 5-ə aid xəritə Rusiya MN-in saytındakı  Qarabağdakı "sülhməramlı” kontingentə aid bölmənin arxivindən də silindi... 
Təəssüf ki, dünən – yanvarın 7-i gecə saatlarından Rusiya Federasiyanın sözügedən rəsmi qurumu yenidən Suqovuşanı "Madagiz” adıyla həmin tarixə aid  "sülhməramlı” xəritəsinə daxil edib. Hələ, üstəlik, həmin məntəqənin yaxınlığına post işarəsi də qoyub(BAX://mil.ru/files/morf/ditu2800-06.jpg) ...
 
Öncəki gün biz həmişəki kimi özümüzü aldadaraq bunu Rusiya MN-in həmin ölkədə 10 gün davam edən "Yeni il bayramı gecələri alkoqolun təsirinə düşmüş hansısa əməkdaşının etdiyi texniki səhv, yaxud həmin quruma yerləşdirilimiş erməni təxribatçısının işi" hesab etməyə çalışdıq...
 
Lakin artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar.  Axı belə "xəta"lara birinci yox, "en"inci dəfə yol verilir.  Belə çıxır ki, Rusiya MN-in əməkdaşları hamısı qeyri-peşəkar və məsuliyyətsizdir və 10 noyabr razılaşmasından keçən 1 il iki aylıq dövrdə hər gün, hər gecə kütləvi texniki səhvlərə yol verirlər...  Məgər  Azərbaycan Prezidentinin dəfələrlə  "Azərbaycanda  "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur" bəyanatına zidd olaraq  xəbər və xəritələrdə  "Dağlıq Qarabağ" birləşməsini işlətmək,  yaxud Xankəndi əvəzinə "Stepanakert”,  Ağdərə əvəzinə "Mardakert”, Xocavənd yerinə "Martuni" və s. demək, yazmaq da texniki səhvdir?  Xatırladaq ki, 2020-ci il sentyabrın 26-dan - oktyabrın 1-dək- 5 gün ərzində Tərtər rayonunun Qapanlı kəndi də heç bir əsas olmadan "sülməramlı"ların xəritəsinə daxil edilmiş, hətta həmin kənd Rusiya hərbçilərinin patrul marşrutuna da salınmışdı.  Moderator.az bunu da ictimailəşdirdikdən sonra  yalnız 26  sentyabr tarixindəki xəritədə "Qapanlı" adı çıxarılmışdı. Digər günlərin xəritəsində isə bu günədək Qaapnlı kəndi Rusiya MN-in məsuliyyət zonası kimi göstərilir.... 
 
Bütün bunlar açıq-açığına Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, mediasına, iqtidarlı-müxalifətli bütün siyasi dairələrinə, bütövlükdə Azərbaycan xalqına acıq verməkdir. Bu, hədsizliyin son həddi olmaqla suverenliyimizə, müstəqilliyimizə birbaşa təhdiddir. Bu, Putin rejimi adından o deməkdir ki,  biz Azərbaycanın 44  günlük savaşdakı uğurlarının nəticələrini-filanı tanımırıq, yalnız Moskvanın diqtə etdiyi olmalıdır və istəsək, sizi də Qazaxıstanın gününə salarıq...
 
Biz artıq  Azərbaycan Müdafiə Nazirliyinə və ya digər qurumlara müraciət etməyə lüzum görmürük. Hər şey, faktlar göz qabağındadır. Artıq nəinki Müdafiə Nazirliyi,  Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT  BİLDİRİLMƏLİDİR...
 
P.S.  44 günlük savaşdan keçən son bir ildən çox dövrdə ayrı-ayrı istisnalarla hərbi ekspertlərimizin bu məsələlərə ciddi reaksiya verməsinin şahidi olmamışıq. Onların yeni yaradılmış qurumunun ciddi bəyanatını gözləyirik...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az