
2024-cü ildə Gürcüstana göndərilən pul köçürmələrinin həcmi 541,2 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 65 faiz azalma deməkdir. Bu Gürcüstanın ən böyük pul köçürmələri mənbələrindən biri olan Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi və regiondakı ümumi maliyyə axınının dəyişməsi ilə əlaqələndirilir.
2024-cü ilin 11 ayında Rusiyadan Ermənistana göndərilən pul köçürmələri də 3,2 milyard dollar olub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır.
2024-cü ildə Rusiyadan yalnız Qırğızıstana pul köçürmələri artıb. Bu ölkəyə 2,6 milyard dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 12 faiz çoxdur.
Köçürmələrin həcmi niyə azalır?
Modern.az-ın məlumatına görə, Moskvada ticarətlə məşğul olan Mahir İsayev bildirir ki, bu sahədə vəziyyət 2022-ci ildən sonra pisləşib.
Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri və inflyasiya Rusiyadakı vətəndaşların maliyyə vəziyyətini pisləşdirib. Onların alıcılıq qabiliyyətinin aşağı düşməsi Rusiyada yaşayan və işləyən bir çox azərbaycanlının daha az pul qazanmasına və göndərdikləri puulun həcminin aşağı düşməsinə səbəb olub.

Fərdi sahibkarlıqla məşğul olan Samir Məmmədov isə deyir ki, 2021-ci ildə dollar 73-75 rubla dəyişdirilirdi. Sonradan məzənnə 90-100 rubla qədər artdı. 2021-ci ildə Rusiyada işləyən bir çox azərbaycanlı gəlirlərinin bir hissəsini Azərbaycana göndərərək ailələrinə dəstək olurdular. Lakin 2022-ci ildən sonra maaşlar azalıb və gəlirlərinin bir hissəsini itiriblər. 2021-ci ildə 1000 dollar qazanan bir şəxs indi yalnız 500-600 dollar qazana bilir, bu da onların göndərdikləri pulun məbləğinin azalmasına gətirib çıxarır.
Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru Yevgeni Koqanın sözlərinə görə, rublun dəyərsizləşməsi və inflyasiya xarici ölkələrə pul göndərməyi çətinləşdirib. Bu vəziyyət xüsusilə orta və aşağı təbəqə üçün problem yaradır, çünki artan qiymətlər və zəifləmiş rubl onları xaricə pul göndərməkdən çəkindirir. Koqan həmçinin, son dövrlərdə rəqəmsal ödəniş sistemlərinin və kriptovalyutaların populyarlaşmasının insanların daha sərfəli və sürətli şəkildə pul göndərmələrinə imkan verdiyini vurğulayır.
Rusiyalı iqtisadçı və politoloq Mixail Delyagin Qərb sanksiyalarının Rusiyanın xarici ölkələrə maliyyə axınlarını azaldığını və bu tendensiyanın gələcəkdə daha da dərinləşə biləcəyini bildirir. Onun fikrincə, sanksiyalar Rusiya banklarının beynəlxalq maliyyə sistemlərindən təcrid olunmasına səbəb olur və bu da bank köçürmələrini çətinləşdirir. Həmçinin, sanksiyalar və Rusiya iqtisadiyyatının üzləşdiyi böhran, xarici kapitalın ölkədən çıxışını sürətləndirir, bu da maliyyə axınının azalmasına yol açır. Delyagin bu vəziyyətin iqtisadiyyatın daha da zəifləməsinə səbəb olacağını və gələcəkdə daha ciddi təsirlər göstərəcəyini proqnozlaşdırır.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycandan xaricə göndərilən pul köçürmələri 2 faiz artaraq 408 milyon dollar olub. Türkiyəyə göndərilən pul baratlarının həcmi 118 milyon dollar təşkil edib, bu da ümumi köçürmələrin 29 faizinə bərabərdir.
Köçürmələrdə 11 faiz paya ABŞ-a 45 milyon dollar göndərilib. Rusiya Federasiyasına göndərilən məbləğ 44,292 milyon dollar olub və bunun xüsusi çəkisi 10,8 faizdir. Gürcüstana isə 36 milyon dollar (8,8 faiz) köçürülüb. Birləşmiş Krallığa göndərilən pul baratlarının həcmi 22 milyon dollar (5,4 faiz təşkil edib, Almaniyaya isə 18,324 milyon dollar (4,5 faiz) köçürülüb. (modern.az)