Şair Əli Kərimin oğlu Orxan Kərimli vəfat edib
Mərhum şair Əli Kərimin oğlu Orxan Kərimli vəfat edib.
Vətəninfo.az Modern.az-a istinadla
xəbər verir ki, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimli iyulun 20-də dünyasını dəyişib.
Mərhumun dostları bildiriblər ki, hüzr mərasimi Murtuza Muxtarov-45-də olacaq. Dəfn sabah saat 14-dədir.
Təhsil
Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimli
2011-ci il iyunun 6-da həbs olunmuşdu. Cinayət Məcəlləsinin 308 (vəzifə
səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv
rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimliyə qarşı 2012-ci
ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma
bəndləri ilə yeni ittiham da irəli sürülmüşdü.
2006-cı ildən
Təhsil Nazirliyində işləməyə başlamış Orxan Kərimli isə bu ittihamları
rədd edərək, sifarişlə, qondarma iddialar əsasında həbs olunduğunu
bildirirdi.
2012-ci il iyunun 21-də Orxan Kərimli barəsində
seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Məhkəmədə halı pisləşən
O.Kərimli barəsində Prezident Administrasiyasına məruzə olunduqdan sonra
oradan verilən göstəriş əsasında məhkəmə onun barəsində seçilmiş
həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə
qərar qəbul edib.
Müalicə olunmaq səbəbi ilə azadlığa
buraxılan O.Kərimli 2012-ci il iyunun 27-də Mərkəzi Klinikada ürəyindən
əməliyyat olunub. Qeyd edək ki, bu O.Kərimlinin üçüncü ürək əməliyyatı
idi. Onun ürəyinə 2 dəfə stend qoyulmuşdu. Üçüncü əməliyyat ürəyin tac
damarının 97 faiz daralmasından sonra aparılıb.
Mərhumun iki azyaşlı övladı var.
Allah rəhmət eləsin!