Samid Rzazade: "Alnımızın tərini silməyə vaxt olmadı"
Aydın Canıyev
+-40 üstündə adamın ürəyinə yağ kimi nə yayıla bilər? Əlbəttə ki... pivə! Özü də çex pivəsi! Amma və lakin... təəssüflər olsun ki, sükan arxasında olmaq qanunpərəst adamları məcbur edir ki, bilərəkdən özünü bu ləzzətdən məhrum etsin! Yerini isə mütləq doldurmaq lazımdır! Mən bu isti yay günlərində Əlisa Nicatı, Firuz Mustafanı, Vaqif Bayatlını oxumaqla kompensasiya edirəm: ruhi həzz cismani ehtiyacları unutdurur! Bu arada isə... əlimə Samid Rzazadə adlı bir gəncin şeirləri keçdi!
Bəri başdan deyim ki, gənc şairlərin-nasirlərin həyata baxış bucağından özünü saqqallı babalar kimi aparması, ritorik sualları, yaşına uyğun olmadığı bir yana, heç bir həyat təcrübəsi, sarsıntısı, həzzi yaşamadığı halda, özlərini Füzuli baba, Nəsimi baba, Baba Pünhan kimi aparmaları həddən artıq qıcıqlandırır, nə qədər istedadlı olsalar da, mənim üçün şair(ə)-nasir(ə) anlamı kəsb etmir!
Son vaxtlar Lənkəranda Ziya Dilsuzdan sonra Samid Rzazadənin (Kərgəlan kəndində yaşayır) şeirlərində görüntü müdrikliyi ilə (həqiqətən haçansa bizim müdrik imzalarımızdan biri olacağına inanıram, amma indi şeirlərində müdrikliyin görüntüsü var!) bərabər, HƏNİRTİ var - o qədər doğma gəlir ki, düşüncə hənirtisi, cumma-kərkinmə ədəbi (başqalarından fərqli olaraq, kor kələ kimi tullanmır e sətirlərdən oxucunun üstünə) o qədər məsumdur ki, adam istəyir klaviatura döyəcləyən barmaqlarından boylanan ar-abırın üzündən öpsün!
Burada bir haşiyə çıxım: 2000-ci illərin əvvəllərindən bu yana baxsaq, cüzi bir qismi istisna olmaqla, ədəbi imzaların 85-90 faizi tam tamına, ilk onanizm və masturbasiya performansı yapıb! Ədəbiyyatda da elə o ilk onanizm-masturbasiya üstündə performansları ilə qalıblar! YƏNİ: Prosesə qoşulublar, elə də qalıblar - kişiləşmə-qadınlaşma getməyib! "Cinsi aktivlik"-"yaradıcılıq potensialı" müdrikləşməyib, professionallaşmayıb, "seksual həzz"-"yaradıcı ehtizaz" nirvanaya çatmayıb! Odur ki, bugünkü ədəbiyyatda bəşəri "supermen"lərimizdən ("seks-bomba", "seks-simvol")-"kamil imzalar"ımızdan daha çox ədəbi "impotent-frigid" (gey, lesbiyan) kontingentimiz var!
Samid Rzazadəni oxuyanda... ədəbiyyat nəzəriyyəsinin bütün struktur və konstruksiya təlimatlarını, bəşəri-ideoloji tələbləri bir kənara qoyub, sadəcə... düşüncəyə dalırsan: bu hənirtidən, bu cəh-cəhdən - ədəbi özünütəqdimetmədən Azərbaycan poeziyasına kim gələ biləcək? Ehtimallar... bülbülün bülbül balası olacağını pıçıldayır: bilirsiniz də, bülbül üç yumurta üstə kürt yatır, o üç yumurtanın yalnız birindən bülbül çıxır, qalan ikisi... quyruqatan olur!
Dörd-beş şeirini-qəzəlini oxumuşam, qane edən odur ki, Samid mütaliəlidir, Samid düşünür, düşüncələrini bölüşməkdən çəkinmir, düşündürməyə cəhd edir, Samid demək istəyir...
Düşüncələrini, demək istədiklərinin ən sadəsini və doğmasını paylaşıram. Qalanı hesab edirəm ki, AYB Lənkəran filialının boynundadır - Samid Rzazadə ünsiyyətdən qaçır, yetər ki, son vaxtlar Lənkəran ədəbi mühitini canlandıran ağsaqqal imzamız Qafar Cəfərli başının dəstəsi - Ziyafət, Ağamir Cavad və başqaları ilə birgə, Samid Rzazadənin üzünə bir güzgü tutsunlar, üstünə Günəş hərarəti - ədəbi qayğını əsirgəməsinlər!
"Həyat çox yordu bizi, sevinc nədir, unutduq,
Nəfəs alıb ürəkdən gülməyə vaxt olmadı", - deyən Samid yaşından asılı olmayaraq, bizim bu gün yaşadığımız durumu tam şəkildə anlayır və çatdırır! Onun BELƏ SÜRƏTLƏ qocalmasının qarşısını almaq lazımdır!
Yazdığı qəzəllərinin birində "bir tikə çörək üçün zəhmətə qatlaşmaqdan alnımızın tərini silməyə vaxtımız olmasa da, dostun, düşmənin kimliyini müəyyən etməyin qeyri-mümkün olduğu dönəmdə bizə dostun da, sevginin də təmizi qismət olmadı" qənaətindədir Samid Rzazadə: istəməzdim bu "uğursuzluq" Samid Rzazadənin həm də alın yazısına çevrilsin! Qoy elə bir azcana zəif sayıla biləcək qəzəli kimi... zəif bəndimiz olsun!
Samid Rzazadə nikbinliyin, böyük idealların, bəşəri dəyərlərin tərənnümçüsü, təmsilçisi ola bilər - bu potensial var bu gənc oğlanda!
Hələ ki vicdanı var, vicdanı yerindədir - insan olaraq! Onu şair kimi də vicdanlı olmağa, qalmağa yardımçı olmaq lazımdır!
Axı...
Sən mənə boş yerə fikir verirsən,
Mən aciz biriyəm, özün görürsən!
Arzularla dolu həyat sürürsən, -
Mən onu məhv edə bilmərəm axı!
Dərdimi demədim mən dosta, yada,
Dözdüm sənsizliyə çətin olsa da,
Mənə görə niyə düşəsən oda, -
Mən belə səhv edə bilmərəm axı!
Ömrümdə qalacaq pak bir mələksən,
Qətiyyən dözmərəm - acı çəkəsən!
Gözünün bir damla yaşını töksən,
Özümü əfv edə bilmərəm axı!
Samid Rzazadə hələ ki... yanlışı olsa, özünü ittiham edə biləcək məsumluğunu, saflığını qoruyur!
Çox gözəl olar ki, biz ədəbiyyatımız, gələcəyimiz üçün abırlı, vicdanlı, ədəbli, eyni zamanda istedadlı bir imzanı yaradaq, yaşadaq!
Samid Rzazadə isə əvəzində... bizim üçün şeir yazacaq! Ondan bundan başqa heç nə istəməyək - haçan nəyi necə etmək lazım olduğunu o özü biləcək, zaman diktə edəcək!
Buna da onun potensialı var!
Hesab edirəm ki, iki qəzəlini də təqdim etsəm və siz oxusanız, sizə də xoş olar:
Gəzmişik hər səmti, öz ünvanımız yaddan çıxıb,
Dərdi çoxdan tapmışıq, dərmanımız yaddan çıxıb!
Bəsdir inkar eylədik, çox sözlərə böhtan dedik,
Zülmə göz yumduqca, öz vicdanımız yaddan çıxıb!
İlləri düzdük səfə, çox mübtəla olduq kefə,
Can deyərkən hər kəsə, öz canımız yaddan çıxıb!
Bənzəyib çox millətə, çox məzhəbə fəxr etmişik,
Ta əzəldən var olan ad-sanımız yaddan çıxıb!
Yerdə pul tapsaq, qoyub baş üstə, sultan etmişik,
Bax, odur ki, göydəki sultanımız yaddan çıxıb!
Baxmışıq ətrafa, çox insanda nöqsan tutmuşuq,
Amma ki, hər vaxt öz nöqsanımız yaddan çıxıb!
Keçmişi qoy bir yana, Samid, bu dövrandan danış,
Çünki çoxdan sən deyən dövranımız yaddan çıxıb!
****
Dəyişib dövran, o dövran deyil - əvvəlki kimi!
Səhv edən səhvinə peşman deyil - əvvəlki kimi!
"Qoca dünya" deyilən sirli, müəmmalı məkan,
Yaxşı insanlara meydan deyil - əvvəlki kimi!
Hər keçən gün gələcək dövrə giley bəsləyirik,
Deyirik "yaxşı güzəran deyil", - əvvəlki kimi!
Ta əzəldən bizim Adəm babamız səhv etdi deyə,
Yerimiz rövzeyi-rizvan deyil - əvvəlki kimi!
Gərək hifz eləyib ətrafını, bidar olasan,
Hər kəs öz mülkünə sultan deyil - əvvəlki kimi!
Kimdə var-dövlət varsa əgər, çıxır dağ başına,
Hörmətin qaynağı vicdan deyil - əvvəlki kimi!
Doğruluq, sadəlik əvvəlki dövrlərdə qalıb,
Samid öz dövrünə heyran deyil - əvvəlki kimi!
p.s. yazı-status ədəbi və həm də dost saytların yayımı üçün açıqdır! miq.az-da da yayımlanacaq!