ŞENER DANYILDIZ : “Qəlbim həmişə Azərbaycanla birgə döyünür”

ŞENER  DANYILDIZ :   “Qəlbim həmişə Azərbaycanla birgə döyünür”

Ulu əcdadlarının doğulub boya-başa çatdığı torpağa bağlılıq, milli təəssübkeşlik, mənsub olduğu millətin şərəfini uca tutmaq, qeyrətini çəkmək... Bütün bunlar TÜRK İNSANIna, xüsusən də AZƏRBAYCAN TÜRKLƏRİnə məxsus olan xüsusiyyətlərdir. Bu gün elə mən də belə bir  TÜRK İNSANIndan söhbət açmaq, ulu əcdadlarının doğulub uyuduğu doğma Azərbaycanımızı canı qədər, qanı qədər sevən dəyərli bir AZƏRBAYCAN TÜRKÜnü hörmətli oxucularımıza tanıtmaq istəyirəm. Təmiz, saf qəlbi vətən, torpaq sevgisi ilə döyünən, dili həmişə qürurla,

Dolaşdım dünyanı diyar ba diyar,
Yenə də bulamadım sənin kimi yar.
Sənə fəda olsun bu canım ki var,
Ey canımdan əziz can Azərbaycan !,


 söyləyən bu dəyanətl, ləyaqətli  insan Türkiyənin TRT televiziya kanalının Gener Müdirliyinin Quruluşçu Koordinatorluğunda çalışan, rejissor, prodüsser, şair və yazar ŞENƏR DANYILDIZdır !!!


Qəlbim həmişə Azərbaycanla birgə döyünür” – deyən Şenər Danyıldız AZƏRBAYCAN TÜRKLƏRİnin  ikinci  vətəni  olan   Türk   Respulikasında  doğulub.  Onun ulu əcdadları vaxtilə indiki Azərbaycan ərazisindən qardaş ölkənin Qars-Arpaçay bölgəsinə köç ediblər. Elə  Şenər bəy də 1973-cü ildə bu bölgədə dünyaya göz açmış və onun qayğısız uşaqlıq illəri məhz bu bölgədə keçmişdir. Yeri gəlmişkən, Türkiyənin bu bölgəsində (Qars-Arpaçay – A.N.) bu gün də çoxlu sayda Azərbaycan kökənli insanlar yaşayır.

 

Əvvəlcə Gülveren Litseyinin Humanitar biliklər və Ədəbiyyat bölməsini, sonra isə Açıq Peşə Təhsil Litseyinin  Elektrik-Elektronik Texnologiyası  Görüntü və Səs Sistemləri bölməsini müvəffəqiyyətlə başa vuran Şenər bəy  önlisans təhsilini Qazi universitetinin Atatürk Məslək Yüksəkokulunun avtomatlaşdırma texnologiyaları fakultəsində uğurla davam etdirmişdir. Şenər bəy hələ uşaqlıqdan ulu babalarının vətəni olan Azərbaycanı görmək, buranın qədim tarixini dərindən öyrənmək, onun adət-ənənələri, mili mədəniyyəti ilə yaxından tanış olmaq arzusu ilə yaşayır. Azərbaycanın Sovetlər Birliyinin tərkibində olması uzun müddət bu arzunun həyata keçməsini əngəlləsə də ölkəmizin öz dövlət müstəqilliyini əldə etməsi onun bu arzu və istəyinin gerçəkləşməsinə səbəb olur. Şenər bəy doğma Azərbaycanımızın ayrılmaz bir parçası olan Naxçıvanı ziyarət edir və ali təhsilini burada – Naxçıvan Dövlət Universitetinin “Filologiya və Tarix” fakultəsində davam etdirir.

 

1990-cı ildən başlayaraq Şenər Danyıldız Türkiyənin məşhur TRT kanalında müxtəlif layihələrdə çalışmağa başlayır. O, 1990-1992-ci illərdə bu kanalın musiqi proqramları bolməsində çəkilən “Dolinay” və “İştə Muzik”,  GAP Proqramları bölməsində isə “Paranın Hikayesi” və “Acısıyla Tatlısıyla Hayatımız Arabesk” adlı proqramların hazırlanmasında iştirak etmişdir.
1996-cı ildə 13 seriyalı “Cafe Casablanka” adlı serialda menecer kimi fəaliyyət göstərən  Şenər bəy 1998-ci ildə “Hersi Bir Düştü”, “Keloğlan Masalları” və “Guverçin Vadisi” seriallarında isə özünü prodüsser köməkçisi kimi  sınayır.  Az sonra o, “Fırtına Hayatlar” və “Kırmızı Işık” seriallarında  prodüser kimi , “Sivas Âşıklar Bayramı” ve “Halk Hikâyeleri” layihələrində isə rejissor və prodüser kimi fəaliyyət göstərir.

Şenər bəy televiziya və kino sənəti ilə yanaşı bir sıra bədii və publisistik kitabların da müəllifidir. Onun dini mövzuda qələmə aldiğı “Tevhid ve Ehl-i Beyt”, “İlmin Şehri”, “İlmin Kapısı”, “Garipler Ağası” və “Ey Dünya, Benden Uzaklaş!”, kino və səhnə ustalarının ilk günlərindən bəhs edən “Hey Gidi Günler”,  müxtəlif vaxtlarda yazdığı şeirlərdən ibarət “Hep Sen Varsın Aklımda” adlı  kitabları geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şenər bəyin  yazdığı şeirlərə mahnılar bəstələnmiş, onun  yol mövzusunda qələmə aldığı məqalələri isə bir çox jurnal və qəzelərtdə çap olunmuşdur.  Şener Danyıldız qardaş Türkiyədə Azərbaycan tarixinin, mədəniyyətinin təbliğ olunmasında xüsusi rolu olan bir şəxsdir. Azərbaycanın istedadlı yazarlarının, sənət adamlarının TRT kanalında verlişlərə dəvət olunmasında, onların Türkiyə ictimaiyyətinə tanıdılmasında onun müstəsna xidmətləri var. Azərbaycanın istedadlı və tanınmış  yazıçısı Həmid Arzulunun “Sınıq güzgü” adlı romanını  azərbaycan dilindən türk dilinə tərcümə edən Senər bəy bədii tərcümə sahəsində də uğurlu bir layihəyə imza atmaqla yanaşı, həm də Azərbaycan yazıçısının Türkiyədə  tanınmasında  xüsusi rol oynamışdır.

MESAM (Türkiyə Musiqi Əsərləri Sahibləri Məslək Birliyi) üzvü olan Şener Danyıldız bu gün də uğurla TRT kanalınım Dram Proqramları şöbəsinin quruluşçu koordinatorluğunda öz fəaliyyətini davam etdirir. Özünün dediyi kimi Şener bəyin ən böyük arzusu Azərbaycanın folklor nümunələri haqda silsilə verlişlər çəkmək, böyük Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığını lentə almaqdır.


Biz də öz növbəbizdə istedadlı yapımçı, yönetmen, şair, yazar Şener bəyə şəxsi həyatında xoşbəxtlik, yaradıcılıq yollarında isə yeni-yeni uğurlar diləyirik!!!

                       

AbbasNovruzov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az