“Sənətə təsadüfən gələnləri aktyor hesab etmirəm” - Müsahibə

“Sənətə təsadüfən gələnləri aktyor hesab etmirəm” - Müsahibə

Cəfər Namiq Kamal: “Yüzlərlə dərd çəkirik, ona görə aktyorlar az yaşayır”

Budəfəki müsahibim əməkdar artist Cəfər Namiq Kamaldır. Həyatını teatra həsr etmiş aktyor kimi sizin üçün teatr nədir? 

- Teatrda həyat var. Bu elə bir sənətdir ki, burada insanların həyatda başına gələn hadisələr canlanır. Biz başqalarının keçirdiyi hissləri yaşayırıq və ətrafdakılara yaşadırıq. Bizim sənət haqqında hər kəs danışa bilər, pisləyər, tərifləyər. Biz dünyaya yeni insan gətiririk. Bu sənətə təsadüfən gələnlər də var. Onları aktyor hesab etmirəm. Onları tanışlıqla qabağa çəkirlər, haqlarında yazırlar, pozurlar, tərifləyirlər. Gələcək nəsil bu tərifləri oxuyacaq və inanacaq, onları əsl sənətkar aktyor sayacaq.

- Niyə ölkəmizdə teatra maraq azdır? Demək olar ki, teatra gedən yoxdur. Bunun səbəbi nədir?

- Çox təəssüf ki, teatr haqqında anlayışı olmayan şəxslər teatr haqqında rəy bildirir. O insanlar heç teatrın qapısını da tanımırlar. Biz aktyorlar ömrümüzü teatra həsr etmişik. Bu sahənin bütün çətinliklərinə dözmüşük, əlimizdən gələni bu sənət üçün etmişik. 

- Aktyorluğa uşaqlıqdan həvəs və istedad lazımdır, yoxsa...?

- Aktyorluğa uşaqlıqdan həvəs və bacarıq lazımdır. Amma indi əsgər getmək istəməyən, universitetə balı çatmayan İncəsənət Universitetinə gəlir. Həmin insanların nə xarici görünüşü, nə bacarığı aktyorluğa yaramır. 

- Heç sevmədiyiniz bir obrazı canlandırmısınızmı?

- Şükür Allaha ki, belə halla qarşılaşmamışam. Hər zaman sevdiyim obrazları oynamışam. İnsan sevdiyi, bəyəndiyi obrazı canlandıranda, bütün ürəyini, canını qoyur o rola. Təbii ki, hər obraz aktyorun ömründən, canından gedir. Çünki o obrazın bütün həyatını yaşayır. Yüzlərlə dərd çəkirik. Ona görə də aktyorlar az yaşayır.

- Bugünki aktyorları necə, bəyənirsinizmi?

- Mən yalnız özümə cavabdehəm. Bəyənmədiyim iş olanda, oradan uzaqlaşıram. Vaxtımı sevmədiyim, ürəyimə yatmayan işə həsr etmirəm. Bəzi aktyorlar gəldi-gedərdir. Onlar zamanın süzgəcindən kecməyəcəklər.

- Seriallardan necə, təkliflər alırsınız?

- Bu günə kimi çox serialdan təklif almışam. Ssenarisinə başmışam, bəyənməmişəm. Çəkildiyim “Üç bacı” serialından təklif gəldiyi zaman 2-3 seriyanın ssenarisini oxudum və bəyəndim. Gərək aktyor oynadığı obrazı özünə rəva bilsin.

- Seriallarımızda sünilik var və onların əksəriyyəti tamaşaçı tərəfindən bəyənilmir. Sizin buna münasibətiniz necədir?

- Bu sənətdə təsadüfi insanlar çoxdur. “Mən filankəsin adamıyam” deyib kinoya çəkilirlər. Ona görə də belə sünilik yaranır. Hər zaman istedadlı adam ətrafına istedadlı, istedadsız adam isə istedadsızları yığır. Ona görə də hazırda seriallarımız qınaq hədəfinə çevrilib və bəyənilmir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az