Siyavuş Novruzovdan Qubad İbadoğlu ilə bağlı açıqlama: "Azərbaycan indiyə qədər təzyiqlə heç bir addım atmayıb"

Siyavuş Novruzovdan Qubad İbadoğlu ilə bağlı açıqlama:

"Guya hakimiyyət Qərbin təzyiqi nəticəsində geri çəkilib və Qubad İbadoğlunu ev dustaqlığına buraxıb. Qəti şəkildə belə deyil. Guya Əli Kərimlinin və Qərbin basqıları nəticəsində bu addım atılıb. Belə iddiaları qəsdən ortaya atırlar ki, gələcəkdə digərlərinə də məhkəmə formasında, qanunvericiliyə uyğun şəkildə baxılıb hər hansı qərar seçilməsin”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

Komitə sədri bildirib ki, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını məhkəmə verib: "Azərbaycan hüquqi dövlətdir. İstintaq davam etdirilir. Məhkəmə hələ bitməyib. Bitdikdən sonra bu məsələlər həllini tapacaq. Məhkəmə hansı qərarı qəbul edəcəksə, o qərar qüvvəyə minəcək. Azərbaycan indiyə qədər  təzyiqlə heç bir addım atmayıb. Bundan sonra da atmayacaq”. 

 


Qeyd: Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu ilin aprelin 22-də isə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az