Soyad sonluqları ilə bağlı yeni açıqlama

Soyad sonluqları ilə bağlı yeni açıqlama

NİZAMİ CƏFƏROV: «BU MƏSƏLƏYƏ PARLAMENTDƏ BAXILMAYACAQ»

ƏLİ ƏHMƏDOV: «BURADA BİR PSİXOLOJI BARYER MƏSƏLƏSİ VAR»

«Soyadların dəyişdirilməsi məsələsinə hazırda Ədliyyə Nazirliyində baxılır. Oradan bu məsələyə müəyyən reaksiyalar verilir. Məndə olan məlumata görə, yaxın zamanlarda bu məsələ ilə bağlı hər hansı qərar və ya sərəncam olacaq. Çünki artıq soyad sonluqları ilə bağlı məsələ yetişib. Bunu həll etmək vacibdir». Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov «veteninfo.az»a məlumat verib. Onun sözlərinə görə, ola bilsin ki, bu məsələyə Milli Məclis baxmasın: «Bunu Nazirlər Kabinetinin qərarı ilə həll etmək mümkündür. Amma bildirmək istəyirəm ki, hər hansı qərar qəbul edildikdən sonra deputatların da müəyyən fikirləri olacaq. Artıq cəmiyyətdə bu məsələ barədə bəzi mülahizələr mövcuddur. Soyad sonluqları məsələsi həm cəmiyyətdə, həm də Milli Məclisdə gündəmdə olub. Yəqin ki, dəyişikliklər hamının ürəyincə olacaq».

Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov isə bildirib ki, komissiya bu məsələ üzərində işləyir. Amma addım atmaq məsələsi hələ ki, öz həllini tapmayıb: «Mənim düşüncəmə görə, burada bir psixoloji baryer məsələsi var. Yəni, yaşlı, müəyyən qədər yaşı olan, özünü cəmiyyətə təqdim etmiş, tanınmış insanlarda bu, bir sıxıntı yaradır ki, artıq bu vaxta qədər tanınmış, özünü təqdim , özünü ifadə etmiş bir insan özünün soyadını dəyişib, məsələn, tutaq ki, filankəsov olsun indi filankəsli. Bunu mən müəyyən dərəcədə qəbul edirəm, amma bunun da yenə həlli yolu var. Ən azından biz belə bir qayda qəbul edəndən sonra yeni doğulan uşaqlar təzə qəbul olunmuş sistem əsasında – soyadlar sistemi əsasında qeydə alınar və beləlliklə də bu məsələ bir müddət sonra həll olunmuş olar. Əgər biz indi bunu toxunulmaz şəkildə saxlayırıqsa, demək o heç zaman həll olunmayacaq. Nəyə görə azərbaycanlılar Azərbaycan mentalitetinə və Azərbaycan tarixinə aid olmayan bir soyad sistemini daşımalıdır. Digər bir tərəfdən, burada söhbət təkcə soyadların arxasındakı rus sonluğunda deyil, bu sistem bütövlükdə rus sistemidir. Biz onu, sadəcə olaraq, o soyadın sonluğunda o rus sonluğunu götürməyi nəzərdə tutmuruq». Əli Əhmədov hesab edirki, bütün dünyada tətbiq olunan daha müasir, daha əlverişli soyad sistemi Azərbaycanda tətbiq olunmalıdır. Məsələn, Türkiyədə, o cümlədən digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu yöndə daha müasir sistemi tətbiq etməyə ehtiyac var: «Əgər onu biz bu gün həll etməsək, demək, biz həmin məsələnin həllini gələcək nəsillərin öhdəsinə buraxacağıq». YAP icra katibinin sözlərinə görə, bütün dünyada ad öndə gedir: «Birinci ad və ikinci soyad sistemləri olduğuna görə təbii ki, birinci ad qabaqda gedir, soyad olan ikinci ad ikinci yerdə gedir. Azərbaycanda bunu da etmək olar. Bu, çox asan, çox sadə bir şeydir. Yəni, bundan ötrü hər hansı bir qayda qəbul etməyə ehtiyac yoxdur. Sadəcə, bu, bir vərdiş kimi tətbiq oluna bilər. Soyad sisteminin dəyişdirilməsi isə  hesab edirəm ki, xüsusi  qaydaların qəbul olunması şəklində olmalıdır. Mənim bildiyimə görə, komissiya bir neçə ay işləyib, amma real olaraq nəticə ortada yoxdur. Elə yeri düşmüşkən onu da dedim ki, bu işlər öz həllini tapsın».

Fərid



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az