Taym-aut:Dünyanın ZÜMRÜD gözəlliyi
Dünyanın hər cür gözəlliyi var - əgər bu gözəlliyi görə bilsən. O gözəlliklərdən birinin adı həmişə dilə gələn zümrüd gözəlliyidi. Və bu dünyanın həm də... Zümrüd adında gözəli var.
Cəmi 6 yaşı var Zümrüdün, amma dünya boydadı gözəllikləri: məsumluğu, saflığı, gələcəyə və gələcəyinə inamı, şirin danışığı, iti ağlı, hazırcavablığı, atmacaları, ilk növbədə isə...
Uşaqları bəzən mələklər danışdırır - ağıl və yaşın önəmi qalmır, anlayırsan ki, bu sözü, fikri İlahi mələklərinin əliylə dedirtdi!
Zümrüd balanın da eləcə gözəl sözləri, fikirləri, oxumaq, oynamaq həvəsi, rəqsi saf və məsum körpə dünyasının ilahiliyini şirinləşdirir!
Uzun zaman illər gələcək, hər gələcək il öz yerini tutacaq. O gələcək illərin hər birində ən gözəl ay isə APREL olacaq - nə seçkilər, nə kosmonavtika günü önəm daşımaz... Sadəcə, APREL seviləcək: Zümrüdün ayı - yarısınacan dünyaya gəlişinin gözləntisiylə, yarısından sonra artıq dünyaya gəldiyinə görə!
Zümrüd xanımı Həsənovlar ailəsinin sevinc payı kimi təqdim etdik!
Amma İlahinin mərhəmətinə ümidlə bildiririk ki, zaman Azərbaycanın Zümrüd adında gözəli və gözəlliyiylə də öz sevinc payını alacaq!
Təbriklər, dünyanın sifəti və ismi Zümrüd xanım!
TƏBRİKƏ SÖZARDI: Dünyanın çəkilməz yükü və ağır olayları var. Çox vaxt nə çiyin vermək olur, nə də yayınmaq. Bax son bir həftə də bu acıları yaşatdı və... Əliməmməd babasıyla birləşib Zümrüd xanımın varlığıyla bu acıları sıfıra vurduq!
Hər hansı fb statusundan, hər hansı analitik və publisistik yazıdan, şeir parçasından, roman fraqmentindən daha dəyərli oldu bu sevinci bölüşmək!
Bir daha və yenidən... təbriklər!
Aydın Canıyev
Miq.Az