Televiziyada uğurlu kariyera necə qurular?-Fərqli baxış

Televiziyada uğurlu kariyera necə qurular?-Fərqli baxış

Hər bir sahədə uğurlu kariyera qurmağın öz çətinliyi var. Televiziya da belədir. Bu sahədə peşəkar olmaq üçün müəyyən mərhələri aşmaq lazım gəlir. Televiziyada  uğurlu kariyera qurmağın  çətinliklərini öyrənmək üçün Azərbaycan teleməkanının tanınmış aparıcılarına müraciət etdik.  Xəzər Televiziyasının aparıcısı Billurə Aslanqızının sözlərinə görə   televiziyada kariyera qurmaq üçün birincisi işi həddən artıq sevməlisən: “ O qədər sevməlisən ki, çox şeyi ona fəda edə biləsən. Çünki televiziya işi həm gərgin, həm də mürəkkəb işdir. Amma düşünürəm ki, qadın olaraq danışıramsa, ailə ön plana keçirsə, kariyera bir pillə geriləyir”.  B. Aslanqızına deyir ki, çətinlik həm də jurnalistin hansı sahəni çalışması ilə bağlı ola bilər: “Məsələn siyasi sahənin öz çətinlikləri, mədəniyyət sahəsinin başqa çətinlikləri var. Mənim üçün çətinlik sadəcə ailəmlə bağlıdır, mən ailəmə daha çox vaxt ayırıram televiziyadakı fəaliyyətim  ailəmdən sonra gəlir”. Lider televiziyasının əməkdaşı Mehman Mehdiyev hesab edir ki, televiziyada kariyera qurmaq o qədər də asan deyil: “ Birincisi jurnalist istededlı olmalıdır. İkincisi isə həmin o istedadı qiymətləndirə bilən insanlar. Bu mərhələdən sonra jurnalist kariyera qurmağa başlaya bilər”. M. Mehdiyev deyir ki, televiziyada çalışmaq üçün  təhsilin  və intellektual imkanların bacarığını tamamlamalıdır: “ Bütün bunlar cəmləşəndən sonra mənə elə gəlir ki,  televiziyada kariyera qurmaq elə də çətin deyil. Bacarığı, istedadı olan və bu bacarıq və istedadı təqdim edə bilən hər kəs televiziyada kariyera qura bilər”. Telejurnalist bu sahədə kariyera qurmaq istəyənlərə öz məsləhətlərini də verir: “Əgər saydığım çətinliklər dəf edilə biləcəksə onda televiziyada kariyera qurmaq elə də çətin olmayacaq. Əvvəlcə qarşılaşdığınız çətinliklər sizin imzanızı formalaşdırmağa imkan verirsə,  sonralar qazandığınız o ad sizin televiziya fəaliyyətinizdə bir növ yardımçı olub kariyera qurmağınızda sizə köməklik göstərəcək”.  İctimai televiziyanın əməkdaşı Cəsaret Valehovun fikrincə, kariyera bir az ümumi anlayışdır: “Bəzən kənardan elə görünə bilər ki, televiziyada kariyera qurmaq daha rahatdır. Çünki insan efirdən görünür, onu tanıyırlar və tanıdıqlarına görə də hörmət edirlər. Bunun nəticəsində insan kariyeranın müəyyən pilləsində məkanlaşır.” C. Valehov deyir ki, televiziyada aparıcı göz önündə olmalıdır: “Tamaşaçı televiziya aparıcısını gözü önündə görmək istəyir, əgər görə bilmirsə onu yaddan çıxır. Bu baxımdan kariyerada müəyyən sürüşkənlik yaranır. Mən bunu stabil bir kariyera kimi görə bilmirəm”.  Media tənqidçisi Zeynal Məmmədli hesab edir ki, jurnalistikada kariyera qurmaq digər sahələrlə müqayisədə fərqlənir: “Jurnalistikada sən adi bir reportyor ola bilərsən amma çox məşhur olduğundan heç menecerliyə getməyə bilərsən. Və istənilən televiziya menecerindən çox pul qazanarsan. Əgər  düşünürsənsə mütləq bu televiziyanın sahibi olacaqsan bu  jurnalistikada kariyera demək deyil. Azərbaycanda hələ elə bir mükafatı yoxdur ki, onu almaq birmənalı qarşılansın və  sənin jurnalist kimi uğurun sayılsın. Biz cavan dövlətik, çox az yaşımız var. Bu yolda hələ bir xeyli irəliləməli olacağıq”.  Zeynal Məmmədli vurğuladı ki, teleziyada kariyera qurmağın çətinlikləri çoxdur: “Azərbaycanda jurnalistika ilə kariyera qazanmaq üçün söz və mətbuat azadlığının  vəziyyəti, sərhədləri, reklam bazarının olub-olmaması rol oynayır. Heç bir korporativ maraq güdmədən sən adi seyrçilərin rəğbətini qazanmaqla nüfüzün olacaq-olmayacaq? Bax bu Azərbaycan şəraitində çox böyük çətinlikdir. Nə qədər ki, söz və mətbuat azadlığı Azərbaycan şəraitində təmin olunmayıb, Azərbaycanda inhisar var, Azərbaycan məkanında təkcə jurnalistikada deyil digər peşələrdə də peşəkarlıq olmayacaq”.

Gülnar Bəşirova



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az