Kanadanın Toronto şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi və Azərbaycan Incəsənət və Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan Günü” təşkil edilmişdir.

Vətəninfo.az xəbər verir ki, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Ontario əyaləti Parlamentinin üzvü Cek Maklaren (Jack Maclaren) iştirak etmişlər.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin genişləndirilməsi, ölkəmizin Kanadada düzgün təbliğ olunması, ölkəmizlə bağlı həqiqətlərin Kanada və dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli qurulması, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsinin Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirmişdir. O, həmçinin düşmənlərimizin provokasiyalarına qarşı mübarizədə cəmiyyətlərimizin birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulamışdır.
Sonra söz Ontario əyaləti Parlamentinin üzvü Cek Maklarenə verilmişdir. O, dəvət üçün minnətdarlığını bildirmiş və üzv olduğu partiyanın (Progressive Conservative Party of Ontario) lideri Patrik Braunun da (Patrick Brown) Qurtuluş günü münasibətilə təbriklərini iştirakçılara çatdırmışdır. O, çıxışında xüsusi ilə qeyd etmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və məşəqqətli olmuşdur. O zaman vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etmiş və 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində o, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bundan sonra Azərbaycan dinc və sabitlik və davamlı inkişaf yoluna qədəm qoymuşdur.
Çıxışlardan sonra konsert proqramı başlamış, burada Azərbaycan xalq mahnıları səsləndirilmiş, vətənpərvər şeirlər oxunmuş və milli rəqslər nümayiş etdirilmişdir. Konsert proqramı çərçivəsində Azərbaycan Incəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də çıxış etmişlər.
Tədbirdə, həmçinin qonaqlara Azərbaycan yeməklərini və şirniyyatlarını dadmaq imkanı yaradılmışdır.