Türk sözündən qorxan gəda

Türk sözündən qorxan gəda

Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!

Otuz yeddinci ilin lap dibinin xıltısan.

Sən neçənci ildənsən?

Qırxıncıdan?

Nə fərqi?

Hələ heç doğulmamış qorxuludur qorxaqlar.

Bütün cinayətlərdə qorxağın barmağı var.

Sənin kimilərini süpürməsək cahandan.

İnan, bir də qayıdar bəlkə o qırğın, o qan.

Sənə xitab etməyi ar bilsəm də özümə,

Gərək davam eləyim başladığım sözümə.

Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm.

Ərzin ən böyük çayı Nilə bənzəyən Türkəm.

Azərbaycan Türküyəm, bu soyun şah budağı.

Neçə-neçə eranın köksümdədir qaynağı.

Ərzin buz laylarını əridən qüdrət mənəm.

Daş dövrünü yaşayan, tunc dövrünü yaşayan,

Dəmir dövründə polad əridən hikmət mənəm.

Avropanı oyatdı Atillanın qılıncı

O qılıncı Füzuli qələminə çevirən

Cürət, ləyaqət mənəm.

Raketlərin anası arabanı kəşf edən,

Nə qədət üsullara: yunanlara, ruslara,

Tunquslara, lehlərə, almanlara, çexlərə

Min-min sözü bəxş edən bəşər atası Türkəm!

Qulaq as ey əqli kəm:

Məndən başlanır tarix.

Tarix qədər qocaman, tarix qədər mürikəm.

Türkəm neçə millətə öz qanımı vermişəm.

Dənizlər bətnimdədir, ümmanımı vermişəm.

Get dolan Kamçatkanı, Alyaskaya gedib çat.

Amerikaya kəmənd at, orda rişəm var mənim.

Dillərini araşdır,

Öz doğmaca balamdır qədim hindular mənim.

Mən cığır yox, tarixin kəhkəşan tək yoluyam.

Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.

Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm.

Türküstanda Fərabi, İraqda Nəsimiyəm.

Bir qanadım Nəvai, o biri Yunus İmrə.

Öyrən, hansı məqamda endim səmadan yerə.

Neçə millətin saçı əllərimlə darandı.

İohan, İvan sözləri

Bizim “xan”dan yarandı.

Uluq – Oleq qardaşdır, bəs Uğur – İqor necə?

Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.

Volqa – İrtış, Yenisey, Qızılirmaq – qollarım.

Ərzin şah damarıdır mənim döyüş yollarım.

Yox biganə qalmadım nə xeyirə, nə şərə

Mən «Человек» sözünü bəxş elədim bəşərə.

Sınırlanma boş yerə,

Türkə qarşı tuşlanmış casuslar görmüşəm mən.

Bulanlıqkən durulmuş.

Öyrənərkən ayılıb özü Türkə vurulmuş.

Türkəm.

Bircə həyatım yetmiş dəniz yelkənim

Sən get anandan öyrən kimdən qazanmış səni.

Xəlil Rza ULUTÜRK



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az