Türkiyədən Avropaya qaçqın axını yenidən başlayıb
Türkiyədən Yunanıstana keçən suriyalıların və digər qaçqınların sayı yenə sürətlə artmaqdadır. Bir neçə ay öncə Avropaya qaçqın axınını önləməyi hədəfləyən razılaşmanın iflasa uğramaq üzrə olduğu görünür. Bunu «The New York Times» qəzetində Ceylan Yeginsu yazır.
Bu yaxınlaradək Türkiyə və Avropa Birliyinin imzaladığı bu saziş miqrant böhranını səngitmiş kimi görünürdü. Avropaya axın azalmışdı, Avropanın sağ mərkəzçi siyasətçilərinin miqrasiyayla bağlı Avropa liderlərinə təzyiqi də azalmış kimiydi.
«Amma indi durum dəyişib. Ötən həftə Yunanıstana minlərlə miqrant gedib, onlara suriyalı, əfqan, pakistanlı və iraqlılar daxildir. Bu, bir həftə öncəkindən təxminən iki dəfə çoxdur. Bu barədə BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı bilgi yayıb. Düzdür, ötən il böhranın pik vaxtında Yunanıstana gündə 1700 qaçqın gedirdi, amma razılaşma əldə olunandan artıq günə 50 nəfərə düşmüşdü», - müəllif yazır.
ADAMBAŞINA YOL XƏRCİ AZALIB
Amma məqalədə qeyd olunur ki, miqrant sayının niyə artdığı bəlli deyil. Onlardan çoxu bir müddətdir Türkiyədə yaşayırlar və çətin də olsa, artıq oturuşmuş kimiydilər. Bəlkə də eşitmişdilər ki, Avropa həmin razılaşma çərçivəsində milyardlarla dollar yardım ayıracaq. Amma indi o yardıma da təhlükə yaranıb.
«Bəziləri, ola bilsin, bir neçə aydan sonra Avropaya getmək arzusunu gerçəkləşdirməyə çalışır, axı Yunanıstan da daha əvvəlki kimi çoxunu Türkiyəyə qaytarmır. Amma digərləri bunu sırf iqtisadi səbəblərdən də edə bilər. Nə vaxtsa Avropaya getmək adama 1500 dollara başa gəlirdisə, bu yaxınlarda bu qiymət adambaşına 500 dollaradək düşüb. Bu, havaların soyumasıyla bağlı ola bilər. Amma aydın görünən odur ki, Türkiyədə uğursuz çevriliş cəhdindən sonra Avropayla yaranmış gərginlik miqrant sazişini təhlükə altında qoyur və Avropa yeni bir böhranla üzləşə bilər», - müəllif yazır.
44 yaşlı suriyalı Mohammad Ibrahim deyir ki, bu razılaşma kağız üzərindədir və əslində, daha miqrantları Türkiyəyə qaytarmırlar. «İndi getmək vaxtıdır», - o söyləyir.(azadlıq.org)
Miq.az